DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistanın müdafiə naziri Azərbaycanla sərhəddə baş verənlərə görə dəyişdirildi

© SputnikErmənistan Müdafiə Nazirliyinin binası
Ermənistan Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 15.11.2021
Abunə olmaq
Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib. Onun yerinə nazir postunu Suren Papikyan tutub.
BAKI, 15 noyabr — Sputnik. Suren Papikyan Ermənistanın yeni müdafiə naziri təyin olunub.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
O, bu postda Arşak Karapetyanı əvəzləyib.
Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə nazirinin dəyişməsini Azərbaycanla sərhəddə baş verənlərlə izah edib.

"Bu qərar dünənki hadisələri təhlil etdikdən sonra verilib. Mən səhər cənab Karapetyanı dəvət etdim və nazir kimi gördüyü işlərə görə təşəkkür etdim. Dedim ki, onun gördüyü hər şeyi yüksək qiymətləndirirəm, lakin hazırkı vəziyyət məni nazirin dəyişdirilməsi ilə bağlı qərar verməyə vadar edib”, - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Arşak Karapetyan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirdiyi Azərbaycan ərazilərinə Qanunsuz səfər edib.
S.Papikyan 1986-cı ildə aprelin 26-da Ermənistanın Stepanavan şəhərində anadan olub. Yerevan Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 2012-2016-cı illərdə Sankt-Peterburq Dövlət Universitetinin aspiranturasında oxuyub. 2018-ci ildə ərazi idarəetmə və inkişaf naziri işləyib. 2021-ci il avqustun 2-də Baş nazirin müavini təyin olunub.
Sərhəddə növbəti gərginlik
Son günlər Azərbaycan-Ermənistan təmas xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-i gecə saatlarından başlayaraq Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələrində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Mövqelərimiz heç bir səbəb olmadan snayper tüfəngi və qumbaraatan da daxil olmaqla müxtəlif çaplı atıcı silahlardan istifadə edən qarşı tərəfin intensiv atəşinə məruz qalıb.
Bundan əlavə bu istiqamətdə infrastrukturun bərpası məqsədilə yol işləri aparan traktorumuz və bölmələrimizə təminat daşıyan 2 ədəd KamAZ markalı avtomobil də noyabrın 15-i səhər saatlarında Ermənistan hərbi bölmələri tərəfindən atəşə tutulub.
Texnikaya zərər dəysə də şəxsi heyət arasında xəsarət alan olmayıb. Ermənistan silahlı qüvvələrinin təxribatlarının, həmçinin döyüş mövqelərində aparılan mühəndis işlərinin qarşısını almaq məqsədilə bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən plana uyğun adekvat tədbirlər görülür.
Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.
Bundan əvvəl də Laçın, Kəlbəcər rayonlarındakı mövqelərimiz Ermənistan tərəfindən atəşə tutulmuş, Şuşa yaxınlığında ermənilər tərəfindən terror aktı törədilmişdi.
Xəbər lenti
0