Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Milli metamorfoz: Şairin “wayir”ə, şeirin “weyir”ə çevrilməsi

© AFP 2024 / INDRANIL MUKHERJEEÇap maşını, arxiv şəkli
Çap maşını, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.01.2022
Abunə olmaq
Bir daha anladım ki, Azərbaycanda yaradıcılıqla məşğul olmaq zülümdən başqa bir şey deyil.
– Salam şair, Əmrulladır zəng edən. Uşaqlıq dostun. Necəsən? Nə var, nə yox, kefin, halın?
– Salam. N...
– Allah haqqı, bütün qohum-qardaş səninlə fəxr edir. – Əmrulla cavab verməyimi gözləmədən üyüdüb-tökür. – Qardaşım, sən çox zor şairsən. Bütün nəslimizə tapşırmışam ki, ancaq sənin şeirlərini oxusun.
– Çox...
– İnanırsan, səninlə fəxr edirəm. Belə şeirlərdən çox yaz, qardaşım!
– O..
– Qardaş canı, sənin qələmindən yoxdur da, babat yazırsan ha!
– Çox sağ ol! – Nəhayət cümləni sona çatdırmağıma imkan verir.
– Sən sağ ol, brat, sən sağ ol! Filankəsə (Məşhur qiraətçilərdən birinin adını çəkir) 20 dəfə mesaj yazmışam, cavab vermir. Sənin şeirlərini də səsləndirib. Deyirəm, bəlkə, səndə başqa nömrəsi olar. Qardaşım, sən dahisən e, dahi!
– Yo...
– Yox demə, inciyərəm. Pulu ilə deyil, qardaş? Hamıya necə, mənə də elə. Pulumu verəcəm, şeirlərimi səsləndirsin. Sən canın, sənin üçün neçəyə səsləndirir?
– Pul...
Cavab verə bilmədiyim üçün əsəbləşirəm. Bu yaramaz elə düşünür ki, mən şeirlərimi səsləndirmək üçün kiməsə pul verirəm. Tövbə, tövbə! Bir siqaret yandırıb dayanacağın arxasına keçirəm. Bəli, bu qəfil zəng məni dayanacaqda, avtobus gözləyərkən yaxalayıb. Mən Əmrullanı yadıma salmağa çalışdıqca, o, dil-boğaza qoymur.
– Bilirsən, qardaş. Özüm də səsləndirirəm. Mən 10-15 manata səsləndirirəm. Əslində heç ondan da pis deyil avazım. Amma prinsip məsələsidir e, istəyirəm filankəsin avazıyla da şeirlərimi dinləyim. Özüm ölüm, sən əntiqə şairsən! Sən canın, ver də onun nömrəsini...
– Ay kişi, bir sus da! – Səsimə ətrafdakılar dönüb baxırlar. – Kimsən sən?
– Əmrulla...– Telefonun o tərəfindəki səs qəfildən toxtaqlaşır, adamın diksindiyini təxmin edirəm. – Uşaqlıq dostun Əmrulla. Yadındadır, uşaq vaxtı şeirlərini oxuyurdun?
– Əmrulla, nə istəyirsən məndən? Mən uşaqlıqda şeir yazmamışam.
– Yazmısan, yazmısan. “Prosto” yadından çıxıb. Filankəsin nömrəsini ver də. Pulu ilə deyil? “Zakaz” eləyəcəm, şeirlərimi oxusun. Qardaşımsan, ver də onun nömrəsini. Şeirlərimi səsləndirsin də, bəyəm pulu ilə deyil? Yadındadır, uşaq vaxtı...
– Yox, Əmrulla şair, pulu ilə deyil. – Özümü ələ almağa çalışdım. – Sən yazmağa davam elə, o filankəs özü səni tapıb, cibinə pul qoyub şeirlərini səsləndirər.
