Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Arxeoloqlarımız ermənilərin daha bir saxtakarlığını ifşa etdi

© Photo : AZƏRTACGöyəzən dağının ərazisində arxeoloji tədqiqatlar
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Abunə olmaq
Alimlər: Cari arxeoloji tədqiqatlar göstərir ki, qalanın özülündə qədim bir bünövrə olmamış, qala bölgənin islam dövrü qala inşa qanunları ilə tikilib və erkən orta əsrlərə aiddir.
BAKI, 19 dekabr - Sputnik. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Göyəzən filialı ərazisində 2021-ci ilin noyabr-dekabr aylarında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun elmi rəhbərliyi ilə “Elmi-arxeoloji qazıntılar və payız məktəbi” adlı layihə həyata keçirilib. Sputnik Azərbaycan Azərtac-a istinadən xəbər verir ki, qoruğun təşəbbüsü ilə təşkil edilən layihə və kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar artıq yekunlaşıb.
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar əsasən iki istiqamətdə aparılıb. Birinci istiqamət Göyəzən dağında yer səthindən təqribən 400 metr hündürlükdə yerləşmiş, düzbucaqlı olmayan qaya parçalarından inşa edilən 7 bürclü Göyəzən qalasının tədqiqi olub. İkinci istiqamət Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş gətirilmə sal və qaya parçalarının olduğu ərazidə arxeoloji qazıntılarla kəşfiyyatın aparılması idi.
© Photo : AZƏRTACGöyəzən dağının ərazisində arxeoloji tədqiqatlar
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar
Birinci istiqamət üzrə Göyəzən qalasında müxtəlif məqsədli iki tədqiqat aparıldı: birincisi, qalanın sahəsinin ölçülməsi, ikincisi, qalanın inşa dövrünün müəyyən edilməsi. Ölçmələrdən bəlli oldu ki, qalanın bürcləri 6 metr diametrindədir. Bürclərin mövcud hissələri təqribən 4 metr hündürlüyə malikdir. Qalanın ərazisi trapesiya şəkillidir, cənub-şərqdəki giriş hissəsi iki bürc də daxil olmaqla 17 metr, şimal-qərbdəki divarı (bürclər də daxil olmaqla) 41 metr uzunluqdadır. Cənub-şərqdən, yəni giriş tərəfdən şimal-qərbə tərəf uzanan divarın uzunluğu, beş bürc də daxil olmaqla 111 metrdir. Bürclər arasında divarların uzunluğu 20-22.5 metr arasında dəyişir. Qalanın dağa dayaqlandığı arxa hissəsinin uzunluğu 99 metrdir.
Qalanın inşasının tarixini müəyyən etmək üçün giriş hissəsinin şimal bürcünün ətəyində 9 (3x3) kvadratmetr sahəsi olan şurf qoyuldu. Qazıntılar zamanı müəyyən edildi ki, qalanın bürclərinin ətrafları da qalanın tikintisində istifadə olunmuş səthi cilalanmamış qaya parçaları ilə doldurulub. Bu çeşidli üsul orta əsrlərdə bürc və divarların bərkidilməsi üçün istifadə olunub. Şurfdan çıxarılan qaya parçaları arasında orta əsrlərə xas olan 200 ədəddən çox yerli şirli və şirsiz keramika fraqmentləri aşkar edilib. Göyəzən qalasında sovet dönəmində ilkin tədqiqatları arxeoloqlar Cəfərqulu Rüstəmov Firuzə Muradova aparıblar:

"Amma göstərilən abidə ərazisində 1960-1962-ci illərdə arxeoloji tədqiqatlar aparmış erməni arxeoloqlar SSRİ və dünya elmi çevrələrində guya bu qalanın “qədim ermənilər” tərəfindən inşa edilməsi barədə saxta fikirlər yayıblar. Onların dəlil kimi gətirdiyi mənbələrin heç birində qalanın ermənilər tərəfindən inşası və ya istifadəsi, həmçinin qalanın coğrafi lokallaşması və adlanması barədə dəqiq məlumat yoxdur. Cari arxeoloji tədqiqatlar göstərir ki, qalanın özülündə qədim bir bünövrə olmamış, qala bölgənin islam dövrü qala inşa qanunları ilə tikilib və erkən orta əsrlərə aiddir", - deyə arxeoloqların məlumatında deyilir.

