Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Pakistanlı Məlalənin atası Sputnik Azərbaycan-ın suallarını cavablandırdı

© Photo : Courtesy of Ziraddin YusefzayMəlalə Yusəfzay atası Ziyəddin Yusəfzay ilə birgə
Məlalə Yusəfzay atası Ziyəddin Yusəfzay ilə birgə  - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Abunə olmaq
Məlalə doğulanda atasının qohumu ona ailə ağacı alıb. Ziyəddin Yusəfzay Məlalənin adını bütün nəsil şəcərəsinin adlarının yer aldığı bu ağacda ən yuxarı yerə asıb.
BAKI, 21 noyabr — Sputnik. Müsəlman ölkələrində qızların təhsildən yayınması hələ də problem olaraq qalmaqdadır. Digər müsəlman ölkələri kimi Pakistanda da vəziyyət ürəkaçan deyil. Yaranmış bu vəziyyətdə kənar qüvvələrin də payı var.
İllər öncə Taliban* rejimi Pakistanda da qızların təhsildən yayınması üçün müxtəlif variantlara, hədələrə əl atdı. Onlar belə iddia edirdilər ki, İslam dini qızların təhsil almasına qarşıdır. Onlar qız uşaqlarının məktəbə getməməsi üçün qeyri-sivil addımlara əl atdılar, qətllər, terror aktları törətdilər, bacardıqları qədər getdikləri yolda hər yeri viran qoymağa çalışdılar. Hazırda Pakistanda məktəbyaşlı qızların 32 faizi, oğlanların 21 faizi təhsildən kənardır.
Pakistanda qız uşaqlarının haqq səsinə çevrilən, onların qəhrəmanı olan bir qız bu gün öz adını daşıyan fondun rəhbəridir. Söhbət bütün dünyanın Malala Yousafzai olaraq tanıdığı Məlalə Yusəfzaydan gedir. O, ölümün pəncəsində olarkən belə haqq səsini ucaltmaqdan qorxmamaqla yaşayan əfsanəyə çevrilib.
"Mən Məlaləyəm" kitabının müəllifi və Nobel Sülh Mükafatı laureatı Məlalənin həyat yolu, mübarizəsi əslində həm də bir örnəkdir, qızlar üçün mübarizənin bariz yoludur.
Kitabı oxuduqdan sonra elə 24 yaşlı qəhrəmanımızla onlayn platformadan əlaqə saxlamağa çalışdıq. Məlalənin özü ilə birbaşa bağlantı qura bilməsək də, onun mübarizəsinin memarı olan Ziyəddin Yusəfzay ilə söhbətləşdik.
© Photo : Courtesy of Ziraddin YusefzayMəlalə Yusəfzay (solda) - uşaqlıq fotosu
Ziyəddin Yusəfzay  - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Məlalə Yusəfzay (solda) - uşaqlıq fotosu
Məlalənin atası Ziyəddin Yusəfzay doğulduğu və yaşadığı Svat əyalətində bir neçə məktəbə rəhbərlik edirdi. Onun əsas arzusu, istəyi qızların təhsil hüquqlarının təmin olunması idi. Lakin Talibanın hücumundan sonra Pakistanın digər əyalətlərində olduğu kimi, bu əyalətində də qızların təhsil almasının qarşısını almaq üçün böyük maneələr yaradıldı. Qız övladları olan ailələr təhdidlərlə qarşılaşdılar. Taliban bu ailələrdən qızlarına sahib çıxmaları üçün onları məktəbdən uzaqlaşdırmağı tapşırdı.
Təbii ki, bu mübarizədə məğlub olanlar, qızlarını təhsildən uzaqlaşdıranlar da oldu. Lakin Ziyəddin Yusəfzayın ailəsində tamamilə fərqli bir vəziyyət müşahidə olundu. Qızların təhsil hüququnu tələb edən Ziyəddin Yusəfzayın çıxışı qızı Məlaləni daha da ruhlandırdı və zamanla o da bu tribunaya atılaraq atası ilə birgə mübarizə aparıb, öncədən müxtəlif ləqəblərlə müsahibə verdi, daha sonra isə Məlalə adı ilə müsahibələr verdi, bütün dünya mediasının diqqətini çəkdi, ölümü gözə alaraq haqq səsini eşitdirdi.
O, 9 oktyabr 2012-ci il tarixində Svat rayonunda imtahandan gələrkən məktəb avtobusunda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfindən güllələnir, sifətinin sol tərəfi deformasiyaya məruz qalır. Ziyəddin Yusəfzay həm qızı, həm də Pakistanda qız uşaqlarının təhsili ilə bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.
- Sizin qadınların cəmiyyətdəki rolu ilə bağlı fikirləriniz maraqlıdır. Bir pakistanlı kişi üçün təhsilli qadın nə deməkdir?
- Qızlar, qadınlar bütün dünyada əhalinin təxminən yarısını təşkil edir. Çin respublikasının banisi deyirdi ki, qadınlar səmanın yarısını öz üzərilərində saxlayırlar. Biz ailə, cəmiyyət, ölkə, ümumi anlamda isə bir dünyada sülh və xoşbəxtlikdən danışarıqsa, gərək ki, qadınların cəmiyyətdəki roluna, təhsilinə önəm verək. Düşünürəm ki, keyfiyyətli təhsil olmadan qadınların iqtisadiyyatda, sosial həyatda fəaliyyətləri mümkünsüzdür. Bu səbəbdən də onların təhsil alması üçün çağırış edirəm.
- Pakistanda qızların təhsil hüququnun təmin olunması üçün fəallardan biri, bəlkə də elə birincisi sizsiniz. Oxucularımıza öz mübarizənizi qısaca necə izah edərdiz?
- Adi, klassik modelə sahib bir Pakistan ailəsində dünyaya göz açıb, böyüyüb boya-başa çatmışam. Beş bacım olub və onların heç birinin təhsili olmayıb. Cinsi ayrı-seçkiliyə görə isə onlardan fərqli olaraq mənim məktəbə getmək imkanım var idi, arzularım, xəyallarım da var idi. Evdə oturan beş bacımın isə həyat yoldaşı, ana, nənə olmaqdan başqa bir xəyalı yox idi.
Həyat yoldaşım da belə klassik ailədə böyüyüb. Biz öz ailəmizi klassik ailə modelindən bərabərhüquqlu ailə modelinə keçirə bildik və belə bir ailə modelini qura bildik. Bu səbəbdən Məlalə dünyaya gəldikdə mən onun azadlığı, müstəqilliyi, təhsili haqda daha çox düşündüm. İstəmirdim ki, qızım nə mənim, nə də ki, həyat yoldaşımın nəslində olan qadınların yaşadığı həyatı yaşamağa məcbur qalsın.
© Photo : Courtesy of Ziraddin YusefzayMəlalə Yusəfzay atası Ziyəddin Yusəfzay ilə birgə
Ziyəddin Yusəfzay  - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Məlalə Yusəfzay atası Ziyəddin Yusəfzay ilə birgə
- Qızların təhsil alması üçün əsas yük və məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlərin atacağı başlıca addımlar nədən ibarət olmalıdır?
- Elə düşünürəm ki, burada əsas məsələ “Valideynlər nə etməlidir?” sualına cavabdır. Öncə valideynlər övladları arasında cinsi ayrı-seçkilik yaratmamalı, onlara bərabər hüquqlar verməlidirlər. Onlar oğullarını təhsil almaq üçün məktəbə göndərdikləri kimi qızlarının da təhsil almasını təmin etməlidirlər. Lakin təəssüflər olsun ki, əksər hallarda kasıb ailələrdə biz bunun əksini görürük. Beş övladı olan ailələr 2 oğul övladını məktəbə yollasalar da, qız uşaqları evdə oturub ev işləri ilə məşğul olur, heç bir təhsil almırlar. Bu, ədalətsizlikdir. Qızlar və oğlanlar bərabər hüquqlarla böyüdülməlidirlər. Feministəm və mənə görə feminizm bərabər hüquqluluqdur. Düşünürəm ki, ümumiyyətlə, elə doğumdan hər kəsin hüququ bərabər olmalıdır. Cinsi ayrı-seçkiliyə, selektiv abortlara son qoyulmalıdır.
