Gəncləri narkomaniyadan yayındırmaq üçün klublar yaradılmalıdır - Mütəxəssis
09:30 03.12.2021 (Yenilənib: 17:44 03.12.2021)
© Sputnik / Nigar IskanderovaRespublika Narkoloji Mərkəzinin sabiq rəhbəri Araz Manuçəri
© Sputnik / Nigar Iskanderova
Abunə olmaq
Millət vəkili: İşsizliyin çoxalması, kütləvi miqrasiya, təhsilin səviyyəsinin aşağı düşməsi ölkəmizdə beynəlxalq təbiətli zərərli təzahürə meyli artıran amillərdəndir.
BAKI, 3 dekabr — Sputnik. Gənclər və İdman Nazirliyinin Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Aslanbəyova bildirib ki, ölkədə narkotik istifadəçilərinin yaşı azalır.
Ölkədə narkomaniyanın yaşının cavanlaşmasının necə qarşısını almaq olar?
Uzun müddətdir ki, bu kimi xəstələrin müalicəsi ilə məşğul olan, Narkoloji Dispanserin sabiq rəhbəri Araz Manuçəri Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq bildirib ki, bunun əsas səbəbi ik olaraq narkotiklərin əlçatan olması ilə bağlıdır:
"Artıq narkotikləri tapmaq, əldə etmək daha rahatdır. Bundan başqa, onların qiyməti çox aşağıdır. Filmlərdə də görürsünüz ki, bəzi müğənnilər, film qəhərmanları narkotik istifadəsinə heç də pis baxmırlar. Bu cür filmlərdə narkotik isitfadəçilərinə heç də pis baxılmadığını görə bilərik. Təbliğat düzgün aparılmır".
O deyir ki, gənclər yeni həyəcanlara, eksperimentlərə hazır insanlar olduqlaırndan onlar üçün şərait yaratmaq lazımdır ki, zamanlarını daha dəyərli keçirsinlər:
"Gəncləri bu kimi zərərəli vərdişlərdən qorumaq üçün validyenlər onlarla işləməlidir. Özləri onlar üçün nümunə olmalıdır. Qeyd edim ki, ailədaxili münasibətlər gənclərin tərbiyəsində mühüm rol oynayır. Gənclər kreativliyi çox sevirlər, bu səbəbdən onlara özlərini doğrultmaq üçün çoxlu imkanlar vermək lazımdır. Bunun üçün müəyyən klublar da yaratmaq olar".
A.Manuçəri qeyd edir ki, formal şəkildə 3-4 nəfər yığılaraq, narkotik pisdir, deməklə bu problemi həll etmək, bəlanın qarşısını almaq mümkün deyil. O bildirir ki, informasiya dünyasıdır və uşaqlar bizdən daha çox informasiyalı olurlar.
Mütəxəssis bildirir ki, hazırda ölkədə müasir ehtiyatlara malik olan, tələblərə cavab narkoloji müalicə mərkəzləri yoxdur. Bu və bu kimi amillər də uşaqlar arasında narkotikin geniş yayılmasına səbəb olan nüanslardandır.
O vurğulayır ki, öncələr narkomanları damarlarına baxmaqla tanımaq mümkün idisə, artıq məsələ bu cür deyil. A.Manuçəri ehtimal edir ki, ölkədə də narkotik istehsalı var.
Millət vəkili Müşfiq Cəfərov da bildirir ki, hazırda Azərbaycanın qarşılaşdığı ən mürəkkəb problemlərdən biri narkomaniyanın yayılmasıdır:
"Xüsusilə, gənclər və yeniyetmələrin bu zərərli vərdişə meyli onların həm ailələri, həm də dövlət üçün dağıdıcı təsirə çevrilib. Narkomaniya cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini sarsıdan, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan başlıca amillərdəndir. Ekspertlərin açıqlamalarına görə, MBD məkanında Orta Asiya və Cənubi Qafqaz regionları psixotrop maddələrdən ən çox istifadə edən bölgələrdir".
Millət vəkili BMT-nin məlumatına istinadən bildirir ki, Azərbaycanda müsadirə olunan narkotiklərin son illərdə sayı kəskin artıb:
"Dünya üzrə ümumi statistikaya görə narkomaniyanın ən çox müşahidə olunduğu əhali yaş qrupunda yeniyetmə və gənclər yer alır. İşsizliyin çoxalması, kütləvi miqrasiya, təhsilin səviyyəsinin aşağı düşməsi ölkəmizdə beynəlxalq təbiətli zərərli təzahürə meyli artıran amillərdəndir və bu cəmiyyətimizin mənəvi ekologiyası sahəsində mövcud problemləri bir qədər də kəskinləşdirib".
O deyir ki, ölkəmizdə narkomaniyanın artmasının əsas səbəblərindən biri də informasiya azlığı, düzgün maarifləndirmə işinin aparılmamasıdır:
"Narkomaniyayla mübarizə ardıcıl, məqsədyönlü və kompleks xarakterli tədbirlərin icra edilməsini zəruri edir. Fikrimcə, təbliğat-maarifləndirmə işlərinin orta təhsil müəssisələrində aparılması ictimai bəla olan narkomaniya ilə mübarizədə böyük əhəmiyyət kəsb edir".
Həmçinin oxuyun:
Azərbaycanda narkotik istifadəçilərinin yaşı azalır
Narkomaniya ilə bağlı fənnin tədrisi məqsədəuyğun deyil və ya Çarəsizlik sindromuna çarə
Narkotiklə tutulan Azərbaycan çempionuna hökm oxunub