CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda 83 manata uşaq qidası - Körpələrin ümidi analarına qalıb

© Sputnik / Zulfiyya GuluyevaUşaq qidaları
Uşaq qidaları - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Süni uşaq qidalarının Azərbaycandakı rəsmi distribütorları bunu dünyada bu məhsulların bahalaşması və süni uşaq qidalarının tərkibi ilə izah edirlər.
Bu günlərdə CHP-li millət vəkili Çətin Arık Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komitəsində deputatların diqqətini süni uşaq qidalarının qiymətindəki bahalaşmaya yönəltmək üçün qəribə addım atıb. O, parlamentin iclasına mağazalarda şüşənin içərisində xüsusi siqnalizasiya ilə mühafizə olunan süni uşaq qidası ilə qatılıb. Ç.Arık bildirib ki, Türkiyədə müxtəlif vaxtlarda böhranlar olsa da, süni uşaq qidası heç vaxt xüsusi mühafizə olunan vitrində saxlanılmayıb. Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginə xitab edən deputat hazırda Türkiyədə ən kiçik ölçüdə süni uşaq qidasının qiymətinin 80 lirə olduğunu bildirərək deyib: "O, mağazada kilidlənmişdi və oğurlanmasının qarşısını almaq üçün siqnalizasiya quraşdırılmışdı. Kilid altında saxlanılan, həyəcan siqnalı ilə qorunan uşaq yeməyi. Bu həyəcan siqnalının nə demək olduğunu bilirsinizmi, cənab nazir? Siqnal yeni doğulan körpənin süni qida qəbul edə bilməməsi, qidalandırıla bilməməsi, anaların körpələrini ac yatızdırması deməkdir. Bəli, bu ölkə çox böhranlar görüb, amma heç vaxt uşaq yeməyini bağlamayıb və yeni doğulmuş körpəni baxımsız qoymayıb".

Uşaq qidalarının qiyməti Azərbaycanda kəllə-çarxa çıxıb

Azərbaycanda süni uşaq qidaları hələ ki, xüsusi mühafizə olunan vitrinlərdə saxlanılmasa da, ölkəmizdə uşaq qidalarının qiyməti kəskin bahalaşıb. Nə qədər təəccüblü səslənsə də, ölkəmizdə hazırda qiyməti 83 manatdan yuxarı olan süni uşaq qidaları satılır. Sputnik Azərbaycan-ın mağazalarda süni uşaq qidalarının qiyməti ilə bağlı apardığı araşdırma zamanı həmin qidaların qiymətində kəskin bahalaşma olduğu üzə çıxıb. Hazırda ən çox tələbat olan "Nutrilon" süni uşaq qidalarının qiyməti 40 manata çatıb. "NAN" uşaq qidalarının qiyməti isə 39 manat 50 qəpiyə yüksəlib. Müşahidələrimiz zamanı bəlli oldu ki, hazırda satışda ən bahalı uşaq qidası "Kabrita" adlı uşaq qidasıdır. 800 qramlıq qabda olan bu süni uşaq qidasının qiyməti nə az, nə çox - 83 manat 59 qəpikdir. Mağazada satıcılar Sputnik Azərbaycan-a bildiriblər ki, süni uşaq qidalarının qiymətini bu qidaların satışını həyata keçirən rəsmi şirkətlər müəyyənləşdirir. Mağazalar süni uşaq qidalarına əlavə qiymət qoymurlar".
Mağazada həmsöhbət olduğumuz valideyn Gülnar Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, bir il əvvəl 19-20 manata aldığı "Friso" süni uşaq qidasının qiyməti hazırda 28 manat 39 qəpikdir. Evdə körpəsi olan valideyn bildirib ki, süni uşaq qidaları baha olduğundan cəmi 5 ay uşağa bu qidadan verə bilib. O, evdə uşağa hazırda inək südündən hazırlanan sıyıq verdiyini söyləyir.
Burger - Sputnik Azərbaycan, 1920, 06.10.2021
CƏMİYYƏT
Qeyri-düzgün qidalanma nəticəsində uşaqlar əqli və fiziki inkişafdan geri qalır

