Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Qafqazın sənət məbədi – Cəbiş müəllim Şuşa haqqında

Abunə olmaq
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, bu il “Şuşa İli” elan edilib. Sərəncam Qarabağ hökmdarı Pənahəli xan tərəfindən Şuşa şəhərinin əsasının qoyulmasının 270 illiyinə həsr olunub.
Bu gün Şuşa kimi tanıdığımız şəhər salınarkən ilk əvvəl adı xanın şərəfinə Pənahabad olub. Onun Şuşa adlandırılması ilə bağlı müxtəlif versiyalar var. Bunlardan ən məşhuru şəhərin yaxınlıqdakı Şuşakənd şərəfinə belə adlandırılımasıdır.
Digər versiyaya görə, Şuşa sözünün Şuşakəndlə heç bir əlaqəsi yoxdur və Şuşa “şüşə” sözündən götürülüb. Xalq rəvayətinə görə, bu yerlərin havası büllür kimi saf olduğuna görə şəhər Şuşa (şüşə) adlandırılıb.
Şüşə versiyasını tarixi hadisə də təsdiqləyir: Böyük hökmdar Ağa Məhəmməd şah Qacar Şuşaya ilk hücumu zamanı 85 minlik qoşunla şəhəri 33 gün mühasirədə saxlasa da ala bilmir. Bundan qəzəblənən Qacar Qarabağ xanına belə bir şeir göndərir: "Fələyin mancanağından fitnə daşları yağır, sən isə şüşə içində oturmusan".
Burada Qacar kənardan baxarkən qalanın xatırlatdığı formanı nəzərdə tutub.
Azərbaycanda çox məşhur olan “mıxın mismara çevrilməsi” məsələsi də Qacarın Şuşaya hücumu ilə bağlıdır.
Bu dəfə şəhəri ələ keçirən Qacar əmr edir ki, şuşalı dəmirçilər sabaha qədər onun atları üçün 40 min nal-mıx hazırlasınlar, əgər hazırlamasalar, səhər hamısı asılacaq.
Gecə Ağa Məhəmməd şah Qacar sui-qəsd nəticəsində öldürülür.
Səhər Şuşanın baş dəmirçinin darvazası döyülür. Qacarın ölümündən xəbəri olmayan dəmirçi 40 min nal-mıxı hazırlaya bilmədiyinə görə, edam ediləcəyini düşünüb ailəsi ilə halallaşaraq qapıya gedir. Qapı açılanda şahın əsgəri deyir ki, hökmdarın tabutuna vurmaq üçün 4 mismar lazımdır. Kişi əlini göyə qaldırıb deyir: Şükür sənə, ey mıxı mismar döndərən Allah.
Şuşaya səfər edən yadellilər heç də həmişə Qacar kimi məkrli niyyətə malik olmayıblar. 1865-ci ilin mayında Şuşaya səyahət edən məşhur rus rəssamı Vasili Vereşşaginin Şuşanın təsvirləri əks olunan silsilə rəsmləri şəhərin o dövrlərə aid mənzərələrini əbədi olaraq tarixə həkk edir.
“Şuşa məscidi”, “Şuşada məhərrəmlik”, “Müsəlman məktəbi”, “Şuşada varlı azərbaycanlının qonaq evi” və s. kimi adlar daşıyan bu tablolar indi də muzeylərdə saxlanır.
Biz Şuşa adının mənşəyindən artıq danışdıq. Qeyd etməliyik ki, Şuşanı qonşu ölkələrdə “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziya konservatoriyası” kimi adlarla da tanıyıblar.
Çünki Şuşa Azərbaycanın bir çox musiqiçisi, xanəndələrinin və bəstəkarların vətənidir. Bunlara Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və başqaları aiddir. XVIII əsrin əvvəllərindən başlayaraq Şuşa Qafqazın ən mühüm mədəniyyət mərkəzlərindən birinə çevrilib.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0