Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

“Bayraktar”ın populyarlığını artırması onları niyə narahat edir?

© AFP 2024 / BIROL BEBEKBayraktar PUA-sı
Bayraktar PUA-sı - Sputnik Azərbaycan, 1920, 08.11.2021
Abunə olmaq
İranın hərbi texnologiyasının bugünkü dünyadan geri qaldığı şübhəsizdir. Bu ölkədən yalnız xurma almağa dəyər.
Xain daxildədirsə…
Amerikalı yazıçı Mark Tven 10 nəfər vəzifəli şəxsə zarafatca anonim "Qaç, işimizin üstü açıldı" deyə məktub yollayıb. Səhər açılanda həmin şəxslərin hamısı ölkəni tərk etmişdilər.
Keçmiş MTN şefi Eldar Mahmudovun əməkdaşlarının məhkəmə işi davam edir. Getdikcə belə məlum olur ki, dövlətin təhlükəsizliyini etibar etdiyimiz adamlar quldur dəstələri yaradaraq, sahibkarları sağmaqla məşğul imişlər. Strateji işlər bir kənarda qalıb, bu dəstə hazırladıqları siyahı üzrə iş adamlarından müxtəlif məbləğlərdə pullar alıblar. Hətta kafel-metlax satandan da. Məsələn, ötən həftəki iclasda aydın oldu ki, zərərçəkmişlərdən biri bu bizneslə məşğul imiş, ondan da 500 min manata yaxın pul alınıb.
Belələri olmasaydı, yəqin ermənilər 30 il üstümüzə xoruzlana da bilməzdilər. “Xain daxildədirsə, qapı kilit tutmaz” – deyirlər.
Napoleon deyirdi: “Vicdansız bir mühasib düşmən ordusundan daha təhlükəlidir”.
Pis mühasiblərdən yenə də ehtiyatlı olmalıyıq: parlaq qələbə ilə yaratdığımız yeni reallığı qorumaq üçün.
Unikal “comeback”
Azərbaycan torpaqlarını azad etməklə tarixi-unikal hadisə yaratdı. İndi isə daha bir unikal hadisə yaradırıq: Livan, 4 Lüksemburq qədər ərazini bərpa edirik. Dünya tarxində bu cür “comeback” yaxın yüzilliklərdə yoxdur.
“Şuşa ilə Azərbaycanın digər əraziləri arasında yollar başgicəlləndirici sürətlə tikilir”. ABŞ-ın “Foreign Policy” nəşrinin yazarı Liz Kukman Qarabağdan hazırladığı reportajda belə deyir.
Böyük Britaniyanın nüfuzlu "Financial Times” nəşrinin əməkdaşı Ayla Yakli isə Ağdamın küldən yenidən doğulduğunu yazır və Prezidentin Ağdamdakı xüsusi nümayəndəsi Emin Hüseynova istinad edir: “Ağdam şəhərinin küllərindən yenidən "doğulmasını” təsəvvür edin. Ermənilər bunu görəcək, burada iş axtaracaq və bizimlə dostlaşacaq. Bu, yaxşı siyasətdir. Nəticədə, müharibə aparmağa belə ehtiyac duyulmayacaq”.
Putinin xəritə təklifi isə erməniləri panikaya salıb. Rusiya prezidentinin bölgənin xəritələrinin arxivlərdə olduğunu qeyd etməsi o tərəfdə narahatlıqla qarşılanıb. Çünki Sovet hakimiyyətinin ilk xəritəsinə istinad edilsə, onda gərək Ermənistan Qərbi Zəngəzuru da Azərbaycana qaytara.
Bu arada Ermənistanda pizzadan 44 nəfər zəhərlənib. Nəsə, bu il bu 44 rəqəmi Ermənistanın nəfəsini kəsdi.
Ermənilərin sevmədiyi daha bir şey
Ermənilərin sevmədiyi daha bir şey – “Bayraktar”lar dünyada populyarlığını artırır. Bu “səma fatehi”ni əldə emək üçün bir çox ölkələr Ankaraya üz tutur…
Ukrayna Donbasda separatçılara PUA-larala zərbə endirdi. İndi erməni separatçılar kimi Donbasdakılar da bu silaha “şeytan əməli” kimi baxır.
Yeri gəlmişkən, ötən həftə Azərbaycan Televiziyasının ekranlarına çıxan, həmkarımız Vəfa Ağabalayevanın “Bayraktar – Səma fatehi” sənədli filmində bu silahın sirləri istehsalçıların öz dili ilə açılır. (Filmi buradan izləmək mümkündür: https://www.youtube.com/watch?v=gXukISHdGKI)
Bu arada İraqın baş naziri Mustafa Əl-Kazıminin Bağdaddakı iqamətgahına PUA vasitəsilə silahlı hücum olub, 10 təhlükəsizlik əməkdaşı yaralanıb… Amma yaxşı olardı ki, PUA-ları belə işlərə qarışdırmasınlar, onlar müqəddəs işlər üçündür.
