Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Paşinyan niyə müdafiə naziri postunda məhz Papikyanı görmək istəyib?

© Sputnik / Mediabanka keçidErmənistan müdaiə naziri Arşak Karapetyan
Ermənistan müdaiə naziri Arşak Karapetyan - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
Ekspertin fikrincə, artıq ermənilər də qəbul edirlər ki, Ermənistan rəsmilərinin Qarabağa səfərlərinin məhdudlaşdırmasına dair öhdəlikləri var. Bu öhdəliyin pozulması Baş nazir Paşinyana Azərbaycan tərəfindən təzyiqlərin göstərilməsi ilə nəticələnir.
BAKI, 15 noyabr — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün gözlənilmədən ölkəsinin müdafiə naziri Arşak Karapetyanı istefaya göndərib. Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib:
"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib".
Karapetyanın yerinə Paşinyanın müavini Suren Papikyan təyin olunub. Maraqlı məqam ondan ibarətdir ki, Papikyan peşəkar hərbçi deyil, müdafiə sahəsi ilə ümumiyyətlə bağlılığı yoxdur. Sputnik Azərbaycan Ermənistanda baş verən dəyişiklər barədə hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.
© Photo : Personal archiveHərbi ekspert Ədalət Verdiyev
Hərbi ekspert Ədalət Verdiyev  - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Hərbi ekspert Ədalət Verdiyev
Ədalət Verdiyev qeyd edib ki, Vətən müharibəsi baş çatdıqdan sonra artıq regionda yeni bir vəziyyət formalaşıb, Qarabağın statusu məsələsi artıq tarixdə qalıb:
"Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazisi – Qarabağa istənilən xarici ölkə vətəndaşı, xüsusilə də Ermənistan vətəndaşının səfəri rəsmi Bakının razılığı, icazəsi olmadan keçirilməməlidir. Xatırlayırsınızsa, müharibədən sonra Qarabağa yalnız bir erməni rəsmisi – sabiq xarici işlər naziri Ara Ayvazyan səfər etmişdi. Bu səfərdən bir müddət sonra Ermənistanın Baş naziri Nikol Paşinyan onun istefaya göndərilməsinə dair qərar verdi. Eyni vəziyyət Ermənistanın müdafiə naziri Arşak Karapetyanla da baş verdi".
Ekspert erməni rəsmilərin Qarabağa səfərin riskli olması, bunu onların öz vəzifələrini itirə biləcəklərini gözə alaraq həyata keçirmələrinin səbəbini belə izah edib:
"Görünən odur ki, Ermənistan müxalifəti tərəfindən bu ölkənin hakimiyyətinə qarşı ciddi təzyiqlər var. Müxalifət rəsmiləri hər dəfə parlamentə gələn məmurdan ilk olaraq bunu soruşurlar: "Niyə Ermənistan Prezidenti, Baş naziri və ya digər məmurlar Qarabağa getmirlər?" Artıq onlar da qəbul edirlər ki, Ermənistan rəsmilərinin Qarabağa səfərlərinin məhdudlaşdırmasına dair öhdəlikləri var. Bu öhdəliyin pozulması Baş nazir Paşinyana digər tərəfdən – Azərbaycandan təzyiqlərin göstərilməsi ilə nəticələnir. Paşinyan Qarabağa səfər edən məmurları vəzifədən azad etməklə bu addımları, səfərləri dəstəkləmədiyini, bunun onun göstərişi ilə baş tutmadığını göstərməyə çalışır".
Hərbi təcrübəsi olmayan şəxsin vəzifəyə gətirilməsinə münasibət bildirən Ədalət Verdiyev bunu Ermənistanda müdafiə naziri təyin etməyə adamın qalmaması ilə izah edib:
"Ermənistanın 30-40 generalı var idi ki, onların da hamısı Paşinyanın istefa verməsi üçün ərizə imzalayan şəxslər idi. Onlardan biri vəzifəyə gətirilsə, yenə də Paşinyan tənqid hədəfi olacaq. Yeni müdafiə naziri təyin olunan şəxs – Suren Papikyan isə cəmi üç ay əvvəl Ermənistanda Baş nazirin müavini – infrastruktur naziri təyin edilmişdi. Üç ay bir nazirin öz vəzifəsinə alışması üçün belə, yetərli deyil. Papikyan ona görə müdafiə naziri postuna gətirilib ki, o, Paşinyana loyal, onun göstərişlərinə sorğu-sualsız əməl edən biridir. Hesab edirlər ki, Papikyan vəziyyəti heç olmasa gərginləşdirməyəcək".
Arşak Karapetyanın Qarabağa səfərinin nəticəsini şərh edən Verdiyev deyib ki, ermənilər növbəti dəfə Laçında təxribata əl atıblar:
"Əsgərlərimizə qarşı qumbara atıldı, onlar mövqelərini irəli çəkmək istəyərkən, əksinə mövqelərini itirmələri ilə barışmalı oldular. Növbəti dəfə Ermənistan ordusu, rəhbərliyi öz uğursuzluğu ilə barışmalı oldu. Bu isə onsuz da bərbad durumda olan Ermənistan hərbçilərinin, xalqının mənəvi-psixoloji durumuna daha da zərbə vurdu".
Sərhəddə növbəti gərginlik
Son günlər Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd "KamAZ" markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
Bundan əvvəl də Laçın, Kəlbəcər rayonlarındakı mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulmuş, Şuşa yaxınlığında ermənilər tərəfindən terror aktı törədilmişdi.
Həmçinin oxuyun:
Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə baş verənlərə görə dəyişdirildi
Xəbər lenti
0