Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Atatürk fenomeni: Bestseller müəllifi, 48 saat fasiləsiz kitab oxuyan lider

© AP PhotoMustafa Kamal Atatürk - Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürk - Türkiyə Cümhuriyyətinin qurucusu  - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Noyabrın 10-u türk dünyasının böyük öndərlərindən Mustafa Kamal Atatürkün anım günüdür. Atatürkün həyatı və fəaliyyəti, onun mübarizə əzmi və optimizmi inanılmazdır. Atatürkə münasibət heç vaxt birmənalı olmayıb. Fanatikcəsinə heyranları, sevənləri, əleyhdarları bütün dövrlərdə olub və olacaq. Dəyişməyən bircə həqiqət var ki, Atatürk müasir Türkiyənin qurucusu və türk xalqının ən böyük qəhrəmanlarındandır.
***
Atatürkün ədəbiyyata, mədəniyyətə və incəsənətə xüsusi qayğısı və marağı, onu sənət adamlarının gözündə daha cazibəli şəxsiyyətə çevirir. Heç təsadüfi deyil ki, İstiqlal savaşında və Türkiyə müstəqilliyini qazandıqdan sonra Mustafa Kamalın yaxın çevrəsində hər zaman jurnalistlər və yazıçılar olub. Atatürkün onlarla tez-tez görüşməsi, fikir mübadiləsi aparması onun yaradıcı insanlara laqeyd olmadığını göstərir. Məsələn, Atatürkün sevimli yazıçım Peyami Safa ilə olan əhvalatını xatırlayıram.
Ədəbiyyat adamlarını toplayan Atatürk Xalid Fəxri Ozansoydan soruşur: "Ədəbiyyat qavramını necə başa düşməliyik?” Ozansoy danışmağa başlayanda Atatürk onun sözünü kəsir: "Olmadı, paşam, olmadı”. Daha sonra Atatürk ədəbiyyat haqqında düşüncələrini bölüşür, türk ədəbiyyatının vəziyyəti haqda danışır. Atatürk çıxışını bitirər-bitirməz Peyami Safa yerindən dillənir: "Olmadı, paşam, olmadı”. Ortalığa ölüm sükutu çökür. Hamının çəkindiyi zəhmli dövlət başçısına bu cür cavab vermək böyük cəsarət tələb edirdi. Ancaq Peyami Safa, ətrafındakıların qorxusuna fikir vermədən Atatürkün ədəbiyyatla bağlı düşüncələrinin yanlış olduğunu izah edir. Söhbətin sonunda Atatürk ədəbiyyat bilgisinin zəif olduğunu etiraf edib, yazıçının əlini sıxır və təşəkkür edir.
***
"Kitab oxumaq xüsusi sənətkarlıqdır”, – deyən Atatürk hətta ölüm yatağında olanda belə mütaliəyə davam edib.
Yılmaz Özdil "Mustafa Kamal” adlı məşhur kitabında yazır: "...Öyrənmək iştahası sonsuz idi. Öyrənməkdən doymaq bilməzdi. Kitab oxumaq ondan ötrü nəfəs almaq kimi bir şey idi. Tripolidə, Çanaqqalada, Qurtuluş savaşında ­ ən qanlı çarpışmaların ən ağır günlərində belə, kitabı əlindən yerə qoymazdı”.
Xalidə Ədib Adıvar, Fəxrəddin Altay və başqaları bu barədə xatirələrində ətraflı bəhs ediblər. Qurtuluş savaşının ilk illərində İslam tarixini dərindən araşdırıb, öyrənirmiş.
"1916-cı ildə Bitlisi düşmən işğalından azad edərkən Namiq Kamalın "Tarixi-Osmani”sini, Məhmət Əmin Yurdaqulun şeirlərini, Tofiq Fikrətin "Rübabi-şikəstə”sini, Alfons Dodenin "Safo”sunu oxuyurdu. 1918-ci ildə Karlsbadda müalicədə ikən Balzakın əsərlərini oxuyur, Karl Marksın "Kapital” əsəri ilə bağlı yazılan yazıları yaxından izləyirdi”.
***
1919-cu ildə "Zabit və komandanla həsbi-hal” adlı kitab yazmış, kitab 1000 tirajla çap olunsa da, sonradan qadağan edilmişdi. 1921-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxış edərkən Jan Jak Russonun "İctimai müqavilə” kitabını yuxarı qaldırır: "Əfəndilər, Jan Jak Russonu əvvəldən axıra qədər oxuyun, mən oxudum”.
1922-ci ildə, cümhuriyyətin elanından əvvəl Yəhya Kamal Bayatlının təklifi ilə İstanbul Universitetinin ədəbiyyat fakültəsi Mustafa Kamala "Fəxri professor” titulu vermişdi.