Yarım ilə 1008 manat

O ki qaldı uşaq qidalarının qiymətindəki bahalaşmaya, süni uşaq qidalarının Azərbaycandakı rəsmi distribütorları bunu dünyada bu məhsulların bahalaşması və süni uşaq qidalarının tərkibi ilə izah edirlər.
"Kabrita" süni uşaq qidalarının Azərbaycandakı rəsmi satış nümayəndəliyindən Sputnik Azərbaycan-a bildirdilər ki, uşaq qidasının belə baha qiymətə olmasının səbəbi onun keçi südündən hazırlanması və tərkibinə palma yağı yox, kokos yağı vurulması ilə bağlıdır. Şirkət təmsilçisi qeyd edib ki, əgər ana uşağı təkcə süni uşaq qidası ilə qidalandırırsa, bu qida uşağa bir həftə üçün kifayət edər. Yox əgər uşaq ana südü ilə bərabər süni uşaq qidası qəbul edirsə, 14 gündən bir valideyn bir qutu süni uşaq qidası almalıdır. Bu isə bir aya 168 manat edir. Uşağın ən azı 6 ay süni uşaq qidası qəbul etməli olduğunu nəzərə alsaq, bir valideyn 6 ayda qiyməti 83 manat 59 qəpik olan süni uşaq qidası almağa 1008 manat pul xərcləməlidir. Apardığımız araşdırma zamanı məlum oldu ki, satışda pediatrların da keyfiyyətinə görə məqbul hesab etdikləri süni uşaq qidalarının qiyməti 29 manatdan aşağı deyil. Bu isə bir ailə üçün bir aya 150 manat xərc deməkdir.

Ana südü ilə qidalanma aşağı düşüb

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, süni uşaq qidalarının günü-gündən bahalaşmasının bir səbəbi də onlara olan tələbatdır. N.Quliyev deyir ki, bu gün Azərbaycanda ana südü ilə qidalanma səviyyəsi aşağıdır: "Hazırda körpələrin ana südü ilə qidalanma səviyyəsi 50 faiz həddindədir. Bu, bir yaşa qədər uşaqlarla bağlı rəqəmdir. İki yaşa qədər qidalanma faizi isə daha aşağıdır. Bundan sonra ana südü ilə qidalanma faizi iki dəfə artırılmalıdır ki, vəziyyət qənaətbəxş hesab olunsun".
N.Quliyev deyir ki, ana öz övladını iki il öz südü ilə qidalandırmalıdır. Həmsöhbətimiz anaların süni uşaq qidalarına meyillənməsində pediatrların da günahkar olduğunu söyləyir.
"Çox təəssüf ki, doğum evlərindən analara uşağı süni qida ilə qidalandırmaq tövsiyə olunur. Hətta tibb və doğuşa yardım şöbələrində körpələr üçün süni qidaları tövsiyə edirlər. Buna qəti şəkildə yol vermək olmaz. 2003-cü ildən ölkəmizdə süni qida qatışıqlarının satılması ilə bağlı qanun qəbul olunsa da, ona nəzarət qənaətbəxş deyil".

Süni qida istehsalçılarının fırıldağı

N.Quliyev deyir ki, hazırda bəzi süni uşaq qidaları şirkətləri keçi südü adı altında bahalı qidalar təklif edir. Halbuki keçi südünün ana südü ilə elə də yaxınlığı yoxdur: "Bu gün süni uşaq qidalarının klassik xammalı inək südüdür. Tibbdə keçi südü inək südündən sonra dayanır. Keçi südünün uşağın qidalanmasında daha məsləhətli olması tibbdə öz əksini tapmayıb".
N.Quliyev bildirir ki, istehsalçılar süni uşaq qidası hazırlamaq üçün südü separasiya edirlər: "Südün tərkibində böyük miqdarda kazein olur. Müvafiq texnoloji üsulla yüksək mollekullu kazein südün tərkibində yarıya qədər azaldılır. Sonra süd buxarlandırılıb qurudulur".
Дети в защитном щите, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.08.2021
CƏMİYYƏT
Baş pediatr: valideynlər süni qidaları uşağa verəndə yaxşı-yaxşı düşünməlidirlər
Onun sözlərinə görə, hazırda bəzi süni uşaq qidası istehsal edən şirkətlər öz ölkələri üçün süni uşaq qidasını maye şəklində hazırlayırlar. Başqa ölkələrə ixrac üçün isə süni uşaq qidaları qurudulmuş hala salınaraq qablaşdırılır.
N.Quliyev süni uşaq qidalarından imtina etməyin anaların öz əlində olduğunu söyləyir. Bildirir ki, dünyada insandan başqa heç bir canlı öz balasını öz südü ilə qidalanmaqdan məhrum etmir: "Valideynlər bilməlidirlər ki, ana südü ilə qidalanan uşaqlar daha sağlam olur. Onlar daha az xəstələnirlər, xəstəliklərə qarşı immunitetləri yüksək olur. Heç bir ana südünün olmamasını bəhanə gətirib uşağı bu nemətdən məhrum etməməlidir. Bunu edirsə, təbiətin qanununu pozmuş olur".

