Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

“Deepfake” texnologiyası: “əsaslı yalan” qarışıq dünyanı bir az da qarışdırıb

© AFP 2021 / MIGUEL SCHINCARIOLFake news xəbərdarlığı, arxiv şəkli
Fake news xəbərdarlığı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.11.2021
Xəbərlərə abunə olun
Azərbaycan insanını artıq nə iləsə təəccübləndirmək çətin məsələdir. Şəbəkə həm məlumatla, həm də müxtəlif foto-videomaterialla aşıb-daşır.
Paylaşım edən şəxsin bir çoxu heç nəyi paylaşdığını belə dəqiq anlamır. Doğru xəbərdir, yalandır - fərqi yoxdur. Foto yayan da nəsə tapır, üstünə bir-iki kəlmə əlavə edib ötürür şəbəkəyə. Yayılan foto və videonun, necə deyərlər, mənşəyi məlum olmur.

“Deepfake” və ya “əsaslı yalan”?

Yaxın dövrə qədər feyk məlumatı yaymaq nə qədər asan olsa da, yalançı foto və video hazırlamaq elə də asan deyildi, çünki keyfiyyətli kontenti ortaya qoymaq xeyli güc və vəsait tələb edir. Hansısa bir insanı sözlə aşağılamaq rahat işdir, amma bunu təsdiqləyən fotonun montajı və ya videonun quraşdırılması o qədər də yox. Baxan deyir, “bu ki fotoşopda qurulub”, aydın məsələdir.
Amma zaman dəyişib, yeni “deepfake” texnologiyası bizim qarışıq dünyanı bir az da qarışdırıb, deyəsən. Artıq 2018-ci ildən internetdə peyda olan bu yenilik hazırda növbəti inkişaf mərhələsinə qədəm qoyub. Süni intellektin köməyi ilə idarə edilən bu “deepfake” texnologiyası audio və videomaterialların dəyişdirilməsinə xidmət edir. Məsələn, bir şəxsin simasını başqasına calaq etmək olar. Amma bu, ən sadə yoldur. Süni intellekt elə insanın öz bədəni üzərində müxtəlif əməliyyat keçirir, onu bir növ öyrənir, daha sonra virtual müstəvidə hər bir insanın mövcud olmayan foto, videosunu, səs yazısını yaradır. “Deepfake” – ingilis dilində mövcud olan “deep learning” və “fake” sözlərindən yaranıb. Yalanı dərindən öyrənmə və ya “əsaslı yalan” kimi tərcümə edilə bilər. Olmayan reallıq süni intellektin köməyi ilə qurulur.

İki neyron şəbəkə qarşılıqlı çalışır

Belə texnoloji imkanlar son illərdə yaranmayıb. Yəni Hollivud studiyalarında hələ ötən əsrin 90-cı illərində kinoda yaradılması tələb olunan bir çox illüziya səhnələri elə bugünkü “deepfake” texnologiyasından əsaslı fərqlənmirdi. Sadəcə o dövrdə hələ nə internet vardı, nə də süni intellekt. Daha primitiv vasitələrlə hərəkət etmək lazım gəlirdi. Bu gün artıq həmin imkanlar nəinki böyük şirkətlərdə, hətta əlində kiçik bir smartfonu olan hər bir insanda da var. İstəsə, birinin sifətini başqasına qoşar, ürəyi istədiyini geyindirər, bəyənmədiyini isə soyundurar.
“Deepfake” texnologiyasının köməyi ilə süni intellekt insanın bütün mümkün foto və videolarını diqqətlə araşdırır, xüsusi alqoritm həmin şəxsin necə hərəkət etdiyini öyrənir. İki neyron şəbəkə qarşılıqlı çalışır, biri, deyək, görüntü yaradır, digəri isə onunla əsl fotolar arasında oxşar və fərqli cəhətləri tapmağa çalışır. Görüntü bəyənilmədikdə, yenidən birinci neyron şəbəkəyə qaytarılır. “Deepfake” internetdə olan açıq alqoritmlərlə çalışır. Əldə olunan hər bir məlumat görüntünün təkmilləşməsinə xidmət edir. Gələcəkdə onun köməyi ilə orijinalı tam təkrarlayan nəticələrin alınacağı gözlənilir. Yəni heç bir vasitə ilə görüntünün yalan və ya doğru olduğu aşkarlanmaya bilər.

