Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bəs sən kimin “adamısan”?

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidMəmur, arxiv şəkli
Məmur, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Bu ölkədə uğur qazanmaq üçün mütləq “kiminsə adamı” olmaq şərtdirmi? Feodal münasibətlər sisteminin olmadığı bir dünyada yaşamaq, ibtidai icma quruluşunun yanaşmalarından nə qədər uzaq olmaq istəsək də, reallıqlar başqadır.
Üç yoldaş – fərqli sahənin adamları, fərqli düşüncənin daşıyıcıları olsaq da – çay içib, söhbət edirik. Bütün mədəni insanlar kimi, həyatın müxtəlif sahələrindən danışırıq. Masamızda qeybətə, dedi-qoduya yer yoxdur (Daxilən buna çox sevinirəm. Son vaxtlar qeybətə meyillənməyim məni dəhşətli dərəcədə narahat edir).
Qloballaşan dünya, dəyişən dəyərlər, ölkədə baş tutan islahatlar, işğaldan azad edilmiş ərazilərdəki yenidənqurma, daşınmaz əmlak bazarındakı vəziyyət və təbii ki, ortaq tanışlar haqda nəzakətli giley-güzar. Amma qeybət yox ha, giley-güzar. Yoldaşlar məndən ortaq tanışlardan birini xəbər alırlar, bu yaxınlarda yeni vəzifəyə təyin olunduğunu deyirəm. İkisi də eyni anda heyrətlənir: “Nə əcəb! Görəsən kimin adamıdır?” Çiyinimi çəkirəm, başımı bulayıram.
Qeyri-iradi pərtləşirəm, tutuluram. Canım sıxılır. Və beynimi uzun müddətdir məşğul edən bir sual yenidən düşüncəmə hakim kəsilir: “Bu ölkədə uğur qazanmaq üçün mütləq “kiminsə adamı” olmaq şərtdirmi?” Söhbətin sonrakı məcrası yadımdan çıxıb, ancaq evə gəlib çıxana qədər son bir neçə ayda eşitdiyim oxşar söhbətlər qulağımda uğuldayır…
…“Filankəs fəxri ad alıb, filankəsin adamıdır”.
…“Onun “daydayı” vəzifədədir, çəkəcək qabağa”.
…“Onu “yuxarı”dan tapşırıblar, “yuxarı”ların adamıdır”.
…“Sən heç bilirsən o kimin adamıdır?”
…“Onun belə odlu-alovlu danışmağına baxma, filankəsin adamıdır”.
Feodal münasibətlər sisteminin olmadığı bir dünyada yaşamaq, ibtidai icma quruluşunun yanaşmalarından nə qədər uzaq olmaq istəsəm də, reallıq yaxamı buraxmır. Yenə də dəstəbazlıq, yerlibazlıq, dostbazlıq, qohumbazlıq kimi müxtəlif “…bazlıq”ların tüğyan etdiyi bir cəmiyyətdə, yenə də öz gücünə və istedadına, savadına və bacarığına güvənməyib, kiminsə “adamı” olmağı seçən insanların arasında ömür tükədirəm.
Təbii ki, bu boz-bulanıq səmada hərdən ulduzlar parlayır, – şəxsi məziyyətləri və keyfiyyətləri ilə həyatda uğur qazanan, öz yerini tapan insanlar da yox deyil. Ancaq onlar da bir müddətdən sonra ya bezib ölkədən gedir, ya da kiminsə himayəsinə, hamiliyinə ehtiyac duyur.
***
Hər şey məktəbdən başlayır. Təbəqələşmə, yersiz himayəçilik, “sən heç bilirsən o kimin nəvəsidir?!” söhbətləri, yüksək qiymət üçün zənglər, dəxlisiz xahiş-minnət…
Bacımın məktəbli oğlu sinifdə müəllimi ilə qiymət üstündə mübahisə edib və müəllimi mənimlə hədələyib: “Mənim dayım şairdir! Beş yazmasan, ona deyəcəyəm!” Əvvəl bu söhbətə gülsəm də, sonra özümü çox pis hiss elədim. Şübhəsiz ki, mən özümü tanıyıram, belə söhbətlərdən min kilometrlərlə uzağam.
Ancaq bir anlıq bacım oğluna artıq qiymət yazması üçün müəllimə zəng edəcəyimi düşünüb, ürpəndim. Sonra bacım oğlunu qarşıma alıb, ona öz savadı, biliyi ilə adam olmağın vacibliyini anladığı dildə izah elədim. Bu söhbətimin nə qədər faydası oldu bilmirəm, sadəcə ümid edirəm ki, o, bir daha mənə güvənib qiymət davası etməyəcək, yüksək qiymət almaq üçün daha yaxşı hazırlaşmağa çalışacaq.
Mənə elə gəlir ki, biz lap kiçik yaşlarından övladlarımıza şəxsi nümunə göstərməli, onlara “kiminsə adamı” olmağı yox, dəyərlərin, prinsiplərin adamı olmağı aşılamalıyıq.
***
Yəqin ali təhsil illərini xatırlayırsınız. Rektorun, prorektorun, dekanın, dekan müavininin “adamları” olardı – gözükölgəli, qayğılı, bir az da özündənrazı. Qəfil “dayday”ı-hamisi vəzifədən çıxarılanda suya düşmüş kəsəyən kimi büzüşüb canını qoymağa yer axtaran o işığı sönmüş gənclər… Bir də gecəsini gündüzünə qatıb oxuyan, elmin, savadın adamı olan qürurlu, zəhmətkeş, bacarıqlı uşaqları düşünün.
Tanıdığım o qürurlu, zəhmətkeş və savadlı gənclərin çoxu əlini-ayağını bu ölkədən çəkib və hansısa qərib ölkədə bacarığının bəhrəsini görür. “Yuxarı”nın adamları da daraşıb müxtəlif idarə və təşkilatlara – yenə kimlərinsə adamlarıdır…
***
Bu sistem, bu düzən insanın canını sıxır. Baxırsan ağılı-kamalı, biliyi-bacarığı, istedadı-qabiliyyəti yerində olan işıqlı adamlar da, kiminsə qoltuğuna sığınmaq, kiminsə nüfuzunun kölgəsində daldalanmaq istəyir. Vecsizlər, bacarıqsızlar, bisavadlar mütləq özünə yer tapır, irəli getmək üçün lap şeytanın da adamı olmağı qəbul edir.
Adamı yandıran yaxşıların da bu rahatlığa, komforta qaçmasıdır. Düşünürəm ki, işin lap ibtidasından – bağçadan, məktəbdən, ali təhsil müəssisələrindən başlayaraq bu sistemi dəyişmək lazımdır. Övladlarımıza nümunə olmaq üçün öncə onların özlərinə güvənməsinə şərait yaratmalı, əbəs yerə onların həyatına müdaxilədən çəkinməliyik. Beləcə fərdlərin şəxsiyyət kimi formalaşmasına imkan yaradıb, meydan verməliyik.
Qorxaq, təmənnalı, gözükölgəli uşaqların böyüyüb himayəçi axtarması, kölgəsinə sığınacaq adam axtarması normaldır. İnamlı, bacarıqlı, xarakterli və şəxsiyyətli insanların himayəçisi, hamisi ağlı və zəkası, istedadı olmalıdır.
İnanıram ki, bir gün kiminsə qazandığı uğurun onun öz bacarığının meyvəsi olduğuna inanan bir cəmiyyətdə yaşayacağıq. Və bunun üçün hələ çox çalışmalıyıq…
Xəbər lenti
0