CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dastana dönüşün bir ili: Aclığı quzuqulağı ilə yatırmağı Xudayara kim öyrətmişdi?

© Photo : Sirxan MammedovYusifzade Xudayar
Yusifzade Xudayar - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Döyüş yoldaşlarının dediyinə görə, neçə sutka ac qaldıqlarından Xudayarın yığdığı quzuqulağını yeyiblər.
BAKI, 22 oktyabr — Sputnik. Bir il də belə ötdü. Sentyabrın 27-dən etibarən böyük hüznlə 44 günlük Vətən müharibəsində canından-qanından keçən şəhidlərimizin ildönümünü qeyd edirik. Onlardan danışmaq, yoxluqlarından yazmaq kimi şəhidlərimizin anaları ilə həmsöhbət olmaq da çox ağırdır.
Videoları, ifaları, duzlu-məzəli söhbətləri ilə əbədi yaddışımıza həkk olunan Xudayar Yusifzadəni bu gün ölkədə yenicə dil açıb danışmağa başlamış körpələrdən tutmuş ömür karvanı getmiş qocalara qədər hər kəs sevərək xatırlayır. Bu gün 2 908 Vətən Müharibəsi şəhidindən biri - Xudayar Yusifzadənin anım günüdür.
Yanağı qəmzəli, dillərə dastan Xudayar
Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. O doğulandan 24 gün sonra atası vəfat edib. Anası 1 qızı, 3 oğlunu götürərək ata evinə gəlib və övladlarını valideynlərinin himayəsində böyüdüb. Xudayar evin, böyük ailənin sonbeşiyi olduğu üçün nənə-babasının yanında yeri bir başqa olub.
Hərbi xidmətdən qayıtdıqdan bir müddət sonra sərhədçi olmağı qərarlaşdıran Xudayar Yusifzadə ailəsindən könüllü olaraq müharibəyə getməsi xəbərini gizlədib ki, anası, nənəsi, əzizləri narahat olmasın. Sadəcə, hərbi təlimlərə qatıldığını deyən, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərə qatılıb. O, oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.
Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" medalları, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Əziz xatirəsini yad etmək üçün anası Rada Yusifzadə ilə əlaqə saxlayırıq. İlk eşitdiyimiz isə elə Xudayarın səsi olur...
Anası üçün ötən bir ildən danışmaq çox çətindir:
"Elə biz o bir ilin içində qaldıq, yaşamadıq. Mən elə onun şəhid olduğu Zəngilanda qalmışam. O şəhid olan gündən elə bilirəm ki, mən də yoxam. İnanırsınız, özümdən belə xəbərim yoxdur, özümlə də maraqlanmıram. Nə səhhətim, nə həyat mənim üçün maraqlıdır... Müharibə təzə başlayanda onunla danışanda sadəcə sərhədləri bərpa etdiklərini deyirdi. Yəni, döyüşdə olduğunu demirdi. Oktyabrın 8-də Bərdənin şəhidi var idi, Bərdəyə raket atılmışdı, o zaman digər oğlumla görüşə bilmişdi. Qardaşı gəlib dedi ki, ana, tam əminliklə bil ki, Xudayar müharibədədir. Amma mən özüm belə ona bunu deyə bilmirdim, soruşa bilmirdim. Onun döyüşdə olduğunu bildiyimi də ona hiss etdirmədim".
Onunla son görüşənlərdən biri elə körpə Xudayarı gözünün ağı-qarası olaraq böyüdən nənəsi olub. Elə bu görüş də Xudayarın istəyi ilə baş tutub:
"Anam da Xudayarla görüşmək istəyirdi, sadəcə bilmirdi ki, bu görüş nə zaman alına bilər. Oktyabrın 15-də Füzulidə aşağı düşmüşdülər. Özü dayısına demişdi ki, qorxmasa, nənəmi gətir, görüşüm. Anam da qayıdanda dedi ki, elə bildim andiçmə mərasiminə getmişəm. Yəni, Xudayar oradakı mühiti, döyüşlərin ağırlığını zərrə qədər də olsa, hiss elətdirməyib".
Xudayar Bərdə vurulanda nənəsinə deyibmiş ki, yığışıb bir müddətlik xalasıgilə getsinlər. Müharibədə ola-ola, güllələr başının üzərində o baş, bu başa şığıya-şığıya Xudayar ailəsini də diqqətdən kənarda qoymayıb. Lakin özünə görə nə zərrə qədər narahat olub, nə də bir addımlığında olduğu ölümdən qorxub.