- Bəs bu xüsusda hökumətlərin üzərinə hansı vəzifələr düşür?
- Düşünürəm ki, əgər ölkədə sosial və iqtisadi vəziyyət yüksək deyilsə, hökumət bütün uşaqların azad və keyfiyyətli təhsil almaları üçün məsuliyyət daşıyır. Hökumət cinsi ayrı-seçkilik etmədən qız övladlarını da keyfiyyətli təhsillə təmin etməlidir. Əgər hökumət keyfiyyətli təhsil və müəllimlə təmin etmirsə, bu zaman valideynlər hökumətdən görməli olduğu məsuliyyəti tələb etməlidir. Onlar hökumətdən təhsil üçün investisiya tələb edə bilərlər. Hökumət bir çox sahələrə diqqət və vəsait ayırırsa, təhsili də diqqətdən qaçırmamalıdır.
- Pakistanı kasıb ölkə də adlandırmaq olar. Belə bir şəraitdə ölkənizdə nələrin dəyişilməsini istəyərdiniz?
- Pakistan kasıb ölkə hesab oluna bilməz, sadəcə olaraq düşünürəm ki, ölkə düzgün şəkildə idarə edilmir. Burada biz yanlış idarəetməni aydın görə bilərik. Ölkənin resursları ədalətli şəkildə bölünmür. Pakistan varlı bir ölkədir. Sadəcə olaraq hökumətin siyasəti zəifdir və inkişafla bağlı hər hansı proqramı yoxdur. Hökumət təhsillə bağlı da hansısa iş görmür. Hökumət təhsilə, xüsusən də qızların təhsilinə pul yatırarsa, bu zaman güclü bir təməl formalaşdırmış olacaq. Belə olan halda biz ölkənin istənilən sahəsində də bu inkişafı görə biləcəyik. Amma təəssüflər olsun ki, indiki şəraitdə bu baş vermir. Bundan başqa, demokratiyamız heç də möhkəm deyil. Siyasi dayanıqlılığımız da bir o qədər qənaətbəxş hesab oluna bilməz.
© Photo : Courtesy of Ziraddin YusefzayMəlalə Yusəfzay ailəsi ilə birgə
Ziyəddin Yusəfzay  - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Məlalə Yusəfzay ailəsi ilə birgə
- Məlalə Fondunda işlər necə gedir?
- Qızların təhsilalma hüquqlarının bərpası üçün yaratdığımız "Məlalə Fondu"muz var. Bu fond dövlət tərəfindən yaradılmayıb. Bu gün 130 milyon qız uşağı var ki, təhsildən kənardadır. Pakistan dünyada təhsilsiz qızların sayına görə ikincidir. Hazırda biz Pakistanla yanaşı, digər ölkələrdə də qızların təhsil hüquqlarının bərpası, imkanlarının artırılması üçün müəyyən proqramlar icra edirik.
Məsələn, bizim təhsil layihələrimiz Əfqanıstan, Hindistan, Nigeriya, İranda qaçqın uşaqlarını da əhatə edir. Biz həmçinin Türkiyə, Tanzaniya, Banqladeş, Efiopiya, Livan ilə bağlı da proqramlarımızı icra edirik. Bizim oradakı fəaliyyətimiz yerli təşkilatlar tərəfindən dəstəklənir. Biz bu təşkilatlara müxtəlif layihələrin icrasında, həmçinin müəyyən siyasətlərini dəyişməyə kömək edirik. "Məlalə Fondu" olaraq biz qızların təhsili ilə maraqlanan təşkilatlarla əməkdaşlıq edirik. Pakistanın müxtəlif hissələrində də bu işi icra edirik. Bununla qızlara pulsuz və təhlükəsiz təhsil vermiş oluruq.
- Uzun illər qızların savad və təhsil alması üçün mübarizə apardınız. İllər sonra nə kimi dəyişikliklər sezilir?