Qazıntı zamanı tapılmış yanmış ağac qalıqları qalanın inşa dövrünün nisbətən daha dəqiq müəyyən edəcək radio karbon analizləri üçün götürülüb. Qalanın ot və torpaq örtüyündən təmizlənməsinə, ərazisində daha geniş arxeoloji təqiqatların aparılmasına ciddi ehtiyac var.
O da qeyd olunur ki, qaladan daha 200 metr yüksəklikdə tam fərqli memarlıq üsulu ilə tikililər görünməkdədir. İlkin rəyə görə, kub formalı cilalı daşlardan hörülmüş bu divarlar çox ehtimal ki, antik və ya erkən xristian dövrü sakral xarakterli ibadətgahlar və sığınacaqlar olub. Nəzərə alınmalıdır ki, bu tikililərə gedən cığırların təbii aşınması onlarda tədqiqatların aparılmasını çətinləşdirir.
Göyəzən dağının şimal-qərb ətəyində arxeoloji tədqiqatlar şərqdən qərbə tərəf sahələri 25 (5x5) kvadratmetr olan üç kvadratdan ibarət qazıntı sahəsi yaradıldı. Bir saylı kvadratda nəzərə çarpacaq hər hansı bir tapıntı qeydə alınmadı. İki saylı kvadratın şərq divarının ortasında başı qərb istiqamətində olmaqla şərqə tərəf beli üzərində uzadılmış skelet aşkarlandı. Sinəsində əlləri çarpaz qoyulmuş skeletin dəfn istiqamətinə əsasən tabutsuz xristian adəti üzrə dəfnin icra edildiyini bildirmək olar.
© Photo : AZƏRTACGöyəzən dağının ərazisində arxeoloji tədqiqatlar
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar - Sputnik Azərbaycan, 1920, 19.12.2021
Göyəzən dağının ərazisində arxeoloji tədqiqatlar
Üç saylı kvadratda aparılmış tədqiqatlar daha çox nəticələr verdi. Kvadrat ərazisində 12 torpaq qəbirdə insan dəfni aşkar edildi. Doqquz skeletdə əllərin sinə üzərində çiyinlərə doğru, çarpaz qoyulması, tabutun əlamətlərinin olmaması, şimal-qərbdən cənub-qərbə beli üzərində istiqamətlənmə birbaşa Qafqaz Albaniyasının orta əsrlər dəfn ənənəsini təkrar etməkdədir. Daha bir skelet biri sol çiyini üzərində lakin xristian adəti üzrə dəfn edilib. Digər skeletin sağ əli çiyinə doğru, sol əl isə, ona paralel lakin sağ çanağa doğru istiqamətlənib. Oxşar analogiyalar Azərbaycan ərazisindəki xristian alban abidələrində (Qəbələ, Ağdamdakı Gavurqala, Mingəçevir və s.) aşkar edilib. Stratiqrafik baxımdan dəfnlər alban xristianlığının müxtəlif mərhələlərini əks etdirən orta əsrlərdə icra olunub. Xüsusilə, üç saylı kvadratın cənub-qərb hissəsində digər qəbirlərdən 30-40 santimetr dərinlikdə daş qutu qəbirin aşkar edilməsi ərazidə ardıcıl olaraq yüzilliklər boyu Qafqaz albanlarının böyük bir xristian nekropolunun olmasını göstərir. Yaxşı cilalanmış daş qutu qəbirdə ilk orta əsrlərdə erkən alban xristianlığı üçün xas olan tərzdə dəfn (bel üzərində şimaldan qərbə istiqamətdə, lakin əllərin çarpaz qoyulmadan, böyürlər üzrə uzadılması) qeydə alındı. Dəfnlərdən tunc, mis və dəmirdən az sayda sırğalar, üzüklər, düymələr aşkar edilib.
Tarix üzrə fəlsəfə doktoru, arxeoloq Pərviz Qasımovun bildirdiyinə görə, hazırda Balakən rayonunun Tülü kəndində albanşünas arxeoloq Natiq Alışov tərəfindən aşkar edilmiş alban xristianlarının çoxtəbəqəli nekropolunda da eyni dəfn adətləri izlənilməkdədir. Lakin Tülü kilsəsi ətrafında nekropoldan fərqli olaraq Göyəzən dağının şimal-qərb ətəyində aşkar edilmiş nekropolda dəfn edilmiş xristian albanlar zəngin elitar təbəqəyə aid deyildilər. Bu ərazidə uzun müddətli alban xristian nekropolunun olması bu yerlərin xristianlıqdan öncə də sakral bir məkan kimi qiymətləndirilməsini göstərir.
Arxeoloq Pərviz Qasımovun ilkin ehtimalına görə, bu ərazidə möhtəşəm alban xristian dini məbədi olub:

“Daş qutuda dəfn isə daha erkən alban xristian dövrünə aid dini liderə məxsus idi. Belə ki, torpaq dəfnlərdə yaşlı, gənc və üzəri daş və ağac parçası ilə örtülmüş yeniyetmə (uşaq) qalıqları izlənilir. Mümkündür ki, biz qədim Qazax ərazisində suriyalı xristian missioneri Davidin təbliğatı ilə xristianlığı qəbul etmiş türkdilli sabir/savir ellərində xristianlığın formalaşmasının mərhələlərini göstərən mühüm abidə ilə üzləşmişik. Albanşünas arxeoloq Natiq Alışova görə, islamın gəlişi ilə Qafqaz Albaniyasının xristian mərkəzi (yepiskopluğu) məhz öz yay iqamətgahı kimi müasir Qazax ərazisini seçir. Bu isə erkən islam dövründə Qazax ərazisinin Qafqaz Albaniyasının dini-siyasi tarixində mühüm yerini göstərməkdədir”.

Aparılmış qazıntılar Qafqaz Albaniyasına aid daha bir mühüm abidənin aşkar edilməsi ilə nəticələnib. 75 kvadratmetr olan qazıntı sahəsinin GPS koordinatları götürülmüş, geodezik cihazlarla ölçmələr aparılıb.
Soyuqların düşməsi və yağıntıların çoxalması ilə əlaqədar gələcəkdə arxeoloji qazıntıların genişləndirilməsi üçün abidənin konservasiyası aparılıb. Radiokarbon tarixlənmə, izotop və arxeogenetik analizlər üçün nümunələr götürülüb.
Həmçinin oxuyun:
Azərbaycanda həyətyanı sahədə arxeoloji tədqiqat: abidə tək alban kilsəsindən ibarət deyil
"Ən yaxşı turistik kənd" adı uğrunda mübarizədə Azərbaycandan bir namizəd var
Azərbaycanlı arxeoloq bizi 3 milyon il bundan əvvələ apardı
Xaçmazda tarixi araşdırmanı "dondurublar": jurnalist səfirdən cavab gözləyir
Razin dağı və mağara - Burada Bakıya aid bir tarix gizlənir
Lələtəpə Neolit dövrü yaşayış yerində yeni tapıntılar aşkar edilib
Qaraçinar qədim yaşayış məskəni - ölkədə ikinci bu cür ərazi yoxdur
Xəbər lenti
0