Ceyhun Bayramov Fransada erməniləri rüsvay etdi
23:43 10.11.2021 (Yenilənib: 09:59 11.11.2021)
© © STEPHANIE LECOCQ / POOL / AFPAzərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov, arxiv şəkli
© © STEPHANIE LECOCQ / POOL / AFP
Abunə olmaq
Siyasi debatlara qatılan XİN rəhbəri ermənilərin Qarabağda, eləcə də Ermənistanda Azərbaycanın mədəni irsini sistemli şəkildə məhv etdikləri barədə faktları açıqlayıb.
BAKI, 10 noyabr - Sputnik. Biz müxtəlif yazışmalarımızda Ermənistanın törətdiyi kobud pozuntular və qeyri-qanuni fəaliyyətlər barədə UNESCO-ya xəbərdarlıq etmişik və son 30 il ərzində işğal olunmuş ərazilərə texniki missiya göndərilməsinin zəruriliyini xahiş etmişik. Təəssüflər olsun ki, Ermənistan hər dəfə bu missiyanın göndərilməsinə əngəl törədib. Bunu UNESCO 2005-ci il hesabatında etiraf etmişdir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Fransada, UNESCO Baş Konfransının 41-ci Sessiyasının Ümumi Siyasət Debatında çıxışında deyib.
Etibarlı donor tərəfdaşı
Xanım Odri Azuleni yenidən UNESCO-nun Baş Direktoru seçilməsi münasibətilə təbrik edən nazir Azərbaycanın bu qurumla uzun müddət davam edən əlaqələrinə diqqət çəkib: "Gələn il biz UNESCO-ya üzv olmağımızın 30 illiyini qeyd edəcəyik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yorulmaz səyləri sayəsində bizim UNESCO ilə güclü, dinamik tərəfdaşlığımız var. Bu 30 il ərzində Azərbaycan UNESCO-nun mühüm və etibarlı donor tərəfdaşına çevrilib.
Azərbaycan dünyanın müxtəlif yerlərində UNESCO-nun nəcib missiyasını dəstəkləyir və mədəniyyətlərarası dialoqun təşviqində Təşkilatın əsas tərəfdaşlarından biridir. Azərbaycan və UNESCO arasında yaradılmış Etimad Fondu vasitəsilə qız uşaqlarının təhsili, maddi və qeyri-maddi mədəni irsin qorunması, elm və innovasiya texnologiyaları, fəlakət riskinə hazırlıq kimi prioritet istiqamətlərdə Afrika, Asiya və Latın Amerikası regionlarındakı UNESCO-ya üzv dövlətlərə dəstək verir".
Mədəni və təbii irsin qorunmasına sadiqlik
"Azərbaycan qlobal miqyasda həm mədəni, həm də təbii irsin qorunmasına sadiqdir. Afrikanın zəngin mədəni irsinin qorunub saxlanmasının son dərəcə vacibliyini nəzərə alaraq, Azərbaycan Afrika Ümumdünya İrs Fonduna maliyyə yardımı etmək qərarına gəlmişdir. Bundan başqa, Azərbaycan UNESCO-nun Afrika Qlobal Prioritetini dəstəkləyir və beynəlxalq ictimaiyyəti inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına xüsusi diqqət yetirməyə çağırır.
Azərbaycan 2020-ci ilin martında UNESCO tərəfindən yaradılmış Qlobal Təhsil Koalisiyasına qoşulmaq niyyətini ifadə edib. Bu baxımdan Azərbaycan bütün dünyada tələbələrə, xüsusən də ən həssas olanlara kömək etmək məqsədi daşıyan dəstəkləyici fəaliyyətlərə öz töhfəsini verəcəkdir. Azərbaycan hökumətinin Qlobal Təhsil Koalisiyasına bir milyon ABŞ dolları məbləğində töhfə verdiyini ifadə etməkdən qürur duyuram", - Ceyhun Bayramov qeyd edib.
Qarabağda erməni vandalizmi
Xarici işlər naziri sessiya iştirakçılarının nəzərinə çatdırıb ki, Azərbaycan öz ərazilərini Ermənistanın 30 illik işğalından azad edib və 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Üçtərəfli Bəyanat imzalaması ilə Ermənistanla Azərbaycan arasındakı silahlı münaqişəyə son qoyulub.
"Erməni işğalının nəticələri sarsıdıcı olmuşdur. Belə ki, Ermənistan istər 30 ildir işğal etdiyi ərazilərdə, istərsə də özlüyündə Ermənistanda Azərbaycanın mədəni irsinin məhv edilməsi, talan edilməsi və mənimsənilməsi istiqamətində sistemli siyasət həyata keçirmişdir.
