Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ərdoğanın birgünlük səfərində hansı mesajlar verildi?

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxış zamanı - Sputnik Azərbaycan, 1920, 27.10.2021
Abunə olmaq
Azərbaycan-Türkiyə münasibətləri bölgədə sülhün və sabitliyin qalıcı olmasına təminat verir və hər hansı kənar qüvvə bunu məhdudlaşdırmaq imkanına malik deyil.
BAKI, 27 oktyabr — Sputnik. Oktyabrın 26-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgünlük işgüzar səfərlə Azərbaycana gəldi. Birgünlük səfərdə Azərbaycan və Türkiyə prezidentləri tərəfindən müxtəlif məsələlərlə bağlı fikirlər səsləndirildi, əməkdaşlığın Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə qaldırılması vurğulandı. Liderlər Zəngəzur dəhlizinin əhəmiyyətini qeyd edərək, bu dəhlizin region ölkələri üçün iqtisadi və siyasi önəmi ilə bağlı açıqlamalar verdilər.
Sputnik Azərbaycan Türkiyə Prezidentinin səfərində verilən mesajlarla bağlı millət vəkili Fazil Mustafa və politoloq Əhməd Əlilinin fikirlərini öyrənib.
Millət vəkili Fazil Mustafa deyib ki, bu səfərdə xarici auditoriya üçün önəmli mesajlar var idi: "Ölkələrimizin dostları, düşmənləri var və onlar anlamalıdırlar ki, Azərbaycan və Türkiyə bütün məsələlərdə birgə hərəkət edir. Füzuli Beynəlxalq hava limanının açılışına ilk rəsmi səfərin Türkiyə Prezidenti tərəfindən gerçəkləşdirilməsi ənənələrin davamı kimi qiymətləndirilməlidir. Hər iki ölkədə prezident seçkiləri keçirildikdən sonra rəsmi şəxslər ilk səfərlərini bir-birinə edirlər".
"Liderlərin çıxışlarında Şuşa Bəyannaməsini xatırlamaları ciddi əhəmiyyət daşıyır. Azərbaycan-Türkiyə münasibətləri bölgədə sülhün və sabitliyin qalıcı olmasına təminat verir və hər hansı kənar qüvvə bunu məhdudlaşdırmaq imkanına malik deyil. Biz bütün bölgə ölkələrini bu əməkdaşlıq platformasına cəlb etməyə çalışdıq. Bunu İrana da izah etdik. Bizim tərəfimizdən İranı proseslərdən kənarda qoyacaq hər hansı addım atılmayıb.
Sadəcə cənub qonşumuz öz uydurduğu fikirlərlə Azərbaycana təzyiq etmək yolunu tutmuşdu. İndiki şəraitdə hər hansı ölkə Azərbaycanı nəyəsə məcbur etmək imkanına malik deyil. Ona görə də İran Azərbaycanın verdiyi təklifləri dəyərləndirməli, bölgədəki proseslərdə iştirakçı olmağa çalışmalıdır", - deyə millət vəkili qeyd edib.
Politoloq Əhməd Əlili bildirib ki, bu səfər özündə çox vacib mesajları ehtiva edirdi. Onun fikrincə, ötən il baş vermiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan öz ətrafında unikal bir koalisiya qurub: "Bu koalisiyanın tezliklə dağılacağını düşünən qüvvələr var idi. Ona görə də regional aktorlar tərəfindən Azərbaycana qarşı da addımlar atılır. Düşünürəm ki, bu səfərlə həm də mesaj verildi ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz".
Politoloq hesab edir ki, bu səfərdə Azərbaycanın daxili auditoriyası üçün də mesaj var idi. O bildirir ki, daxili auditoriyada Türkiyənin regionda olması ilə bağlı vaxtaşırı gedən müzakirələrə cavab olaraq belə bir mesajın verilməsinə gərək var idi.
Əhməd Əlili deyir ki, iki ölkə arasında əməkdaşlığın iqtisadi və siyasi tərəfləri var: "Türkiyə şirkətləri Çindən sonra ən çox infrastruktur quruculuğu işlərində fəaliyyət göstərənlər sırasındadır. O baxımdan, indiki şəraitdə bu mesajların verilməsi vacib məqamdır.
Bu həm Azərbaycanın, həm də Türkiyənin xeyrinə olan məqam olacaq. Qarşılıqlı əlaqələrin sürətlənməsi ilə bir müddət sonra Ermənistanın da normallaşma prosesinə qoşulmasının və daha sonra isə "3+3" formatının işə düşməsi nəticəsində regionda qalıcı sülhün, sabitliyin təmin olunmasının şahidi ola bilərik".
Həmçinin oxuyun:
Türk dünyası yenidən birləşəcək: Söhbət bir trilyon dollarlıq iqtisadiyyatdan gedir
Ərdoğan bir daha İran-Azərbaycan münasibətləri haqda - Sağlam düşüncə ilə hərəkət etsə...
Xəbər lenti
0