Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Xanım Pekres Ermənistana niyə tələsib?

© AFP 2023 / JULIEN DE ROSAValeri Pekres, arxiv şəkli
Valeri Pekres, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.12.2021
Abunə olmaq
Fransa apreldə yeni prezidentini seçməlidir. Prezidentliyə namizədlər isə Ermənistana tələsirlər. Burada ilginc məqam var.
Şərabı, musiqisi, Parisi, Eyfeli, seks-simvolları ilə yanaşı, müstəmləkəçilik ənənələri ilə də məşhurdur Fransa. XVI əsrdən müstəmləkəçilik siyasəti yürüdən fransızların II Dünya müharibəsindən əvvəl işğal etdiyi ərazilər 13,5 milyon kvadrat kilometri əhatə edirdi. Öz ərazisindən düz 20 dəfə çox!
Afrika ölkələrində Fransaya qarşı müstəqillik uğrunda gedən müharibələrdə 2 milyondan çox insan həlak olmuşdu...
Fransanın Cənubi Qafqaza da həmişə marağı olub, xüsusilə Ermənistan üçün çətir rolunda çıxış edən Paris bu gün də bölgədə mövcudluğunu artırmaq üçün dəridən-qabıqdan çıxır. Qarabağ məsələsinin həllinin onlarsız baş tutmasını həzm edə bilməyən fransızlar gah Minsk Qrupuna “süni nəfəs” verməyə, gah da keçmiş münaqişəyə dini don geyindirməklə, ermənilərin müdafiəsinə qalxmaqla “comeback” arzulayırlar...
Fransa apreldə yeni prezidentini seçməlidir – təbii, köhnəni də yenidən seçə bilər. Seçki marafonu qeyri-rəsmi şəkildə start götürüb.
Fransanın “erməni sevgi”si də bu arada yenidən cuşa gəlib. Prezidentliyə namizədlərin Ermənistana tələsməsi də təsadüfi deyil. Erik Zemmur və Valeri Pekres artıq İrəvana baş çəkib, burada ermənilərə isti münasibətlərini ifadə ediblər. İkinci hətta bir az da irəli gedərək, təkcə Azərbaycanın ərazi bütövlüyünə yox, beynəlxalq hüquqa da sayqısızlıq göstərərək Xankəndiyə də səfər edib.
Rəsmi məlumatlara görə, Fransada 500 min erməni yaşayır. 70 milyona yaxın əhalisi olan ölkə üçün bu, heç əhalinin 1 faizi də demək deyil. Bəs erməniləri cəlbedici edən nədir?
Məsələ bundadır ki, erməni lobbisi seçkilərin taleyinə maddi imkanları, namizədlərə dəstəkləri, fəallıqları ilə təsir imkanına malikdir.
Deməli, ermənilərin “Artsax” arzularına dəstəklə onları ovsunlamaq olar. Namizədlər də o boyda ölkənin müasir siyasətdəki çəkisini öz merkantil maraqlarının ayaqları altına səriblər. Necə ki, bunu Makron edirdi – 44 günlük müharibədə özünü Roma Papasından çox katolik (oxu: ermənilərdən çox erməni) kimi aparan Fransa prezidentinin yadından çıxmışdı ki, o, Minsk Qrupunun həmsədri olan ölkənin rəhbəridir və neytral qalmalıdır.
Qayıdaq Pekresin səfərinə.
O, Ermənistan Prezidenti, Parlamentin spikeri, xarici işlər naziri ilə görüşüb. Bu, Paşinyanın Makrona xəyanətidir. Hərçənd ermənilərin ifasında bu obraz təəccüb doğurmur.
Xanım Pekres qondarma erməni soyqırımı abidəsini və İkinci Qarabağ müharibəsində həlak olmuş erməni hərbçilərinin məzarlarını ziyarət edib. Xankəndidə ziyarət etdiyi məzarlardan birinin üzərində isə faşist svastikası olub və Pekres həmin qəbrin üzərinə də gül dəstəsi qoyub. O, Parisdə Ermənistan və Qarabağda xristian mədəniyyətinin və irsinin qorunması mövzusunda beynəlxalq konfransın təşkilini planlaşdırdığını bildirib.
Xanım Pekres hansı abidələrin taleyindən narahatdır, görəsən?! Ermənilərin alban abidələrini saxtalaşdıraraq erməni tarixinin bir parçası kimi təqdim etdiyi abidələrin?! 67 məsciddən 65-i tamamilə, 2-si isə yarıdağılmış vəziyyətdədir Qarabağda. Yoxsa Pekresi ancaq xristian abidələri maraqlandırır?!
Pekresin Yerevanda jurnalistlərə müsahibəsində səsləndirdiyi fikirlər xanım namizədin keçmişdə qalan münaqişəni dini motivlə alovlandırmaq marağından xəbər verir: “Biz bütün Avropanı bu münaqişə ətrafında səfərbər etməliyik, ona görə ki, bu, təkcə Qafqaza məxsus olan münaqişə deyil, bütün Avropaya təsir edən münaqişədir. Şərq xristianlarına hücum Avropa sivilizasiyasına hücum deməkdir”.
Xanım Pekres İslama münasibətini gizlətmir: “Mən islamçılığın yüksəlişini dayandırmaqda qərarlıyam”.
Tarixi ədaləti, beynəlxalq hüququ erməni elektoratın səsinə qurban verən fransız xanım ölkəsinin liderinə çevrilsə, Fransada islamofobiyanın hansı həddə çatacağı artıq aydındır.
Lap əvvələ qayıdaq – Fransanın müstəmləkəçilik siyasətinə: Paris Ermənistanın revanşist ruhlu kəsimini ruhlandırmaqla bölgəyə qayıtmağa çalışsa belə, bu, praktik olaraq mümkün deyil. Soçi və Brüsseldə adlarının çəkilməməsi də təsdiqlədi ki, ATƏT-in Minsk Qrupu həmsədrləri də başqa iş üçün CV-ləri üzərində işləsələr, daha səmərəli vaxt keçirmiş olarlar. Deməli, Fransa həmsədr kimi də arzuladığı böyük qayıdışı edə bilməyəcək… Dərviş Parisi partlatmasa, onlar həqiqi BÖYÜK QAYIDIŞın necə gerçəkləşdiyini bizim timsalımızda uzaqdan da olsa, izləyə biləcəklər.
Xəbər lenti
0