1924-cü ildə Ərzurumda baş verən zəlzələdə zərərçəkmişlərə istanbullu bir kitabçı indiyə qədər görünməyən bir şəkildə yardım etdi. Zəlzələdən zərərçəkən uşaqlara 1000 lirəlik kitab göndərdi. Mustafa Kamal bu hadisəni eşidəndə çox təsirləndi və istanbullu kitabçı Hilmi bəyə şəxsən teleqram göndərdi: "...Elm və ürfan əldə etmiş bir millətin hər cür fəlakətə, – bu təbiətdən gəlsə belə, – çarə tapa biləcəyinə işarə edən bu qəbildən hədiyyəniz bütün millətimiz tərəfindən təqdirəlayiq şəkildə qəbul edilir. Prezident, Qazi Mustafa Kamal”.
***
1927-ci ildə cəmi üç ay ərzində "Nitq” əsərini (kitabın 534 səhifəsi Atatürkün yazdıqlarından, 308 səhifəsi isə məktub və teleqramlardan ibarət idi) yazdı, sonra həmin əsəri 6 gün ərzində, gündə 6 saat olmaqla şəxsən Türkiyə Böyük Millət Məclisinin kürsüsündən özü oxudu. Hər il orta hesabla 100-150 min tirajla satılan "Nitq” 2018-ci ildə Türkiyədə ən çox satılan kitabların siyahısındadır.
Cümhuriyyətin onuncu ildönümündə İzmir Milli Kitabxanasını açmağa nail olan Atatürk 1934-cü ildə Türkiyəyə səfərə gələn İran şahını həmin kitabxanaya apararaq gəzdirdi.
Atatürk dünya tarixində qonaq dövlət başçısını kitabxanaya aparan ilk və yeganə dövlət başçısı idi! 1938-ci ildə dünyanın nüfuzlu ədəbiyyat təşkilatlarından biri olan Mark Tven Cəmiyyəti onu fəxri üzvlüyə dəvət etdi. Ən çox sevdiyi, hərbi məktəblərdə tədris etməyi tövsiyə etdiyi kitab rus yazıçısı Qriqori Petrovun "Ağ zanbaqlar ölkəsində” əsəri idi. Fantastik romanları ilə tanınan Herbert Corc Uellsi oxuyurdu. Onun "Tarixin son xətti” əsərini fransız dilinə tərcüməsindən oxumuş və təsirlənmiş, "Nitq”də bu əsərdən bəhs etmişdi.
***
O, təkcə bədii ədəbiyyat oxumurdu.
Eynşteynin nəzəriyyələrindən xəbərdar idi, fizikaya dair elmi-nəzəri kitablar, tikinti sahəsindən bəhs edən kitablar oxuyurdu. Alfred Fulyenin "Avropa millətlərinin mənəviyyatı” əsərini bir gecəyə oxumuş və çox bəyənmişdi. Leninin məqalələrindən ibarət, 1920-ci ildə Bakıda çap olunan "Burjua demokratiyası ilə proletariatın diktaturası” adlı kitabı oxumuşdu və kitabxanasında saxlayırdı. Lüdviq Büxnerin "Ruh fənni”, Avraam Qalantinin "Hammurapi qanunu”, Con Stüart Millin "Azadlıq”, Ömər Xəyyamın "Rübailər”, Şekspirin "Romeo və Cülyetta”, Homerin "İliada” əsərlərini oxumuşdu. "İstanbul Universitetinin kitabxanasından kitab alanda "15 günə qaytaracağına” dair kağız imzalayırdı”. "Paris, London, Roma və Vyanadakı türk səfirliklərinə rəsmi məktubla siyahı göndərir, kitablar sifariş verirdi. Hamısının pulunu da cibindən ödəyirdi”. Mütaliə dairəsi geniş idi. 1935-ci ildə Parisdəki səfirliyə göndərilmiş siyahıda, "iqtisadiyyat, statistika, sosiologiya, konstitusiya hüququ, antropologiya, dinlərin tarixi, diplomatiya tarixi, elmlərin tarixi, fəlsəfə tarixi, incəsənət tarixi, yaxın keçmişin ədəbiyyatı” mövzularında kitablar vardı. Bəzən də birbaşa əcnəbi kitab evlərinə sifarişlər verərdi. Məsələn, Fransadakı "Sirey” kitab evinə verdiyi sifarişlər 24 bağlamada göndərilmişdi...
"Dekartın, Kantın əsərlərini türk dilinə tərcümə etdirdi. Ogüst Kontun düşüncələri ilə hələ tələbə vaxtından tanış olmuşdu. Emil Dürkheymi oxuyurdu”. Ən böyük maraq dairəsindən biri də lüğət kitabları idi. Müxtəlif dillərə aid lüğətlər kitabxanasında olar, mütəmadi olaraq həmin kitabları oxuyaraq qeydlər edərdi.
48 saat fasiləsiz kitab oxuyarmış...
...Və dünyaya gözlərini yummazdan əvvəl Türk Tarix Qurumunun "Bülleten”ini oxumuşdu...
Xəbər lenti
0