– Doğrudan? Ala, sən qardaşsan! Öpürəm! Görəndə mənim nömrəmi ver ona, de ki, mənə zəng eləsin. Mən ona şeirlərimi pulsuz da verərəm.
– Vermə, şair Əmrulla, vermə! Şeirini qiraətçilərə, aktyorlara sat. Yoxsa sənin hesabına pul qazanıb, varlanacaqlar. Sənətin, ədəbiyyatın inkişafı naminə, şeirlərini sat. Pul qazan, şair!
– Yaxşı fikirdir, qardaşım. Var olasan, bütün qohum-qardaşa, nəslimizə demişəm ki, sənin şeirlərini oxusunlar. Sən zor şairsən! Allaha and olsun, sənin şeirlərini oxuyanda uyuram da...
– Uyma, Əmrulla şair, uyma. Şeirlə uymazlar, şeiri duyarlar...
– Hə...Şeir...duymaq...
– Əmrulla şair, daha çox hansı janrda yazırsan?
– Şeir...şair...janr...hansı...
– Yaradıcılığına daha çox hansı şairlər təsir edib?
– Yar...şeir...şair...
– Ay sağ ol, Əmrulla şair. Özünə yaxşı bax, filankəsə tapşıracam, hökmən sənə zəng eləsin!
– Şair...
***
Telefonu söndürüb, dərindən nəfəs aldım. Ha illah elədimsə, zəng edən adamı yadıma sala bilmədim. Ya yaddaşım müxənnətlik edirdi, ya da keçmişimə dönük çıxıb, uşaqlıq dostlarımı unutmağa başlamışdım. İkincisinin ola biləcəyi ehtimalını düşünüb, özümdən utandım. Hər ehtimala qarşı Əmrullanın nömrəsini telefonuma qeyd etdim ki, bir də zəng eləsə, açmayım. “Uşaqlıq dostumun” şeirə, ədəbiyyata bazar təfəkkürü ilə yanaşması məni xeyli duyğulandırdı. Deməli, qiraətçilərə “ədəbiyyat bazarında” ciddi tələbat var. İlahi, şükür kərəminə!
***
Gecə başımı yastığa qoyanda anladım ki, mənim üçün şeirin əvvəlki ləzzəti, dadı-duzu qalmayıb. Şairi şoumenə çevirib oynadanlar, adını belə düz yaza bilməyənlərin uydurduğu sərsəmləmələri şeir kimi tirajlayanlar, səsinə bir az həzinlik, bir az kədər qatıb hər qarşısına çıxan mətni şeir adı ilə səsləndirənlər isə şeirin qatilləridir. Mən and içə bilərəm ki, şeiri gözdən salanlar içindəki bütün gözəl hissləri çoxdan öldürmüş kərgədanlardır. Bizə şeir adıyla sırınanlar cəfəngiyat, şair adıyla təqdim edilənlər isə boşboğazlar, qiraətçi adıyla özünü gözə soxanlar isə avaralardır. Artıq qəzetlərdə, internet saytlarında oxuduğumuz, sosial şəbəkələrdə dinlədiyimiz şeirlərdən əvvəlki ləzzəti almaq mümkün deyil. Şeirin dadını qaçırıblar bu duzsuzlar. Duzsuz dedim, yenə yadıma Əmrulla düşdü. Başımı yorğana bürüyüb, şeiri də, qiraəti də, Əmrullanı da unudaraq yuxuya getdim.
***
Səhəri Əmrullanın mesajıyla açdım.
“wayir, weyirini seslendirmiwem. Qardawimsan gor necedi? Bir azdan qoyacam yutuba, qoy xalq da dinleyib uysun”
Əmrullaya cavab yazmağa taqətim olmadı. Elə bil, bütün sözlər məndən küsmüşdü.
Və bir daha anladım ki, Azərbaycanda yaradıcılıqla məşğul olmaq zülümdən başqa bir şey deyil.
Xəbər lenti
0