CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 4 min manata görə şagirdlər soyuqdan donurlar

© Sputnik / Murad OrujovPulların sayılması, arxiv şəkli
Pulların sayılması, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Məktəbdən bildirilir ki, sayğaca möhür vurulduğundan qazanxananın işini təmin etmək mümkün deyil.
BAKI, 25 noyabr — Sputnik. Noyabrın 15-dən etibarən ölkəmizdə istiliyin verilməsinə başlanılsa da, paytaxtda 177 saylı məktəbə hələ də istilik verilməyib. Sputnik Azərbaycan-a bu barədə valideynlər açıqlama veriblər.
Valideynlər bildiriblər ki, noyabrın 15-dən əksər təhsil müəssisələrinə istiliyin verilməsinə baxmayaraq, 177 saylı məktəbdə istilik yoxdur. Şagirdlər soyuq sinif otaqlarında dərs keçmək məcburiyyətində qalıblar. Onların sözlərinə görə, bəzi sinif otaqları elektrik qızdırıcıları ilə isidilsə də, şagirdlər sinifdə üst geyimlərində oturmağa məcbur olublar.
Sputnik Azərbaycan yaranmış problemlə bağlı “Azəristiliktəchizat” ASC ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, istiliyin verilməməsi “Azəristiliktəchizat” ASC ilə bağlı olan problem deyil. Qurum bu məktəbə istilik vermir.
Девушка у комнатного обогревателя, архивное фото - Sputnik Azərbaycan, 1920, 19.11.2021
CƏMİYYƏT
İki qurum arasında borc qalmaqalı böyüyür: Qazanxanalara verilən qaz kəsiləcək
177 saylı məktəbdən isə Sputnik Azərbaycan-a bildiriblər ki, təhsil müəssisəsinin öz fərdi qazanxanası var. Amma məktəbə istiliyin verilməsi hazırda mümkün deyil: “Biz istilik mövsümü başlayandan aidiyyəti qurumlara, Təhsil Nazirliyinə problemin nə olduğunu bildirmişik. Qaz açılarsa, məktəbə istilik verilə bilər”.
Məktəbdən aldığımız məlumata  görə, qazanxanada istifadə olunan qaza görə borc yaranıb: “Buna görə “Azəriqaz” İstehsalat Birliyi məktəbə gələn qazın verilişini dayandırıb. Sayğaca möhür vurub. Biz özbaşına o möhürü qırsaq, cərimə yazılacaq. Gərək sayğaca vurulan möhür sökülsün ki, qaz açılsın”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, 177 saylı məktəbin qaza görə 4 min manatdan yuxarı borcu yaranıb. Bu borcun hissə-hissə ödənilməsi üçün belə, addım atılmayıb. Odur ki, məktəbə qaz verilişinə məhdudiyyət qoyulub.
Apardığımız araşdırmadan belə məlum oldu ki, 1350-dən çox şagirdin sağlamlığı 4 min manatın ödənilməməsinə görə təhlükədədir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə faktın araşdırılacağı bildirilib. Məlumatda qeyd olunur ki, ümumi təhsil müəssisələrinin istilik təminatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, hər il ənənəvi olaraq noyabrın 15-dən başlayır və aprelin 15-dək davam edir: "Bir sıra məktəblərdə istilik təminatı ilə bağlı qarşıya çıxan müəyyən problemlərin aradan qaldırılması istiqamətində “Azəristilik” ASC və “Azəriqaz” İB ilə birgə əməkdaşlıq çərçivəsində işlər görülür. Məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb. Aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq məktəblərin istiliklə təmin olunmasının normal təşkili üçün müvafiq tədbirlər görülür, zəruri hallarda aidiyyəti qurumlara müraciət olunur".
Qeyd edək ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.
Xəbər lenti
0