Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sərvətimizi yenidən sayırlar - Qarabağ üzrə hesabat

© Photo : AzerGoldÇovdar qızıl və gümüş yatağı, arxiv şəkli
Çovdar qızıl və gümüş yatağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
İşğaldan azad edilmiş ərazilərdə görülən işlər üzrə məsul məmurların toplantısında təbii resurslarımızla bağlı rəqəmlər açıqlanıb.
BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Xəritələrə yenidən baxılıb

Sputnik Azərbaycan-ın APA-ya istinadən xəbərinə görə, iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edilib ki, bu günədək işğaldan azad edilmiş rayonların geoloji xəritələri araşdırılıb, fond məlumatlarına əsasən mövcud olmuş mineral xammal ehtiyatlarının balansı yenidən qiymətləndirilib.
Bu rayonlarda mövcud olan 167 yatağın kadastr işləri icra edilib, işğal dövründə talan edilən 52 yatağın təftişi və monitorinqi və dəymiş ziyanın ilkin qiymətləndirilməsi aparılıb. Yeraltı su mənbələrinin öyrənilməsi istiqamətində Ağdam rayonunda 523, Füzuli rayonunda 68 quyu təftiş edilib.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın layihələndirmə və planlaşdırma ehtiyaclarının təmin olunması üçün bu rayonlarda yerli tikinti və inşaat materialları ehtiyatları qiymətləndirilib, bərpa-quruculuq işlərində istifadə üçün təklif edilib.

Meşələrin bərpası planı

İşğaldan azad edilmiş ərazilərdə meşəsalma tədbirlərini nəzərdə tutan "2022-2026-cı illər üzrə Meşə Fondunun Bərpası Proqramı" hazırlanıb. Proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində 30 min hektara yaxın meşə fondu sahəsində meşəbərpa tədbirlərinin icrası nəzərdə tutulur. Bu ilin əvvəlindən Zəngilan, Qubadlı, Füzuli, Ağdam, Cəbrayıl, Şuşa, Kəlbəcər, Laçın, Xocavənd rayonlarının ərazilərində ümumilikdə 20 minə qədər ağac tingi əkilib, eləcə də 2 tona yaxın palıd və şərq çinarı toxumları səpilib. Meşəsalma ilə bağlı planlaşdırılan ərazilərin minalardan təmizlənməsindən sonra genişmiqyaslı meşə əkini tədbirləri həyata keçiriləcək.
Eyni zamanda hidrometeoroloji fəaliyyətin bərpası sahəsində görülən işlər barədə qrup üzvlərinə məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə 2025-ci ilədək 11 hidroloji, 8 meteoroloji, 1 radiometeoroloji (radar), 4 radioekoloji, 2 hava keyfiyyəti üzrə kompleks avtomatik ölçmə stansiyaları və 1 aerozond stansiyasının quraşdırılması nəzərdə tutulub. Şuşa, Kəlbəcər, Ağdam, Zəngilan və Füzuli rayonlarında 5 meteoroloji stansiyanın quraşdırılması ilə bağlı tədbirlər görülür. Su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 2022-ci ilin aprel ayınadək 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın qurulması işləri başa çatdırılacaq.

"Azərsky" köməyə gəldi

Görüşdə həmçinin "Azərsky" peyk təsvirlərindən istifadə edilməklə işğaldan azad edilmiş ərazilərdə aparılmış monitorinqlər, o cümlədən kənd təsərrüfatı sahəsində payız əkinləri üçün şumlanmış ərazilər, bu ərazilərin rayonlar üzrə statistikası üzrə görülmüş işlər haqqında qrup üzvlərinə məlumat verilib.
Xatırladaq ki, Azərbaycan torpaqları 30 il ərzində erməni vandalizminə məruz qalıb. Onlar həmin müddətdə Azərbaycanın milli-mədəni abidələrini yerlə-yeksan edib, ekologiyaya həddindən artıq zərər vurub, müxtəlif çeşidli ağac növlərinə qarşı da soyqırım həyata keçiriblər.
Qeyd edək ki, Azərbaycan ötən il 44 günlük Vətən müharibəsi zamanı torpaqlarını erməni işğalından azad etdi.
Eləcə də oxuyun:
* Qarşıdan gələn ilin mümkün əsas problemləri - Analitiklər nə deyir?
* Ermənistanın ekoloji terroru ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edildi
* Zəngəzur dəhlizi üçün tunellər tikilir
Xəbər lenti
0