Elə çəkdiyi son videoları da elə təəssürat yaradır ki, sanki o, real düşmənlə döyüşdə deyil, virtual "müharibə oyunu"nda iştirak edir.
Dəliqanlı, dəlisov, coşqun, vətən eşqi ilə qaynayıb coşan, üzündə qorxu ifadəsi olmayan, həmişə gülümsəyən Xudayarı sonradan onun şərəfinə "Xudayar təsnifi" adlandırılan "Vətən yaxşıdır" mahnısının bənzərsiz ifası ilə tanıdıq. Bu gün isə Xudayar Yusifzadənin qəhrəmanlığı dillərdə dastana dönüb.
Anası Rada xanım deyir ki, oğlunun çəkdiyi videoların birində atışma səsi açıq-aşkar hiss edilsə də, kadrlardan da onun əhval-ruhiyyəsinin yerində olduğu görünür: "O elə edirdi ki, biz evdə döyüşün ağırlığını hiss eləmirdik".
Ac əsgərlərin qarnını quzuqulağı ilə doyuran oğlan
Dərdli ana Xudayarın uşaqlıq çağlarını belə xatırlayır: "Balaca vaxtı anam ona quzuqulağı haqda danışmışdı. Təsəvvür edin, aradan o qədər illərin keçməsinə baxmayaraq, Xudayar bunu yadında saxlamışdı. Sonradan döyüş yoldaşları deyirdi ki, biz ac qalanda, o, qayalıqların dibindən bizim üçün quzuqulağı yığırdı. Döyüş yoldaşlarının dediyinə görə, neçə sutka Xudayarın yığdığı quzuqulağını yeyiblər. İnanmazdım ki, kiçik yaşlarında quzuqulağını görən uşaq illər sonra onu xatırlaya bilər".
Anası Xudayar körpə olanda da çalışıb ki, ona atasızlığını hiss etdirməsin.
"Hər saniyə oğlumu xatırlayıram. Uşaqlıqda da kimsə ondan gəlib mənə şikayət etməyib. Hərdən deyirəm ki, kaş elə bir şey olaydı, yadımızda qalaydı. Yadımıza salıb deyərdik ki, səhv eləmişdi, kiminsə xətrinə dəymişdi. Məktəbə gedən uşağı adətən yuxudan güclə ayıldırlar. Amma yadıma gəlmir ki, bir dəfə də olsa, biz Xudayara dur deyək. Özü yuxudan qalxıb, geyinib sakitcə dayanardı. İşə gedəndə də elə olub. Ümumiyyətlə, heç vaxt bizi incitməyib, bizə qarşı həmişə qayğıkeş davranıb", - deyir Radə xanım.
Həmçinin onun anasından çox nənəsinə bağlı olduğunu bildirib:
"Məndən də çox anama bağlı olub. Çünki Xudayar anadan olandan 24 gün sonra atası rəhmətə getdiyi üçün uşaqlarımla anamgilin yanında qaldım. Nəsə olanda həmişə deyirdi ki, qoy gedim əvvəl nənəmlə məsləhətləşim. Boş oturmağı, avara-avara gəzməyi sevməzdi. Uşaq ikən onu işləməyə qoymasaq da, əsgərlikdən gələn kimi özünə iş tapdı, sonra da sərhədçi oldu".
Şəkinin dağlarını görüb "Şuşanın dağları"nı oxumaq
Onda musiqiyə olan maraq isə gendən gəlirdi: "Xudayarın atası da musiqiçi idi. Balaca idi, atamla səhv eləmirəmsə, Şəkidən gəlirdilər. Gəlib Şəkinin dağlarından ağız dolusu danışırdı. Deyirdi ki, dağlar çox gözəl görünürdü. Atam uzun illər Şuşada işləyib, nəvəsinin bütün günü Şəkinin dağlarından danışdığını görüb dedi ki, sən Şuşanın dağlarını görməmisən, Allah qismət eləsə səni Şuşaya aparardım ki, görəsən oralar necə gözəldir. Onda musiqi məktəbində oxuyurdu, gəlib dayısına demişdi ki, babam Şuşadan danışdı, gedib "Şuşanın Dağları" mahnısını öyrəndim".
