Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dərman və dolların qiyməti müəyyən olundu - Azəriqaz isə sayğacları dəyişir - İCMAL

© Drew Angerer/Getty Images/AFPƏlində çanta olan şəxs, arxiv şəkli
Əlində çanta olan şəxs, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.01.2022
Abunə olmaq
Bankların dolların alış qiymətini qaldırması, "Azəriqaz"ın smart-kart tipli sayğaclardan imtina etməsi, külək elektrik stansiyasının inşası Sputnik Azərbaycan-ın həftəlik icmalında.
BAKI, 15 yanvar — Sputnik. Azərbaycanda baş verən mühüm iqtisadi hadisələri oxucuların nəzərinə çatdırırıq. Yola saldığımız həftə "Xızı-Abşeron" külək elektrik stansiyasının təməlinin qoyulması, dövlət başçısının yerli televiziya kanallarına müsahibəsi, Tarif Şurasının iclası mühüm hadisələrdir.
Dövlət başçısı Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində
Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Bu stansiya ən böyük elektrik stansiyası olacaq
Prezident bildirib ki, bu stansiya Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verəcəkdir. Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavatdır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda, çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaq. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaq. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır...
İlham Əliyev çörəyin bahalaşmasına münasibət bildirib
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, çörəyin qiymətinin qalxması qaçılmaz idi: "Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir".
Uzun illər ərzində manat sabitdir
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib ki, Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir: "Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Əlbəttə ki, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər".
Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcək
"Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və eyni zamanda, daxili tələbat da artır və artacaq. Biz daxili tələbatı ödəyirik. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Qeyd etdiyim kimi, 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına. Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda, Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, "Şahdəniz"in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq", - İlham Əliyev qeyd edib.
Azərbaycanın valyuta ehtiyatları 2,5 milyard dollar artıb
"Bizim valyuta ehtiyatlarımız artıb. Baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində". Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.
"Ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb", - dövlət başçısı vurğulayıb.
Azərbaycanda universal poçt rabitəsi üzrə tariflər dəyişdirilib
Tarif (Qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Şuraya müraciət edərək universal poçt rabitəsi xidmətləri üzrə mövcud tariflərin 2011-ci ilin yanvar ayında təsdiq edildiyini, tariflərin təsdiqindən ötən müddət ərzində "Azərpoçt" MMC-nin ümumi istismar xərclərinin, о cümlədən poçtun daşınma xərclərinin (yanacağın qiymətinin, beynəlxalq daşımalarda valyuta ilə ödənilən xərclərin) artması nəticəsində xidmətlərin maya dəyərinin yüksəldiyini və fəaliyyətin iqtisadi baxımdan səmərəsiz olduğunu bildirib. Müraciətdə həmçinin, qeyd edilir ki, universal poçt rabitəsi xidmətləri üzrə yaranan zərərin bağlanması, göndərişlərin çəki və formatının Ümumdünya Poçt İttifaqının tələblərinə uyğunlaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsi üçün tariflərin artırılmasına zərurət yaranıb.
Təklif olunan tariflər digər poçt operatorlarının tarifi ilə müqayisədə aşağı olmaqla yanaşı, xidmətlə bağlı xərcləri qarşılayacaq.
İclasda universal poçt rabitəsi xidmətləri üzrə təkliflər məqsədəuyğun hesab edilib və müvafiq qərar qəbul olunub.
Tarif Şurası üzvlərinin yekdil qərarı ilə universal poçt rabitəsi xidmətindən istifadə tarifləri təsdiq edilib.
Nazirlik: "Tarifləri dəyişən poçt xidmətlərindən vətəndaşlar az istifadə edir"
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Azərpoçt" MMC-nin göstərdiyi universal poçt rabitəsi xidmətləri (UPX) üzrə tariflərinin yeniləməsinə dair açıqlama yayıb.
Açıqlamada deyilir ki, tariflərin artırılmasına səbəb onların maya dəyərindən çox aşağı olmasıdır.
Belə ki, mövcud tariflər 1 fevral 2011-ci il tarixində qüvvəyə minib və ötən müddət ərzində "Azərpoçt"un ümumi istismar xərclərinin 2 dəfə, o cümlədən işçilərin əmək haqlarının təxminən 2,5 dəfə artması nəticəsində xidmətlərin maya dəyəri daha da yüksəlib.
Digər tərəfdən, son illərdə beynəlxalq poçtun xarici valyutada hesablanan daşıma və çatdırma xərclərinin 2 dəfədən çox artması da beynəlxalq poçt xidmətlərinin maya dəyərinin kəskin yüksəlməsinə səbəb olub. Bütövlükdə "Azərpoçt" üzrə UPX-nin göstərilməsi maya dəyərindən aşağı olduğu üçün hər il qurumun büdcəsinə kifayət qədər zərər dəyib.
