CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Pensiya amnistiyası" - Minimum pensiya kapitalına ehtiyac qalmır

© Sputnik / © Sputnik / Elvin AhmadPensiya
Pensiya  - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Abunə olmaq
Ölkədə minimum pensiya artırılıb. Minimum pensiya artanda minimum pensiya kapitalına olan tələb də artır. Artıq pensiya kapitalına tələb 34 min 560 manata çatıb. Məsələni millət vəkili Sputnik Azərbaycan-a şərh edib
BAKI, 7 yanvar — Sputnik. Azərbaycanda minimum pensiya 200 manatdan 240 manata qaldırılıb. Minimum pensiya artan zaman minimum pensiya kapitalının məbləği də, ona tələb də artır. Belə ki, artıq pensiya kapitalına tələb 28 min 800 manatdan 34 min 560 manata çatıb.
Vətəndaş 34 min 560 manat pensiya kapitalı yığdıqdan sonra minimum pensiya almaq hüququna malik olacaq.

Vətəndaş 2018-ci ilədək sadəcə 1 manat ödəniş edibsə...

Məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, minimum pensiya məbləğinin artırılması minimum pensiya kapitalı tələbinə təsir göstərir: "Mövcud qanunvericiliyə əsasən, pensiya məbləği müəyyən edilən zaman pensiya kapitalı 144 aya (12 il x 12 ay) bölünür və nəticədə bu, müəyyən edilir.
Eyni zamanda minimum pensiya məbləği 144 aya vurularaq minimum pensiya kapitalının məbləği müəyyən olunur. Minimum pensiya artan zaman minimum pensiya kapitalının məbləği də artır, ona olan tələb də artır.
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 07.01.2022
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Amma Azərbaycanda artıq "Pensiya amnistiyası" tətbiq olunub. Bunun mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaş 2018-ci ilədək sadəcə 1 manat ödəniş edibsə, o, avtomatik olaraq minimum pensiya alır və onun minimum pensiya kapitalını toplamasına ehtiyac qalmır".

"Pensiya amnistiyası" yenə uzadılsın

Deputat diqqətə çatdırıb ki, "Pensiya amnistiyası" 2023-cü ilin yanvarına qədər uzadılıb: "Bu il də pensiyaya çıxanlar həmin amnistiyadan istifadə edə biləcəklər. Bu müddətin yenidən uzadılmasını təklif edirik ki, xüsusən də az pensiya yığımı olanlar minimum pensiya ala bilsinlər.
Ona görə də minimum pensiya məbləğinin artması fonunda indiki halda hələlik amnistiya müddəti qüvvədədir. "Pensiya amnistiyası"nın növbəti mərhələdə 2025-ci ilədək uzadılması məqsədəuyğun olardı".
""Pensiya amnistiyası"nın qüvvədə olması praktiki olaraq imkan verəcək ki, minimum pensiya kapitalı toplamadan sadəcə 2018-ci ilədək hətta kiçik pensiya kapitalına malik olmaqla minimum pensiyanı almaq mümkün olsun",- deyə o əlavə edib.

Minimum pensiya dəyişəndə minimum pensiya kapitalının tələbi də dəyişəcək

Qeyd edək ki, minimum pensiya kapitalı gözlənilən orta pensiya dövrünə nisbətdə müəyyən edilir. Hələlik gözlənilən orta pensiya dövrü sabit rəqəmdir – 12 il, yəni 144 aydır. Amma minimum pensiya məbləği daha tez-tez dəyişən rəqəmdir. Minimum pensiya məbləği hər dəfə dəyişəndə minimum pensiya kapitalının tələbi də dəyişəcək. Pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 34 min 560 manat minimum pensiya kapitalı olmalıdır.

25 il sosial sığorta stajı hədiyyə edilir

Əmək pensiyası yaşına çatmış və fərdi hesabında ən kiçik məbləğdə pensiya kapitalı qeydə alınan şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı hədiyyə edilir. Başqa sözlə, 2019-2022-ci illərdə sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

Əmək pensiyasının 3 növü var

Xatırladaq ki, yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyaları mövcuddur. Yaşa və əlilliyə görə əmək pensiyası sığorta hissəsindən və yığım hissəsindən ibarətdir. Ailə başçısını itirməyə görə isə əmək pensiyası sığorta hissəsindən ibarətdir.
Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.
Əmək pensiyasının yığım hissəsi - fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir.
Müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.

Pensiyaların təyinatı elektronlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
2021-ci ilin 1 dekabr tarixinədək 254 min pensiya, müavinət, təqaüd təyinatı e-qaydada olmaqla proaktiv şəkildə həyata keçirilib. Onlardan 47 mini pensiya, 207 mini müavinət və təqaüd təyinatı olub.
O cümlədən, 2021-ci ilin 11 ayında 128,3 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən təyin edilib.
Nazirliyin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda bu hüququn müraciət olunmadan və sənəd təqdim edilmədən avtomatik reallaşdırılmasını təmin edir.
Eləcə də oxuyun:
* Azərbaycanda bu il kişi və qadınların pensiya yaşı neçə olacaq?
* Milyard manatlıq xərc: Son dörd ildə pensiya və təqaüdlər neçə faiz artıb?
* Hətta işləməyən adam bu məbləğdən aşağı pensiya almayacaq
Xəbər lenti
0