SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Ermənistan sərhədinin təyini: bir xəritə olmayacaq

© State Border Service of Azerbaijan RepublicSərhəd
Sərhəd - Sputnik Azərbaycan, 1920, 22.01.2022
Abunə olmaq
Politoloq Nazim Cəfərsoy deyib ki, proses ərzində problemli məqamların müvəqqəti olaraq geri plana çəkiləcəyini düşünür.
BAKI, 22 yanvar — Sputnik. Artıq bir neçə gündür, həm Azərbaycan, həm də Ermənistan tərəfindən iki ölkə arasındakı sərhədlərin delimisiya və demarkasiya prosesinə başlamaqla bağlı pozitiv açıqlamalar verilir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan ölkəsinin Azərbaycanla dövlət sərhədinin demarkasiyası işlərinə şərt irəli sürmədən başlamağa hazır olduğunu bildirib.
Sputnik Azərbaycan tərəflərin açıqlamalarının diplomatik masadakı perspektivlərini araşdırıb. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Nazim Cəfərsoy fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyev deyib ki, ilk növbədə prosesə başlamaq üçün hər iki ölkənin rəsmilərinin iştirakı ilə komissiyalar fəaliyyətə başlamalıdır.
Onun sözlərinə görə, həmin komissiyaların ümumi rəyindən sonra konkret nəticə almaq mümkündür:

"Hazırda deyilən istiqamətdə işlər gedir və müsbət tendensiya var. Prosesdə regional dövlətlərin də maraqlarının olmasını gözardı edə bilmərik. Rusiya tərəfindən verilən son bəyanatlar da göstərir ki, onlar da bu prosesin başa çatmasında maraqlıdırlar. Rusiyada və Avropada bu məsələ ətrafında tərəflərin keçirdiyi görüşlər də birmənalı olaraq prosesin irəli aparılması üçün imkan yaradıb".

Политолог Арзу Нагиев - Sputnik Azərbaycan
Arzu Nağıyev
Millət vəkili
Arzu Nağıyev hesab edir ki, proses başa çatmadığı müddətdə Ermənistan tərəfinin sərhəddəki təxribatları davam edəcək: "Ermənistan tərəfi müharibədəki məğlubiyyətdən sonra strateji yüksəkliklərdən məhrum olub. İndi təxribatlarla öz postlarını əlverişli yüksəkliklərə çəkmək istəyir. Təxribatlar isə itkilərlə nəticələnir. Təxribatların qarşısının alınması üçün beynəlxalq təşkilatlar və hegemon dövlətlər də bəyanatlar səsləndirir. Ancaq məsələnin yeganə həll yolu sərhədlərin delimitasiya və demarkasiyasından keçir".
Politoloq Nazim Cəfərsoy isə bildirib ki, verilən bəyanatlar delimitasiya və demarkasiya ilə bağlı məsələlərin yeni bir mərhələyə keçdiyini göstərir: "Son bəyanatlardan da məsələ ətrafında müsbət tendensiya olduğunu görürük. Artıq məsələnin daxilindəki konkret mövzular ətrafında müzakirələrin getdiyi ortaya çıxır. Ermənistan tərəfi çalışır ki, Qarabağın bu prosesə aid olmadığını qəbul etdirsin. Azərbaycan tərəfi isə Ermənistana öz ərazi bütövlüyünü qəbul etdirməkdə israrlıdır. Mənim fikrimcə, hazırda razılaşmaya mane olan ən problemli nöqtə budur".
Nazim Cəfərsoy deyir ki, proses baş tutacağı təqdirdə orada bir maddə təsbit olunmalıdır ki, tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyırlar: "O da Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi qəbul edilməsi deməkdir. Amma düşünürəm ki, Ermənistan tərəfi gec, ya tez bunu qəbullanacaq. İkinci məsələ isə sərhədlərin hansı xəritələr əsasında müəyyənləşməsidir".
"Delimitasiya və demarkasiya məsələsində ümumi uzlaşma belə idi ki, SSRİ dövründəki xəritələrdən istifadə olunacaq. Tərəflər məsələni hərbi xəritələr üzərindən həll etməyi qəbul edirlər. Həmin xəritələr Rusiya Baş Qərargahında mövcuddur. Əslində düşünürəm ki, bu xəritələr Azərbaycanda da var", – deyə politoloq bildirib.
O qeyd edib ki, proses həmçinin geosiyasi əhəmiyyət kəsb edir:

"Rusiyanın da prosesdə iştirakı məqbul hesab edilir. Azərbaycanda Sovet hakimiyyəti qurulanda indi mübahisəli məqamlar kimi göstərilən ərazilər Azərbaycan sərhədləri daxilində idi. Hər iki ölkə SSRİ-yə daxil olduqda isə xəritələrdə dəyişiklik olmuşdu. Tərəflər arasında uzlaşmazlıq yaradan digər məqam da hansı xəritələrin istifadə olunması ilə bağlıdır. Mənim fikrimcə, ona görə də bu məsələdə bir xəritədən istifadə olunmayacaq".

"Digər problem anklavlarla bağlıdır. Mən səhnə arxasında müzakirələrin onlar ətrafında da aparılması düşüncəsindəyəm. Bu ilin ortasına qədər məsələ ilə bağlı komissiyanın qurulacağı və müzakirələrin başlayacağı qənaətindəyəm. Proses ərzində problemli məqamların müvəqqəti olaraq geri plana çəkiləcəyini düşünürəm", - deyə Nazim Cəfərsoy qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun:
* Azərbaycan Ermənistandan cavab gözləyir - Hikmət Hacıyev
* Azərbaycan və Ermənistan arasında sülh barədə qarşı tərəfdən açıqlama
Xəbər lenti
0