Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Valideynlik hüququndan məhrumetmə qaydası necə dəyişir

© Depositphotos.com / RomanlisovyAilə, arxiv şəkli
Ailə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 24.12.2021
Abunə olmaq
Valideynlərdən birinin və ya onları əvəz edən şəxslərin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən məhkəmə "valideynlik hüquqlarından məhrumetmə" işlərinə baxır.
BAKI, 24 dekabr — Sputnik. Milli Məclisdə valideynlik hüquqlarından məhrumetmə qaydasına dəyişiklik təklif edilir. Sputnik Azərbaycan-ın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik olunub. Dəyişikliklə Məcəllənin 65.5-ci bəndi yeni redaksiyada verilir:

"Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürülür".

Bəs görəsən, qətnamədən çıxarışın elektron sistemə 3 gün müddətində yüklənməsi valideynlik hüququndan məhrumetmədə hansı dəyişikliyə səbəb olacaq?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəzərdə tutulan dəyişikliyin valideynlik hüququndan məhrumetməni sürətləndirəcəyini tam olaraq söyləmək mümkün deyil. Çünki Məcəllənin hazırkı bəndində də qeyd edilir ki, məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir:

"Bu dəyişiklik qurumlar arasındakı işi sürətləndirəcək. Tutaq ki, indiyədək valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışı kağız formada məhkəmədən götürülürdüsə, artıq buna ehtiyac qalmayacaq. Valideynlik hüquqlarından məhrumetmə barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə ötürüləcək. Bu isə dövlət qurumları arasında informasiya mübadiləsini asanlaşdıracaq".

F.Ələkbərov onu da qeyd edib ki, bu məhz elektron məhkəmə sisteminin tətbiqi ilə bağlı məsələ olduğundan dəyişikliyin valideynlik hüququndan məhrumetmə hallarına heç bir təsiri olmayacaq.
Qeyd edək ki, hazırkı qanunvericiliklə aşağıdakı hallarda valideynlər valideynlik hüququndan məhrum edilir.
öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;
alimenti qəsdən ödəmədikdə;
heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;
valideynlik hüquqlarından sui-istifadə etdikdə;
uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;
xroniki alkoqol və narkomaniya xəstəsidirsə;
uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlər, yaxud da onlardan biri valideynlik hüququndan məhrum edilir.
Onu da əlavə edək ki, valideynlərdən birinin və ya onları əvəz edən şəxslərin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən məhkəmə "valideynlik hüquqlarından məhrumetmə" işlərinə baxır.
Valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Bunun üçün yuxarıda sadaladıqlarım "iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə" məhkəməyə müraciət edərək mülki iddia qaldırır. Ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılır və həmin işin həllinə dair qətnamə çıxarılır.
Həmçinin oxuyun:
Azərbaycan ailəsinin problemləri haqda sorğu - maraqlı məqamlar
Valideynlik hüququndan məhrumetmədə yenilik
Xəbər lenti
0