- Xüsusilə son illərdə Pakistan əhalisinin qızların təhsilinə önəm verdiyini deyə bilərəm. Məsələn, mən uşaq olarkən doğulduğum, yaşadığım Svat əyalətində nadir hallarda hansısa bir qız uşağının məktəbə getdiyini eşidərdim. Çünki qızların təhsil alması üçün məktəb yox idi. Lakin artıq 40-45 il ötüb və Pakistanda qızların təhsil alması üçün məktəblər var. Mənim doğulduğum regionda – Svatda o zamanlar heç bir qız təhsil almırdısa, hazırda həmin regionda 6 yüz qız təhsil alır. Yadımdadır, bir dəfə uşaq ikən anamı həkimə aparanda həkim yazdığı reseptdə xəstə adı olan hissəyə "Ziyəddinin anası" yazmışdı. Lakin qızım Məlalə bu gün mənim, qardaşlarının adı ilə deyil, öz adı ilə tanındı.
Ümid edirəm ki, Pakistanda qızların təhsil alma hüquqları bərpa olunarsa, onların gücünü iqtisadiyyatda, siyasətdə və digər sahələrdə də görə biləcəyik. Bütün bunlardan əlavə xoş olmayan hallar hələ də qalmaqdadır. Hazırda Pakistanda bir çox sahələrdə qızların, qadınların hüquqları pozulmaqdadır. Məsələn, qızlara əks-cinslə bərabər təhsil hüququnun verilməməsi hələ də problem olaraq qalır. Bundan başqa, hökumətin təhsildən kənar qalanlarla bağlı hansısa bir investisiya proqramı yoxdur. Məktəblərdə də vəziyyət ürəkaçan deyil. Bir çoxlarında ümumiyyətlə əl-üz yumaq üçün yerlər, ayaqyolu, təmiz su, lövhələr yoxdur. Qızların məktəbə getməməsinin səbəbləri sırasında bunlar da dayanır.
- "Mən Məlaləyəm" kitabından Svatda, Pakistanda hadisələrin gedişatını rahat izləmək, nə qədər çətin bir vəziyyətdə Talibanla açıq mübarizə apardığınızı, hətta ölümlə təhdid olunduğunuz zaman belə, geri çəkilmədiyinizi görmək mümkün idi...
© Photo : Courtesy of Ziraddin YusefzayMəlalə Yusəfzay ailəsi ilə birgə
Ziyəddin Yusəfzay  - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Məlalə Yusəfzay ailəsi ilə birgə
- Biz onlarla onların mübarizə üsullarından daha fərqli yollarla mübarizə apardıq. Çünki biz vəhşi deyilik və Taliban bizimlə mübarizə apardığı kimi, biz onlarla mübarizə apara bilməzdik, onlar terroristdirlər, silahlıdırlar, biz isə silahsızıq. Biz onlarla sadəcə olaraq səsimiz və ağlımızla mübarizə aparırdıq. Düşünürəm ki, səs silahdan, bombadan, raketdən daha təsirlidir.
- Məlalə, dünyanın tanıdığı ən gənc qəhrəman qızlardan biri. Hər bir nümunəvi şəxsin bir memarı olur. Düşünürəm ki, Məlaləni siz yetişdirdiyiniz üçün onun memarı da elə sizsiniz. Mümükünsə deyərdiz, bu gün bütün dünyanın tanıdığı Məlaləni necə yaratmısız?
- Məlalə doğulanda qohumum mənə ailə ağacı almışdı və mən onun adını bütün nəsil şəcərəmizin adları sırasında bu ağacda ən yuxarı yerdə asdım. Qızımla hər zaman qürur duyuram. Siz məni övladım Məlalənin memarı adlandırırsınız. Lakin mən bunu daha dəqiq olaraq ifadə etsəm, deyə bilərəm ki, Məlalə mənim fəaliyyətimdən ruhlandı. Hələ o zamanlar da Taliban qızların təhsilinə icazə vermirdi, mən isə təbii olaraq, buna qarşı çıxırdım. Heç bir zaman qızımın qanadlarını qırmamışam, əksinə, onu daim qanadlandırmışam, ruhlandırmışam. Onun ən böyük arzusu hər bir qızın təhsil almasıdır. O, hər bir qızın azad və təhlükəsiz mühitdə pulsuz təhsil almasını arzulayır. O, hər zaman qızları daha böyük hədəflər, arzular qurmağa səsləyir.
