Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Çingiz Abdullayev mifi necə dağılır?

© Sputnik / Murad OrujovАзербайджанский писатель Чингиз Абдуллаев
Азербайджанский писатель Чингиз Абдуллаев - Sputnik Azərbaycan, 1920, 03.11.2021
Abunə olmaq
Azad edilən ərazilərin mühəndis-istehkam bölmələri tərəfindən minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.
BAKI, 8 oktyabr — Sputnik. Xalq yazıçısı Çingiz Abdullayev son on gündə üç dəfə gündəmə gəlməyi bacardı. Əhsən! Bizdə belə şeylər hələm-hələm olmur. Ancaq təəssüf ki, dünya şöhrətli xalq yazıçısı daha ciddi mövzularla diqqət çəkmək imkanında olsa da, hər üç mövzuda, yüngül desək özünü rüsvay etdi. Çingiz Abdullayevi yazıçı kimi qəbul etsək də, etməsək də onun çoxsaylı oxucularını dana bilmərik. Xeyirxahlığını, məşhurluğunu gözə soxmağa çalışmasa da, müəllim həm ölkədə, həm də ölkə xaricində kifayət qədər tanınır. Sadəcə, sosial şəbəkələrdən düzgün istifadə etməyi də bacarsa, çıxışlarında populizmdən və yersiz yaltaqlıqdan, məntiqsiz və əsası olmayan fikirlərdən çəkinsə elə indiki çəkisində, sanbalında 80 yaşına qədər rahat “şellənə” bilər. Təssüf ki, mənim zərrə qədər hörmət edə bilmədiyim bu insan mütəmadi olaraq qarışıq, mənasız və məzmunsuz fikirləri ilə gündəmə gəlir. Bəs bu qədər səbatsız, xalqdan uzaq, düşüncələrini doğru-dürüst ifadə edə bilməyən yazıçnın kitablarının satılmasının və oxunmasının sirri nədir? Bəlkə bu “kütləvi oxucu eyforiyası” illüziyadır? Əslində bunun da səbəbləri çox sədədir. 200-dən çox roman, az qala ölkənin bütün nəşriyyatlarında çap olunmaq, bazarda çeşid zənginliyi, ölkədən kənarda tanınması və oxunması ilə bağlı qurulan təbliğat və s. Hər Çingiz Abdullayevin oxunması və tanınması özlüyündə xoş hadisədir. Bu şəxsən məni qətiyyən narahat etmir.
***
Ötən ay köşələrimin birində qeyd etmişdim ki, “İqtisadi azadlığı olmayan yaradıcı insan çox sürətlə müvazinətini itirir”. Bəli, bu reallıqdır. Biz güclü obrazları dəyərləndiririk. Maddi imkanı yüksək, daima şıq geyimdə tədbirlərə qatılan, şəxsi sürücünün idarə etdiyi komfortlu avtomobilində tədbirlərə yollanan Çingiz müəllimin xarizmatik obrazı əksəriyyəti ovsunlayır. Yəni, xalq yazıçısının saxta ziyalı obrazını formalaşdıran, onun rahat və firavan həyatı, boy-buxunu, ahəngdar ruscası, rəngbərəng kitabları, qlamur və yenilməz qəhrəmanları ilə yanaşı, həm də maddi rifahıdır. Xalq özündən bir boy üstün olanın ziyalılığını daha rahat qəbul edə bilir. Çingiz Abdullayevin ziyalı imicini formalaşdıran, onun yaradıcılığı deyil. Ədəbiyyatdan az-çox başı çıxan oxucular bilir ki, onun romanları televiziya seriyallarından, "soap opera"lardan daha aşağı səviyyədədir. Ancaq bir vacib məqam da var – yaşını, ictimai faliyyətini, həyat tərzini nəzərə alanda 200-dən artıq romanı 62 yaşlı yazıçının yazdığına oxucuda ciddi sual da yaranır. Şəxsən mən, xalq yazıçısının sosial şəbəkələrdə müzakirəyə səbəb olan iki satusunu oxuduqdan sonra tam əmin oldum ki, bu adam yazıçı kimi yaradıcılıq, istedad, fiksiya qabiliyyətindən də məhrumdur. Hər iki statusun inandırıcılığı o qədər az idi ki, müəllifinin istedadsızlığına şübhə qalmır. Əcəba, sosial şəbəkələrdə iki statusu qurub-quraşdırıb düzgün, normal yaza bilməyən (Rusdilli olduğu üçün Azərbaycan dilində qüsurlu yazmağını keçirəm) bir şəxs, bu qədər romanı necə yazıb?
***
Xatirimdədir, bundan əvvəl xalq yazıçısı bir dəfə məmurları sərt tənqid etdiyi üçün, bir dəfə də Azərbaycan Yazıçılar Birliyinin balansındakı Məmməd Arif Dadaşzadə adına kitabxanaya aid yeri “26-lar” adlı gecə klubuna icarəyə verdiyi zaman gündəmə gəlmişdi. Məmurları sərt tənqid edən çıxışı qısa müddətdə gündəmə bomba kimi düşmüşdü. Sadə insanlarla yanaşı tanınmış şəxslər də bu çıxışın videosunu paylaşıb Çingiz Abdullayevi qəhrəman kimi alqışlayırdılar. Çünki, şüurlu fəaliyyətini susmaqla, yarınmaqla, şəxsi həyatını və rifahını düşünməklə keçirən bu adamın qəfil dilə gəlməsi insanları vəcdə gətirmişdi. Bir müddət sonra onun icarəyə verdiyi məkan qalmaqallı şəkildə bağlananda məlum oldu ki, bu mübhəm qəhrəmanlığın arxasında şəxsi hikkə dayanır. Əslində Çingiz Abdullayev xalqı incidən, rüşvətxor, bacarıqsız məmurları tənqid etməmişdi, onun şəxsi biznesinə mane olan məmurlara qarşı qəzəbini dilə gətirmişdi.
***
“I Qarabağ müharibəsi olmayıb,” – dünya şöhrətli xalq yazıçısı belə düşünür. Bu hələlik müəllimin sonuncu çıxışı, sonuncu rüsvayçılığıdır. Bu haqda, yazmağa belə utanıram. Nə deyəsən? Beş yaşlı uşağın belə anladığı, dərk etdiyi həqiqətləri bu qocaman yazıçıya necə başa salasan? Yaşının ahıl çağında olan bir adam niyə yalan danışsın, nə üçün oxucusunu, xalqı səhv istiqamətləndirsin ki? Minlərlə şəhid verdiyimiz bir savaşı xor görməklə, nəyə nail olmaq istəyir cənab Abdullayev? Açığı bu adamın şəxsiyyət olaraq da tükəndiyini düşündüyüm üçün, haqqında daha çox yazmaq istəməzdim. Məncə hər şey aydındır. Şəxsən mən, bundan sonra Çingiz Abdullayev adlı mifin necə dağıldığını izləməkdən zövq alacam. Əminəm ki, o da özünü biyabır etmək hüququndan geninə boluna istifadə edəcək.
Şəxsən mən çalışacağam ki, ən azı yaxın ətrafımda olan insanlar tariximizi, yaşadığımız faciələri unutmasın. Bilirəm ki, Çingiz Abdullayev kimi məhdud düşüncəli, saxta ziyalı imicinə arxalananlar hər zaman olub və olacaq. Və unutmayın ki, yalan ayaq tutsa da, yeriməz, cənab Abdullayev!
Xəbər lenti
0