CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir narkotik istifadəçisi il ərzində azı 2-4 nəfəri yoldan çıxara bilir - Baş direktor

© AFP 2024 / LUIS ACOSTAnarkotik
narkotik  - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Adamlar bir dəfə əhvallarını qaldırmaq üçün bu zərərli maddədən istifadə edərək ondan asılı vəziyyətə düşürlər.
BAKI, 8 dekabr — Sputnik. Narkotik maddələrdə fiziki asılılıq əlaməti ürəkbulanma, halsızlıq, şiddətli ağrılardır. Opiat qrupundan olan narkotik növlərindən istifadə edənlərdə daha ağır fiziki asılılıq müşahidə edilir. Onlarda bu fiziki asılılıq çox ağır keçir. Bu qrupdan olan narkotik maddələri qəbul edən şəxslərdə psixoloji asılılıq da şiddətli olur.
Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov bu gün canlı yayımda Sputnik Azərbaycan-ın suallarını cavablayarkən belə deyib. O qeyd edib ki, son dövrlərdə cinayət hadisələrinin artmasına da müxtəlif narkotik maddələrdən istifadənin təsiri var.
O.Cəfərovun sözlərinə görə, bir dəfə narkotik qəbul edən şəxs asılı hesab edilir. Narkomanlar yalnız ilk 2-3 həftədə narkotikdən həzz alır, sonradan isə ağrılardan xilas olmaq üçün bu vasitələri qəbul edirlər.
Baş direktor narkotik asılılığından xilas olmaq üçün reabilitasiya mərkəzlərinin mövcudluğunun zəruri olduğunu deyib. Çünki detoks mərhələsindən sonra bu şəxsləri sosial mühitə hazırlamaq lazımdır:
"Detoks mərhələsindən sonra reabilitasiyadan keçməyənlər yenidən bu həyata qayıdırlar. Müalicə alan şəxslər buranı tərk etdikdən sonra ətrafdakılar tərəfindən qınanılır, ailədə problemlər yaşayır, həyat yoldaşlarından boşanır, işlərini itirir, ətraf mühitdəki şəxslər tərəfindən qəbul edilmirlər. Hüquq mühafizə orqanları onlara cinayətkar, ailə üzvləri isə ailəni dağıdan biri kimi baxırlar. Müəyyən peşə növlərində işləmək istəyərkən isə onların qarşısına maneələr çıxır".
O.Cəfərov bildirib ki, narkotik vasitələrin istifadəçiləri arasında sağalma 3-4 faiz təşkil edir və bu, çox kiçik bir rəqəmdir:
"Bu səbəbdən dəfələrlə mərkəzlərdə müalicə alan şəxslər var. 2020-ci ildə 2 min 723 nəfər qeydiyyatdan çıxarılıb. "Bir narkotik istifadəçisi necə qeydiyyatdan çıxa bilər" məsələsinə isə aydınlıq gətirərək bildirim ki, şəxsin sonuncu müalicəsindən 5 il keçərsə, bu müddətdə o ayıq həyat tərzi keçirərsə, narkoman olaraq qeydiyyatdan çıxarılır".
Mərkəz rəhbəri bildirir ki, sağalmaq üçün bəzi nüanslara diqqət yetirmək lazımdır:
"Öncə müalicəyə başlayan şəxsdə ətrafdakılara inam olmalıdır və bu inamı formalaşdırmaq lazımdır. Bundan başqa, adam narkotikdən asılı olduğunu etiraf etməlidir ki, bu müalicə proqramına başlaya bilsin. Şəxs özü asılı olduğunu qəbul etməlidir. Çünki bu etiraf müalicənin 50 faizini təşkil edir".
Baş direktor narkomanların bu yola düçar olmasının səbəblərindən danışaraq bildirib ki, natamam, boşanmış, övladına kifayət qədər zaman ayıra bilməyən və onun nə zaman evdən çıxıb-qayıtdığına, pulu necə və nəyə xərclədiyinə nəzarət etməyən ailələrdə övladlar arasında bu yola meyillilik olur. Daha yuxarı yaş qrupunda da ailədaxili problemlərin rolu var:
"Bu cür problemlər, diqqətsizliklə qarşılaşan gənclərin ətrafında bir narkotik istifadəçisinin olması belə, artıq onun risk qrupuna daxil olması deməkdir. Çünki bir narkotik istifadəçisi il ərzində azı 2-4 nəfəri yoldan çıxara bilir. Adamlar bir dəfə əhvallarını qaldırmaq üçün bu zərərli maddədən istifadə edərək ondan asılı vəziyyətə düşürlər".
O.Cəfərovun sözlərinə görə, hazırda rəsmi olaraq 33 min 778 nəfər narkoman qeydiyyatdadır. Onların da 618 nəfərini qadınlar təşkil edir.
Həmçinin oxuyun:
Gəncləri narkomaniyadan yayındırmaq üçün klublar yaradılmalıdır - Mütəxəssis
Azərbaycanda narkotik istifadəçilərinin yaşı azalır
Narkomaniya ilə bağlı fənnin tədrisi məqsədəuyğun deyil və ya Çarəsizlik sindromuna çarə
Bəzi sahələrdə olan boşluqlar narkotik aludəçilərinin sayını artırır - Deputat
Narkotiklə tutulan Azərbaycan çempionuna hökm oxunub
Xəbər lenti
0