İşğal dövründə yüzlərlə mədəni sərvət qəsdən və tamamilə dağıdılmış, zədələnmiş, talan edilmiş və tarixi-mədəni xarakterini dəyişmək məqsədilə dəyişdirilməyə məruz qalmışdır. 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan 2 məscid isə müsəlman dünyasına hörmətsizlik olaraq murdarlanaraq donuz və inək üçün tövlə kimi istifadə edilib. Minlərlə muzey eksponatı qeyri-qanuni yollarla Ermənistana aparılıb. Ermənistan tərəfinin bütün bu kimi hərəkətlərinin əsas məqsədi Azərbaycan mənşəyini göstərən işarələri aradan qaldırmaqdan ibarət idi, hansı ki mədəni soyqırımı nümunəsidir. Bundan əlavə, Ermənistan minalanmış ərazilərin xəritələrini paylaşmaqdan boyun qaçıraraq, qəsdən qaçqın və məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtmasının qarşısını alır", - Ceyhun Bayramov vurğulayıb.
XİN rəhbəri bu faktların həmçinin 1954-cü il Haaqa Konvensiyası və onun İki Protokolu, habelə 1970-ci il Konvensiyası kimi YUNESKO-nun sənədləri də daxil olmaqla beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasını təşkil etdiyini diqqətə çatdırıb.
"Azərbaycan hökuməti onilliklər boyu davam edən işğalın yaratdığı kütləvi dağıntıların nəticələrinin aradan qaldırılmasına yönəlmiş əməli addımlar atmağa başlamışdır. Azərbaycan ən yüksək səviyyədə bəyan edib ki, işğaldan azad edilmiş ərazilərdəki bütün mədəniyyət və dini abidələr mənşəyindən asılı olmayaraq lazımi qaydada mühafizə ediləcək və bərpa olunacaq. Azərbaycan bundan sonra da bu idealları və dəyərləri özünə rəhbər tutmağa davam edəcək və etnik və ya dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bütün hüquqlarını təmin edəcəkdir. Azərbaycanda 50-dən çox müxtəlif etnik qrup yaşayır", - nazir deyib.
UNESCO-ya təkrar dəvət
Azərbaycanın münaqişədən sonrakı reabilitasiya prosesində UNESCO ilə əməkdaşlıq etmək istəyində olduğunu bildirən Ceyhun Bayramov bildirb ki, münaqişənin başa çatmasından ötən aylar ərzində işğaldan azad edilmiş ərazilərə texniki missiya göndərmək məqsədilə Azərbaycan və UNESCO fəal şəkildə dialoq aparır: "Tərəflər missiyanın səmərəliliyini və müstəqilliyini təmin edəcək bir sıra mürəkkəb texniki, hüquqi və siyasi məsələlərdə razılığa gəliblər.
Mədəni irsimizə dəymiş misli görünməmiş zərərin qiymətləndirilməsi hökumətimiz üçün prioritet məsələdir və biz ən tez zamanda müstəqil texniki missiyanı qəbul etməyə hazırıq. Təəssüf ki, Ermənistan missiyanı əngəlləməyə və siyasiləşdirməyə çalışır ki, bu da missiyanın uğurla həyata keçirilməsinə xələl gətirir. Ermənistan bu prosesə müdaxilə etməməli və öz siyasi məqsədləri üçün Təşkilatın istismarına son qoymalıdır".
Azərbaycan dəyərlərinə hörmət
"Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə bu il Azərbaycanda “Nizami Gəncəvi ili” elan edilib. Oktyabrın 4-də Azərbaycan UNESCO-nun Baş Qərargahında Nizami Gəncəviyə həsr olunmuş tədbir təşkil edib və biz bu tədbirə ev sahibliyi etdiyinə görə xanım Baş Direktora öz təşəkkürümüzü bildiririk. Həmçinin, bu günlərdə Azərbaycan, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 40-dan çox ölkənin nümayəndələrini birləşdirən 8-ci Bakı Qlobal Forumuna ev sahibliyi edib", - C.Bayramov deyib.
XİN rəhbəru vurqulayıb ki, UNESCO-nun ideallarına və öhdəliklərinə müvafiq olaraq, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqu, tolerantlıq və xalqların birgə yaşayışı təşviq edir: "2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə başlanmış “Bakı Prosesi” beynəlxalq və regional təşkilatlar, o cümlədən UNESCO ilə tərəfdaşlıq əsasında mədəniyyətlərin yaxınlaşmasını təşviq edən qlobal platformaya çevrilmişdir.
Biz Qoşulmama Hərəkatına sədrliyi davam etdirməkdən şərəf duyuruq və 120 üzv ölkənin sədrliyimizi daha bir il, 2023-cü ilin sonuna qədər uzatmaq barədə yekdil qərarını yüksək qiymətləndiririk".
"Bildiyiniz kimi, Azərbaycan 2021-2025-ci illər üçün UNESCO-nun İcraiyyə Şurasına namizəddir. Əgər sizin dəstəyinizlə seçilərsə, Azərbaycan UNESCO-ya öz məqsəd və ideallarını həyata keçirməkdə daha çox töhfə vermək və yardım göstərmək imkanlarına sahib olacaq. Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan İcraiyyə Şurasında inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi üçün səylərini əsirgəməyəcək", - deyə Azərbaycan xarici diplomatiya idarəsinin rəhbəri yekunlaşdırıb.
Eləcə də oxuyun: