CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kəndə düşmüş şəhərli müəllimin etirafları: "Son iki il onları məktəbə qoymurlar"

© Photo : courtesy of LalaLalə müəllimə
Lalə müəllimə - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Abunə olmaq
BAKI, 30 oktyabr — Sputnik. Ucqar məktəblərdə müəllim çatışmazlığının qarşısı tədricən alınır. Ailəsindən, doğma şəhərindən, öyrəşdiyi mühitdən ayrılıb, kəndə yollanan gənc müəllimlər orada özləri də əsl həyat dərsi alırlar. Sputnik Azərbaycan-ın müsahibi Lalə İbrahimova kimi.
Lalə İbrahimova 1996-cı ildə Sumqayıtda anadan olub. Dillər Universitetinin İngilis dili fakültəsini bitirdikdən sonra təhsil kurslarında müəllim işləyib. Etiraf edir ki, öncələr heç müəllim kimi fəaliyyət göstərmək niyyəti yox imiş: "Getdikcə uşaqlarla işləməyi daha çox sevdim. Bir müddət sonra düşündüm ki, MİQ-ə imtahan verim və müəllimlik fəaliyyətimi məktəbdə davam etdirim. Beləliklə, Qubanın Gömürdəhnə kəndindəki ümumi orta məktəbə işə qəbul olundum”.
© Photo : courtesy of LalaLalə müəllimə
Lalə müəllimə - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Lalə müəllimə

Gəldiyim gün o qədər qorxmuşdum ki, hər şeyi atıb hər an geri qayıda bilərdim

L.İbrahimova deyir ki, şəhərdə böyüdüyündən kənd haqda təsəvvürü çox az imiş: "Birdən-birə şəhərin mərkəzindən gəlib rayonun ən ucqar kəndinə düşdüm. İlk gün çox qorxdum. Çünki bu kəndə ancaq dağ yolu ilə gəlmək mümkündür. Yolun ətrafı sıldırım qayalar idi. Bir sözlə, özümü başqa dünyaya düşmüş kimi hiss edirdim. Öz-özümə düşünürdüm ki, hara gedirəm, burada necə yaşayacağam? Sanki bəxtimdən, həmin gün güclü yağış yağırdı. Maşın yolda sürüşdükcə məni qorxu və ağlamaq tuturdu. Sürücüdən bu yolları geriyə qayıtmaq üçün may ayını gözləməli olacağımı öyrənəndə çox məyus oldum. Qış mövsümündə bu yollar keçilməz vəziyyətə gəlirmiş. İlk dəfə evindən ayrılan gənc xanım üçün burada yaşamaq və istədiyi vaxt valideynlərini görə bilməməyi siz düşünün..."
© Photo : courtesy of LalaLalə müəllimə
Lalə müəllimə - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Lalə müəllimə

Kənddə şəbəkə ovu

"Kəndin ən böyük problemləri yol, qaz, su və internetdir. Yollar, demək olar ki, yoxdur. Buraya gəlmək üçün mütləq hündür və mühərriki böyük olan avtomobilin olmalıdır. Bir az yağış, qar yağan kimi yollar çox təhlükəli və keçilməz olur. Kənddə telefon şəbəkəsi yoxdur. Ailəmlə danışmaq istədikdə mütləq bayıra çıxıb şəbəkə axtarmalı oluram. Şəbəkə o qədər zəifdir ki, heç internetdən söhbət gedə bilməz. İnternetin olmaması da mənim işimdə bir çox problemlərin yaranmasına gətirib çıxarır. Çünki indiki dövrdə təhsil internet üzərində qurulub", - deyə müəllim şikayətlənir.
Onun sözlərinə görə, kəndə qaz çəkilmədiyindən sakinlər məcbur qalıb odun sobasından istifadə edirlər: "Bu il soyuqlar tez düşdü. Dağ kəndində isə çox soyuq olduğundan sakinlər sobadan istifadə etmək məcburiyyətində qalırlar. Bu da çox əziyyətli bir işdir. Odunu meşədən gətir, doğra, yığ və o soyuqda evə daşı. Hələ hər səhər durub sobaya od salmaq var. Bunlar hamısı çox zəhmət tələb edir".
© Photo : courtesy of LalaLalə müəllimə
Lalə müəllimə - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Lalə müəllimə
Gömürdəhnədə əsas problemlərdən biri də sudur. Müəllim deyir ki, kənd sakinləri suyu çaydan gətirir, həmin su günlərlə qalıb durulandan sonra ondan istifadə edirlər.

Qızlar ərə getməyə yox, oxumağa həvəslidirlər

"Məktəbdə sevindiyim və kədərləndiyim məqamlar var. Uşaqların 90%-i yaxşı oxuyur. Demək olar ki, onlara ingilis dili fənnini sıfırdan tədris edirəm. Şagirdlər də çox həvəslə öyrənib gəlirlər. Buranın çox savadlı və oxumağa həvəskar qızları var. Bu da məni çox sevindirir. Çünki onlar ərə getməyə yox, oxumağa həvəslidirlər. Amma kədərləndiyim məqamlar da var ki, kənddə bəzi valideynlər qız uşaqlarını tam oxumağa qoymurlar. Bura 9 illik məktəbdir. Qızların çoxu nə qədər oxumağa həvəsli olsa da, valideynləri son iki ili başqa məktəbə aparmırlar.
© Photo : courtesy of LalaLalə müəllimə
Lalə müəllimə - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Lalə müəllimə
Amma oğlanlar üçün bu qadağa yoxdur. Onlar 10 və 11-ci sinifləri istədikləri məktəbdə davam etdirə bilərlər. Sözün həqiqi mənasında bu gördüklərimdən çox mütəəssir oluram. Axı oxumaq istəyən savadlı uşağın qarşısını necə kəsmək olar? Ümid edirəm ki, mən burada olduğum müddətdə həmin qızlara bir yardımım toxunacaq və onların oxuması üçün əlimdən gələni edəcəyəm", - Lalə İbrahimova ümidlidir.
© Photo : courtesy of LalaLalə müəllimə
Lalə müəllimə - Sputnik Azərbaycan, 1920, 30.10.2021
Lalə müəllimə

Şəhərli müəllimi kəndə bağlayan məqamlar

"Buraya gələndə özümü başqa dünyadakı kimi hiss etsəm də, hazırda xoşbəxtəm. Buna səbəb burada gördüyüm sevgi, isti ocaqdır. Kəndin çox mehriban, qonaqpərvər insanları var. Məktəbdə başda direktor olmaqla bütün müəllim heyəti məni o qədər doğma qəbul etdi ki, bütün çətinlikləri unutdum. Şagirdlərim məni çox sevirlər. Bu da işləmək üçün mənə bir başqa stimul verir. Burada bir ailənin evində qalıram. Ailə çox mədəni, mehribandır, mənə çox doğma gəlirlər, sanki bu ailədə böyüyüb boya-başa çatmışam. Hətta mənim ikinci ailəmdir belə, deyə bilərəm", - Lalə İbrahimova söyləyir.
O qeyd edir ki, nə qədər çətin olsa da, burada qalıb uşaqların, əsasən də qızların yaxşı təhsil alması üçün əlindən gələni əsirgəməyəcək: "Lazım gələrsə, var gücümlə bunun üçün mübarizə aparacağam”.
Eləcə də oxuyun:
* "Çalıquşu" romantikası ilə Cəbiş müəllim imici: kəndlərə ziya aparanlar necə dolanırlar?
* Miki kənd sakininin arzusunu hərbçilərimiz reallaşdırıblar
* Diplomlu işsizlər - müəllim çox, iş yeri yox!
* Mis məftilin üstündə qurulan təhsildən "qızıl" gələcəyi necə gözləyək?
Xəbər lenti
0