Bütün bunlar UPX üzrə mövcud tariflərə yenidən baxılmasını zəruri edib və bu yenilənmə daha çox tariflərin maya dəyərinə uyğunlaşdırılması məqsədini daşıyıb.
Tarif dəyişiklikləri nəticəsində çəkisi 20 qrama qədər olan sadə daxili məktubun tarifi 20 qəpikdən 30 qəpiyə, çəkisi 2 kiloqrama qədər olan poçt göndərişinin (məktub, banderol, kiçik paket) tarifi isə 1,8 manatdan 3 manata qaldırılıb. Daxili poçt göndərişinin sifarişlə göndərilməsi üçün tarif isə 30 qəpikdən 60 qəpiyə qaldırılıb.
Beynəlxalq məktub poçtu üzrə də tariflərə yenidən baxılıb və qismən maya dəyərinə uyğunlaşdırılıb.
Sözügedən xidmətləri daha çox dövlət qurumları istifadə edir (80-85%), xidmət istifadəçilərinin az hissəsini vətəndaşlar təşkil edir.
Daha 168 dərmanın qiyməti ilə bağlı qərar verilib
Azərbaycanda yeni dövlət qeydiyyatına alınan 168 dərman vasitəsinin qiyməti təsdiq edilib. Bu barədə Tarif (qiymət) Şurasının iclasında qərar verilib.
Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyədək topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytında yerləşdirilib.
Banklar dolların alış qiymətini niyə qaldırıb?
Azərbaycanda bir sıra bankların dollar alışı qiyməti qalxıb, satış qiyməti isə dəyişməyib. Hazırda bir sıra banklar əhalidən dolları 1.7 manatdan alır. Bundan öncə dolların alış qiyməti 1.68-1.69 manat civarında olub. Dolların satış qiyməti isə 1.7020-1.7025 arasındadır.
"Banklar dollar almağa meyillidir"
Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a bildirib ki, faktiki olaraq banklar dollar almağa meyillidir: "İndiyədək daha aşağı qiymətə dolları alırdılar. Başqa sözlə, indiyə qədər dolları əhalidən 1.68-1.69 manata alırdılar, indi isə 1.7 manatdan alırlar. Amma dolların əhaliyə satış qiyməti isə dəyişməyib. Ola bilər ki, Mərkəzi Bank banklara kifayət qədər dollar satmır, ona görə də onlar əhalidən dollar almağa meyillidirlər. Bu da bankların öz aralarındakı rəqabətdir. Yəni banklar həqiqətən də dolları çox almaq istəsəydilər, onlar dolları 1.71 manata da alardı. Bu, daha çox banklararası rəqabətdir".
Dövriyyədə dollar çatışmazlığı yoxdur
"Amma bu, hələlik ciddi məsələ deyil və yalnız ondan xəbər verə bilər ki, Mərkəzi Bank dollar satışını bir qədər azaldıb. Dövriyyədə dollar çatışmazlığı yoxur"-deyə o qeyd edib.
"Ölkədə valyuta alışına qeyri-rəsmi məhdudiyyət var"
Espert bildirib ki, banklardan dollar almaq mümkündür: "Lakin 20 min manatlıq limiti keçdikdə isə banklar müştərini sorğu-sual edir, pulu haradan qazandığını soruşurlar. Bunu qeyri-rəsmi tətbiq edirlər. Ölkədə valyuta alışına qeyri-rəsmi məhdudiyyət var".
Neftin qiyməti kifayət qədər sabitdir, yüksəkdir
Onun fikrincə, ən azı bu ilin birinci yarısında Azərbaycanda dollar məsələsində poblem olmayacaq. Çünki neftin qiyməti kifayət qədər sabitdir, yüksəkdir.
FED qərarının Azərbaycana ciddi təsiri olmayacaq
"Hazırda dünyada FED-in faiz qərarını gözləyirlər. O qərardan sonra dünyada dolların bahalaşması gözlənilir. Amma bu qərarın Azərbaycana ciddi təsiri olmayacaq necə ki, əvvəlki dövrlərdə də belə olub"-deyə iqtisadçı əlavə edib.
Bəzi bankların özündə dollar tələbi yüksəlib
Millət vəkili Vüqar Bayramov isə "facebook" səhifəsində yazıb ki, adətən maliyyə ilinin sonunda dollara tələb artması müşahidə olunur: "Dekabrda dollara tələbin artması ənənəvi valyuta tələbi ilə bağlı idi. Pandemiyaya rəğmən yenə də xarici səfərlərin sayı az deyildi, bir sıra dövlət və özəl qurumlar xarici borc öhdəliklərini yerinə yetirirlər və bayramlar ilə bağlı idxala tələb artırdı. Bununla yanaşı, ilin birinci ayında adətən dollara tələb optimal olur. Amma bankların alış kursunu artırması göstərir ki, bəzi bankların özündə dollar tələbi yüksəlib. Daha yüksək alış kursu isə bazardan daha çox dollar cəlb etməyə xidmət edir. Bununla belə, dolların nağd satış kursunun ciddi dəyişməməsi isə ondan xəbər verir ki, bzinesdən kənar vayuta tələbi hələlik yüksək deyil".