Taliban Svata hücum etdikdə orada da qızların təhsil almasını qadağan etdilər. Svatda olduqları vaxtda çoxsaylı insan ölümünə səbəbkar oldular, terrorlar törətdilər. Qızların təhsilalma hüququna qadağa qoyulduğu vaxtda mən və qızım Məlalə çıxış edərək dünya ictimaiyyətinə çağırışlar etdik, haqqımızı - qızların təhsil hüququnu tələb etdik. Qeyd edim ki, hazırda qızım 130 milyon təhsildən kənar qalan qızın haqq səsidir. Talibanı hər gün sorğu-sual edirik.
Hazırda Taliban Əfqanıstanı idarə edir və 15 avqustdan etibarən Taliban orada qızların təhsil hüququnu qadağan edib. Qızların məktəblərinin açılması tələb olunsa da, Taliban buna məhəl qoymur. Belə olan halda Əfqanıstan necə sülhün, xoşbəxtliyin məkanı ola bilər? Əfqan xalqı necə xoşbəxt ola bilər? Biz unutmamalıyıq ki, qadınlara bərabər hüquqlar verməklə cəmiyyətimizi xoşbəxt, sülh içində görə bilərik. Biz bunu da bilirik ki, İslamda qızların təhsili qadağan olunmur. İslam oğlanlarla yanaşı, qızlara da bərabər hüquqlar verir. İnanıram ki, bir zaman biz bu istəklərimizə çatacağıq.
- Hazırda Məlalə əsasən hansı işlərlə məşğuldur?
- Məlalənin səhhəti ilə əlaqədar olaraq biz Pakistandan Böyük Britaniyaya getməli olduq. Növbəti ildə Məlalə artıq "Mən Məlaləyəm" kitabını tamamlamışdı. Bu gün o, "Məlalə Fondu"nun rəhbəri olaraq qürur hissi duyur, qızların təhsilləri ilə bağlı bir çox layihələri var. O, zamanının böyük bir hissəsini məhz bu layihələrin icrasına həsr edir. Ümid edirik ki, illər ötdükcə təhsilsiz qızların sayı azalacaq. Təbii ki, bu istiqamətdə bizə hökumət də dəstək olmalıdır. Nəinki Pakistanda, bütün dünyada belə olmalıdır.
- Bəs sizin üçün birdən-birə mühiti dəyişmək necə, çətin olmadımı?
- Pakistanı tərk etdikdə, Birminhemdə yaşamağa başladıqda, ilk illər çox çətin idi. Çünki burada həyat Pakistandan tamamilə fərqlidir. Xüsusən də həyat yoldaşım Pakistanı tərk etdiyimizə görə çox məyus olmuşdu. Xoşbəxtlikdən burada yaşayan insanlar çox istiqanlı davrandılar və hər zaman da bizə dəstəklərini nümayiş etdirirlər. Reabilitasiya prosesində də biz onların dəstəyini görmüşük. Bir sözlə, bir çox hallarda burada dəstək görmüşük. Burada çox xoşbəxtik.
BMT-nin Baş katibi Pan Gi Mun 12 iyul tarixini Məlalə Günü elan edib. Bu gün bütün uşaqlar üçün təhsil ideyasını təcəssüm etdirir. Qeyd edək ki, Məlalə Günü ilk dəfə 2013-cü il 12 iyul tarixində Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilib.
Qəhrəmanımız hazırda "Oxford" Universitetində təhsilini davam etdirir.
*Terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altına düşmüş təşkilat
Həmçinin oxuyun:
Taliblər qadınların olduğu televeriliş və teleserialların yayımını qadağan etdilər
Xəbər lenti
0