Bu gün gördüyümüzə gərək inanmayaq

“Deepfake” günümüzdə necə istifadə edilir? Hazırda bu yenilik ilk növbədə bir sıra məşhur insan üçün başağrısına çevrilib. Qal Qadot, Skarlet Yohansson, Teylor Svift, Emma Uotson kimi Hollivud ulduzlarının simaları erotik roliklərdə istifadə edilib. Daha sonra bu videomateriallar sürətlə sosial mediada yayılmağa başlayıb. Hətta Mark Zukerberq məsələyə özü şəxsən qarışmalı olub, nəinki belə kontent şirkətin imicinə ciddi zərbə vururdu. Nə qədər qəribə olsa da, özü də “deepfake”in qurbanına çevrildi. İnternetdə yayılan bir videoda Mark guya dünyanı informasiyanın köməyi ilə idarə etdiyini bildirdi. Əlbəttə o, belə bir fikri ifadə etməmişdi, amma süni intellekt öz işini görmüşdü.
2018-ci ildə Cordan Pil adlı rejissor adi bir “FakeApp” tətbiqinin köməyi ilə keçmiş ABŞ Prezidenti Barak Obamanın çıxışını quraşdırıb. Bu “çıxış”da Obama Prezident Donald Trampa qarşı uyğunsuz ifadələr işlədib.
İnternetdə hətta Böyük Britaniya kraliçası II Elizabetin yalan müraciətinə rast gəlmək olar. 2020-ci ilin sonunda britaniyalıları Milad bayramı münasibətilə təbrik edən kraliçanın çıxışından bir qədər sonra ölkənin 4-cü kanalı “Deepfake” texnologiyasının köməyi ilə yaradılmış videonu efirə buraxıb. Kral ailəsinə mənsub olmayan bir tərzdə danışan və hərəkət edən “Elizabet” hətta çox qəribə bir tərzdə rəqs edib. Bu rolu əslində aktrisa Debora Stivenson ifa edib, süni intellekt isə onu kraliçaya çevirib. Bu video ölkədə əsl etiraz dalğası yaradıb, simasını xilas etməyə çalışan 4-cü kanalın rəhbərliyi isə bunu zarafata çevirməyə cəhd edib. Kanal nümayəndələri bu yeniliyin nə qədər imkana malik olduğunu nümayiş etdirməklə insanları hazırlamaq niyyətində olduğunu qeyd ediblər. Bir sözlə, bu gün gördüyümüzə gərək inanmayaq.

“Deepfake” cinayətkarlıq anlayışı da yaranıb

Problem olduqca dərin və ciddidir, çünki bu vasitənin köməyi ilə artıq fırıldaq sxemləri quran dəstələr də peyda olub. “Deepfake” cinayətkarlıq anlayışı da yaranıb. İlk növbədə fotoları internetdə geniş yayılan qadınların erotik kadrlarda istifadəsi güclənib. Bu xanımların məhkəmədə ədalət tapmaq cəhdi də asan deyil, get, sübut elə ki, bu, sən deyilsən. Özü də bu işi görən şəxsi axtarıb tapmaq da bir qəhrəmanlıqdır. Ən yadda qalan cinayətlərdən biri Britaniya enerji şirkətində baş verib. Onun rəhbərinə guya Almaniyadakı ofisdən zəng gəlib. Zəng edən şəxsin səsi tam olaraq orijinalla üst-üstə düşüb. Nəticədə Britaniya şöbəsi 220 min avronu fırıldaqçının dediyi hesaba köçürüb. Bir sözlə, belə bir imkanın hesabına bu gün minlərlə insan fırıldaq sxemi qurmaqla əməlli-başlı pul qazanır.
“Deepfake” texnologiyasının maraqlı tərəfi də az deyil. Hazırda kino sənayesində bu yenilik yerini möhkəmlədir, çünki müasir filmlər artıq bizim bildiyimiz və anladığımız müstəvini tərk edərək başqa formatda çəkilir. Müxtəlif effektlər, fantastik süjetlər, yanğın və dağıntılar üçün səhnə qurmağa ehtiyac qalmayıb, proses elə kompüterdə həllini tapır. Yanğının içində əzmlə addımlayan Şvartseneggeri necə yaratmaq olar? Yalnız “deepfake”in köməyi ilə.
Yaşadığımız real dünya günü-gündən virtuallaşmağa davam edir, çünki yalanla doğrunun sərhədi dayanmadan silinir. Süni intellektin köməyi ilə yaradılan yeni reallıqda kraliçanın şıllaq ataraq oynaması, keçmiş prezidentin bugünkü lideri təhqir etməsi, mərifətli bir qadının əxlaqsız formada göstərilməsi adi bir normaya çevrilir. Burada həqiqəti tapmaq çox əziyyətli bir işdir. Kimdən nə gözləyəcəyini belə, bilmirsən. Hər yeni texnologiya bizim gördüyümüz işləri əlimizdən alır, bir azdan aktyorların iştirakı ilə kino çəkməyə də ehtiyac olmayacaq, öz simasının istifadə hüququnu sistemə ötürən Hollivud ulduzunun yerinə virtual maneken meydana girəcək. İnsana bir iş qalmayacaq, deyəsən.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала