SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Zahid Oruc: Azərbaycanla Ermənistan arasında böyük sülh müqaviləsi imzalansaydı...

© Photo : Facebook.com / zahid.oruc.3Zahid Oruc, millət vəkili
Zahid Oruc, millət vəkili - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Deputatın fikrincə, Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır. Çünki bizim regionda “hökmranlıq status”u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir.
BAKI, 23 noyabr — Sputnik. Dünən Fransa səfiri Zaxari Qross azad Ağdam torpağına səfər edib. Əlbəttə, gözlənilməz olsa da, ehtirama layiq hadisədir. İyul ayında 100-dən artıq ölkənin siyasi-diplomatik təmsilçiləri Şuşanı ziyarətə gedəndə BMT Təhlükəsizlik Şurasının üzvləri, o cümlədən Fransa nümayəndəsinin kənarda qalması haqlı etiraz doğurdu, lakin dünənki addımı hamı alqışlayır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O bildirib ki, yalnız Fransanın deyil, ABŞ-ın, Böyük Britaniyanın, Çinin də yüksək dövlət rəsmilərinin Ağdama, Zəngilandan Şuşayadək böyük torpaqlara ziyarətə gedəcəyinə, ədalətli Zəfər qazanan xalqımıza ehtiram göstərəcəyinə gec də olsa, inanırıq:
"Biz qələbəmizin beynəlxalq legitimliyinə şübhə etmədiyimiz üçün onu kimin tanıyıb-tanımamasına deyil, bir milyon insanın tarixi irsinin necə silindiyini hər kəsin öz gözləri ilə görməsinə çalışırıq. Düz iki əsr əvvəl Aleksandr Düma “təbiətinə və tarixi abidələrinə vurğunluğunu” dilə gətirdiyi Azərbaycan torpaqlarının indiki vəziyyətinə qəlbən acıyar, tərəddüd etmədən öz dövlət adamlarını həqiqəti dilə gətirməyə çağırardı. İkinci Dünya müharibəsində faşizmə qarşı qəhrəman azərbaycanlılarla birgə vuruşan və onların timsalında millətimizə daim ehtiram göstərən Şarl de Qoll da sağ olsaydı, xələflərinin əksinə hərəkət edərdi. Axı, Ağdamın, Cəbrayılın, Füzulinin və digər şəhərlərin dağılmış mənzərəsi 1941-ci ilin Parisi ilə heç cür müqayisə oluna bilməz! Ona görə ki, 3-cü Reyx Avropanın mədəniyyət paytaxtı olan Parisi yer üzündən silməmişdi. Bir sözlə Köçəryana, Sarkisyana və silahdaşlarına faşist demək nasional sosialistlərə həqarətdir".
Deputatın sözlərinə görə, Vətən müharibəsində Fransa xalqının simpatiyası bizim tərəfdə olsa da, hökumət və parlament, yerli hakimiyyət təmsilçiləri, eləcə də Prezident Makron Ermənistanla vahid səngərdə olublar. Son 6 ayda Fransa rəsmiləri öz mövqelərində müəyyən dəyişikliklər ediblər, ərazilərin minalardan təmizlənməsinə humanitar dəstəklə dövlətimizlə münasibətlərin bərpasına çalışıblar. Lakin Lüksemburqu, Avropa Parlamentinin 33-dək üzvünü və dağıdıcı mühacirət qrupunu əleyhimizə təşkilatlandırıblar, onları siyasi və informativ tezislərlə təchiz ediblər, İrəvana intensiv səfərlərlə məğlubiyyətdən sarsılan xalqı və hakimiyyəti ölkəmizə qarşı səfərbərliyə çağırıblar.
"Ona görə də çoxlarını bir sual düşündürür - həqiqətənmi fransız ordusu gəlib Rusiya və Türkiyə ilə çiyin-çiyinə Ağdamda sülhün keşiyini çəkmək istəyir? 25 minlik erməni əhalisinə xüsusi status istəmək Yeliseyin nəyinə gərəkdir? Məgər dünyada statussuz erməni yaşamır?" - deyə deputat bildirib.
O diqqətə çatdırıb ki, sualların cavabı hamıya aydındır: "Xankəndində yaşayan sadə erməniyə yox, Parisə gedən siyasi avantüristlərə, Aqanbekyanın davamçılarına, bir də Qərb dövlətlərinin özünə status lazımdır. Çünki bizim regionda "hökmranlıq status"u qazanmaq Qafqazda sülhə ən böyük təhlükədir. Ona görə də Ermənistan və Azərbaycan arasında böyük sülh müqaviləsi imzalansaydı, biz əsl düşmənlərimizi görərdik!".
Həmçinin oxuyun:
Azərbaycan Fransa ilə münasibətlərinə yenidən baxmalıdır - Milli Məclisdən təklif
Fransanın mövqeyi Azərbaycan cəmiyyətində və hökumətində haqlı suallara səbəb olub
Xəbər lenti
0