Ana deyir ki, balaca Xudayar dayısına, babasına bu mahnını bir həvəslə oxudu ki, özü də bundan qürur duydu.
Xudayar Yusifzadə musiqini sevsə də, sonradan bu sənətin arxasıyca getməyib. Vətən eşqi isə onda hər şeyə qalib gəlib:
"O zamanlar seçilən sənətkarlar az idi, əksəriyyəti şou-biznes nümayəndəsi idi. Ona görə də Xudayar bu peşənin arxasınca getmədi. Xudayar ümumiyyətlə, hər zaman klassik, xalq ifalarına müraciət edərdi, onları böyük şövqlə oxuyardı. Onun "Xudayar təsnifi"ni oxuduğu o videosuna baxanda deyirəm ki, ay balam, sən orada necə də xoşbəxt görünürsən. Axı müharibənin içindəsən, aclıq, susuzluq var, ölüm-itim var, torpağın üstündə yata-yata, günlərlə yuxusuz qalıb döyüşlərə girə-girə necə ola bilər ki, üzündə bir qədər də olsa, qorxu, həyəcan yoxdur?! Döyüş yoldaşlarının dediyinə görə təminatları çox olsa da, davamlı olaraq sürətlə irəli getdikləri üçün qidanı onlara çatdırmaq çətinləşmişdi. Günlərlə ac-susuz qalıblar".
"Deyəsən şərəfsizlər məni vurdular"
Ananı qəhər boğsa da, göz yaşları içində Xudayarlı ömründən olan xatirələri vərəqləyir:
"1-ci sinifdə oxuyanda əlifba bayramı üçün hərbi forma almağımızı istəmişdi. Formanın kəməri yox idi, əyninə geymək istəmirdi ki, bu cırılar axı. Böyük dayısı özünün əsgərlikdən gətirdiyi kəməri onun belinə uyğun formada kəsib taxdıqdan sonra formanı geyindi".
Bəlkə də körpəlik geyimləri, əmziyi, süd butulkası, nənnisi anası üçün bir təsəlli ola bilərdi. Amma illər öncə bu əşyalar bir təsadüf üzündən yanıb külə dönüb:
"Onun körpəliyindən elə yemək butulkasından tutmuş çox şeyini saxlamışdım. Yaşadığımız ev 2017-ci ildə yandı. Evin kül olmağı ilə Xudayarın körpəliyinə aid əşyalardan, geyimlərdən, bir sözlə heç nədən əsər-əlamət qalmadı, hər şey yandı".
Lakin onun məzun formasını, xəyalında olan gələcək evinin çertyojunu anası göz bəbəyi kimi qoruyur. Bir də Xudayarın uşaq ikən ifa etdiyi bir səs yazısı, "Şuşanın dağları" qalır.
Ana hökumətin onların ailəsinə göstərdiyi diqqət-qayğıdan razıdır. Bu dünyada ehtiyacı olan tək şey Xudayardır. "Vətən yaxşıdır" oxuyaraq əməlləri ilə dastana dönən Xudayar indi təkcə Rada ananın deyil, bütün vətənin, Azərbaycanın, türk dünyasının oğludur.
Azərbaycan xalqının vətənpərvər, qəhrəman oğullarından biri olan Xudayar Yusifzadə 2020-ci ilin 22 oktyabrında Zəngilan istiqamətində gedən döyüşlərin birində şəhid olub. Düşmən gülləsinə tuş gəlməsinə baxmayaraq, son damla qanına qədər döyüşüb. Döyüş yoldaşlarının dediyinə görə, o, düşmən tərəfindən vurulması anını belə dilə gətirib: "Deyəsən şərəfsizlər məni vurdular".
Həmçinin oxuyun:
"Xudayar təsnifi" Şuşanı bürüdü: Şəhid anaları və övladları müqəddəs torpaqlarda
Adı dastana dönən şəhidimizin doğum günüdür
Şəhidin anası: "Xudayar mənim yox, Azərbaycan xalqının oğludur"
Kraliçanın olduğu tədbirdə "Xudayar təsnifi" səsləndi – britaniyalılar heyran qaldılar
Xudayar Yusifzadənin anası: "Məhkəməyə üz tutacağam"
Xəbər lenti
0