Süni uşaq qidaları ƏDV-dən azad edilməlidir

İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər bir çox ölkələrdə uşaq qidaları, geyimləri sosial məhsullar kateqoriyasına aid edilib və dövlət tərəfindən bu məhsullara müəyyən güzəştlər tətbiq olunub: "Azərbaycanda yerli istehsal, demək olar ki, yoxdur. Bu məhsula görə 15 faizlik gömrük rüsumu, 18 faizlik ƏDV ödənilir. Uşaq qidalarını sosial məhsullar siyahısına aid edərək onları gömrük rüsumu və ƏDV-dən azad etmək olar ki, bazarda müəyyən tənzimləmələr yaransın".
Bahalaşmanın səbəblərindən danışan ekspert deyir ki, artıq xaricdə də inflyasiya sürətlənməsi yerli bazarda belə qida məhsullarının qiymətində özünü göstərir: "Bundan başqa, logistika da bahalaşıb. Əsasən də konteyner daşımalarının qiyməti az qala 6-7 dəfə qalxıb. Dünyada gedən bütün bu proseslər qiymətlərə təsir edir. Çünki ölkədə daxili istehsal yoxdur və rəqabətli mühit formalaşmayıb".
O bildirir ki, minimum istehsal zənbili və digər sosial kateqoriyalara aid hesablamalarla bağlı hər hansı bir dəyişikliyə ehtiyac var: "Hesablama qaydaları kifayət qədər problemlidir. Yaşayış minimumunun hesablanması beynəlxalq standartlara cavab vermir və nəticə etibarı ilə çox aşağı rəqəmlər alınır. Bunun da əsas səbəbi odur ki, minimum əməkhaqqı və əmək pensiyaları bu rəqəmlərə istinadən təyin olunur. Bu səbəbdən yaşayış minimumu ilə bağlı rəqəmlərin aşağı qalmasında hökumətin bir marağı var. Yaşayış minimumu daha yuxarı olarsa, bu zaman hökumətin əməkhaqqı və əmək pensiyaları ilə bağlı artıma getmək məcburiyyəti yaranacaq. Ona görə bu hesablama qaydaları kökündən dəyişilməlidir".
N.Cəfərli deyir ki, orta statistik Azərbaycan ailəsinin dolanışığı ilə bağlı yeni hesablama qaydalarına ehtiyac var. Ekspertin sözlərinə görə, bu hesablamalar aparılarsa, ölkədə nə qədər ailənin yaşayış minimumundan aşağı səviyyədə yaşadığının şahidi olacağıq ki, bu da istər-istəməz yoxsulluq rəqəmlərinə mənfi təsir edəcək.
"Statistik rəqəmləri pozitiv bir göstərici olaraq təqdim etməkdənsə, reallığı əks etdirən rəqəmlər üzərində çalışmaq lazımdır. Ümumiyyətlə, uşaq geyimləri və yeməkləri ilə bağlı xüsusi hesablama qaydalarına ehtiyac var".
Натик Джафарли - Sputnik Azərbaycan
Natiq Cəfərli
İqtisadçı

Uşaq qidaları da monopoliyadadır

Millət vəkili Fazil Mustafa isə bildirir ki, Azərbaycanda uşaq qidalarında inhisarçılıq var: "Yerli uşaq qidalarının istehsalına cəhdlər olsa da, sonradan buna maneə yaradıldı. İnhisarçılığın hökm sürməsi, rəqabətin olmaması çox zaman bizdə faciələrə səbəb olur. Uşaqların xəstələnmələrinin, sağlam böyüməmələrinin əsas səbəblərindən biri də budur. Qiymətlərin yüksək olması müəyyən ailələrin sağlamlıq baxımından daha az faydalı olan məhsullardan istifadə etməsinə şərait yaradır. Bundan başqa, qeyd edim ki, uşaqların vaxtında qidalanmaması müəyyən yaşdan sonra onların xəstəliklər qazanmasına yol aça bilər".
Fazil Mustafa deyir ki, fiziki cəhətdən uşaqların qeyri-sağlam olmasının əsas səbəblərini elə uşaq qidalarında axtarmaq lazımdır.
"Bu qidaların keyfiyyəti arzuolunan səviyyədə olmasa da, qiymətləri yüksəkdir. Çalışmaq lazımdır ki, ölkədə rəqabət mühiti olsun. Bunu bacaran kifayət qədər sahibkar olsa da, sahibkarlığın inkişafına məhdudiyyət var. Şərait yaradılmadıqda, kredit verilmədikdə o zaman həmin sahəni dirçəltmək də çətin olur".
Обсуждения, посвященные проблемам создания семьи в Азербайджане, в мультимедийном пресс-центре Sputnik Азербайджан. 14 сентября 2018 года  - Sputnik Azərbaycan
Fazil Mustafa
Millət vəkili
Millət vəkili də vurğulayır ki, uşaq qidalarını ƏDV və rüsumlardan azad etməklə də bu sahədə müəyyən tənzimləmələr aparmaq mümkündür.
Eləcə də oxuyun:
* AQTA xəbərdarlıq etdi: qida əlavələri dərman vasitələrini əvəz etmir
* Azərbaycanda körpələrin ana südü ilə qidalanma faizi açıqlandı
* Uşaqlar arasında enerji içkiləri ilə bağlı vəziyyət nəzarətdən çıxıb
* Azərbaycanda qida israfı: Dünyanın xeyli ölkəsini geridə qoyuruq
Xəbər lenti
0