“JF-17 Thunder” və öz texnikasını vuranlar
Ermənistan İranın köməkliyi ilə hərbi arsenalını reablitasiya etməyə çalışır. Sıx qarşılıqlı səfərlər də belə deməyə əsas verir. İranın hərbi texnologiyasının bugünkü dünyadan geri qaldığı şübhəsizdir. Bu ölkədən yalnız xurma almağa dəyər…
Azərbaycan isə qabaqcıl İsrail, Türkiyə və Pakistan silahlarını əldə edir – hər ehtimala qarşı. Sülh istəyirsənsə, müharibəyə hazır olmalısan axı. Budur, Pakistanın ən müasir qırıcılarından olan “JF-17 Thunder”-ləri əldə etməyə hazırlaşırıq. Çinlə birgə istehsal olunan bu dördüncü nəsil qırıcı təyyarəyə çinlilər “Qəddar Əjdaha” deyirlər. Təsəvvür edin, onu F-16-larla müqayisə edirlər.
Azərbaycan ordusu Türkiyə vasitəsilə NATO standartlarına uyğunlaşdırılır, Ermənistan isə təlimdə öz texnikasını vuran İran standartlarına can atır.
İrandan söz düşmüşkən…
İrandan söz düşmüşkən, ötən həftə bu ölkədən gələn xəbərlər də gündəm oldu. Təbrizdə maşınqayırma zavodunun işçiləri maaşlarının verilməməsi səbəbi ilə işi dayandırdılar.
Bu ölkənin xarici işlər naziri koronavirusa yoluxdu. İran prezidentinin çıxışındakı səhvləri isə polemikalara yol açdı. İki televiziyaya müsahibəsində “Lokomotiv” əvəzinə “lokomotir”, “meqavat” əvəzinə “meqavamat” deyir, 2013-cü ildə terror hücumu nəticəsində həlak olmuş məşhur ilahiyyatçı Şeyx Butinin adını “Şeyx Tuti” kimi tələffüz edir. Tərslikdən də “Tuti” fars dilində tutuquşu deməkdir.
O boyda ölkənin prezidenti özünü Cavanşir Paşazadə kimi aparır.
Əfqanıstanda ucuz qızlar
Əfqanıstanda bir ailə doqquz yaşlı qızını 2200 dollara evlənmək üçün 55 yaşlı kişiyə satıb. Həmin ata bir neçə ay əvvəl 12 yaşlı qızını da satıbmış.
Qurban (“Qurban” 55 yaşlı kişinin adıdır, bu vəziyyətdə yeganə qurban 9 yaşlı qızdır) deyib ki, “Pərvanə ucuz idi, atası isə çox kasıb. Pula ehtiyacı var. Evimdə çalışacaq, onu döyməyəcəm”.
Hər şeyi Talibanın üstünə atmaq da insafdan deyil. Taliban gəlib ataya 9 yaşlı qızını 55 yaşlı kişiyə ver deməyib. Cəmiyyət orta əsrlərdə qalıb, belə düşüncəyə o cür də hakimiyyyət yaraşır elə.
Təbiət etiraz edir
Yer kürəsində ötən həftə son bir neçə ildə ən güclü - beş ballıq şkala üzrə üçüncü səviyyəli maqnit qasırğası qeydə alınıb. Bu qeyri-sabitlik noyabrın 4-nə keçən gecə başlayıb və üç gün davam edib.
Ötən həftə dünyada üç milyondan artıq insan koronavirusa yoluxub, ölənlərin sayı 50 mini keçib. Bu, koronavirusdan ölüm göstəricisi 8 faiz artması demək idi. Bu arada Filippində 150 000 dozaya yaxın COVID-19 peyvəndi yanaraq məhv olub. Burda deyiblər bax, “neynədiz ala, arağın (oxu: peyvəndin) tapılmayan vaxtı…”
ABŞ-da isə 2 kaftar, 11 aslan və 2 pələngə koronavirus diaqnozu qoyulub
Bu arada ekoloqlar həyəcan təbili çalırlar: deyirlər ki, 2030-cu ilədək 6 şəhər iqlim dəyişiklikləri ilə əlaqədar olaraq sular altında qala bilər. Bədbəxt şəhərlər kimi Amsterdam, Bəsrə, Yeni Orlean, Venesiya, Hoşimin və Kəlküttənin adı çəkilir.
İndoneziya sahillərində isə 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Syerra-Leonenin paytaxtında isə benzin tankeri partlayıb və nəticədə 108 nəfər həyatını itirib.
Bu arada Yupiter və Saturn planetlərinə almaz yağışları yağır. Amma bu, təzə xəbər deyil.
Xəbər lenti
0