Manatın məzənnəsi dəyişə bilərmi?
Dolların alış kursunun artması manatın məzənnəsinin dəyişməsinə gətirib çıxa bilərmi sualına deputat belə cavab verib: "Azərbaycanda üzən valyuta rejiminə keçid başa çatmadığı üçün manatın kursu birbaşa Mərkəzi Bankın intervensiyası ilə müəyyənləşir. Yəni, üzən valyuta sistemlərində məzənnəni bazar təklifinə uyğun proqnozlaşdırmaq olur, amma əgər kurs fiksdirsə o zaman dəyişikliklər birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olur. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".
Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir
"Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir"-deyə o əlavə edib.
Mərkəzi Bank 2022-ci il üzrə dollar-manat məzənnəsi barədə gözləntisini açıqlayıb
Qeyd edək ki, ötən ilin dekabr ayında Mərkəzi Bankın 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir ki, 2022-ci ildə Azərbaycanda manatın ABŞ dollarına qarşı "lövbər" məzənnədə qalması dəstəklənəcək.
Məzənnə dayanıqlığı dəstəklənəcək
Bildirilir ki, 2022-ci ildə proqnozlaşdırılan neft qiymətləri, qeyri-neft ixracının artım dinamikası, nəticə etibarı ilə profisitli tədiyə balansı və təsdiq olunmuş dövlət büdcəsinə əsasən Neft Fondundan dövlət büdcəsinə transfertlərin artırılması valyuta bazarında tarazlığı təmin etməklə qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə dayanıqlığını dəstəkləyəcək.
Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən, 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.
Azərbaycan taxıl tələbatını region ölkələrinin torpaq resursları hesabına ödəyə bilər
Azərbaycanda aqrar şirkətlərin təcrübəsi və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan ehtiyaclarının digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməsinə imkan verir. Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
Qeyd edək ki, söhbət digər ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirərək Azərbaycana gətirməkdən gedir.
Mərkəzin direktorunun sözlərinə görə, region ölkələrinin çoxunda torpaqlarla təminat göstəricisi, torpaq resursları məhdud olan Azərbaycandan daha yaxşıdır.
"Azərbaycanda on minlərlə sahədə müasir istehsal texnologiyalarını tətbiq edən, böyük həcmdə istehsal həyata keçirən aqrar şirkətlər yaranıb ki, onların təcrübəsi, potensialları və biznes imkanları ölkənin kənd təsərrüfatı məhsullarına olan daxili tələbatını digər region ölkələrinin torpaq resurslarının hesabına ödəməyə imkan verir. Bununla bağlı artıq ilkin təcrübələr də var. Bizim iri sahibkarların Rusiyada, Ukraynada, Qazaxıstanda müxtəlif kənd təsərrüfatı layihələrində – həm taxılçılıq, həm istixana sektorunda iştirak təcrübələri var. Bu, bizim taxıl təminatımızda da müsbət məqam kimi çıxış edir. Hazırda burada söhbət dövlət-özəl sektor əməkdaşlığı əsasında yanaşmadan gedir ki, bu proses daha sistemli şəkildə genişləndirilsin. Digər tərəfdən, ölkə iqtisadiyyatı yerli sahibkarların xarici investisiya qoyuluşlarından da qazanacaq", - deyə F. Fikrətzadə qeyd edib.
"Azəriqaz" smart-kart tipli sayğaclardan imtina edəcək
Yaxın bir neçə il ərzində "Azəriqaz" İstehsalat Birliyi əvvəlcədən ödənişli smart-kart tipli sayğacların alınmasını dayandıracaq. Bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, "Azəriqaz" hələ smart-kart tipli sayğaclardan imtina etməyib və 2022-ci ildə 80 min bu tipli sayğacın alınması nəzərdə tutulub.
"Yaxın gələcəkdə, növbəti bir-iki ilə artıq smart-kart tipli sayğacların alınmasını dayandıracağıq", - R. Əliyev qeyd edib.
Qeyd edək ki, "Azəriqaz" sonradan ödənişli smart qurğularla təmin olunmuş mexaniki sayğacların quraşdırılmasına başlayıb. Məhz bu sayğaclar artıq smart-tipli sayğaclar sayılır.
Həmçinin oxuyun:
Banklar dolların alış qiymətini niyə qaldırıb?
Dollar bahalaşacaqmı? - Deputatdan məzənnə ilə bağlı açıqlama
Mərkəzi Bank dollarla bağlı mühüm məlumat yaydı
Dəqiqə ərzində neçə milyon dollar qazanmaq olur?
Xəbər lenti
0