"Xudayar təsnifi" Şuşanı bürüdü: Şəhid anaları və övladları müqəddəs torpaqlarda

© Photo : State Security Service of the Republic of AzerbaijanВид на Шушу, фото из архива
Вид на Шушу, фото из архива - Sputnik Azərbaycan, 1920, 24.09.2021
Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.
BAKI, 24 sentyabr — Sputnik. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə Şuşada "Mənim atam qəhrəmandır" layihəsi çərçivəsində tədbir keçirilib.
Vətən müharibəsində adı əfsanəyə çevrilmiş gizirlərimizdən olan şəhid Xudayar Yusifzadənin anası Radə xanım, şəhid övladları və digər iştirakçılar Cıdır düzündə şəhidlərimizi yad ediblər.
Sputnik Azərbaycan-in məlumatına görə, şəhid övladları könüllülərlə birlikdə "Xudayar təsnifi"ni oxuyublar.
Azərbaycanın qəhrəman oğulları bu musiqinin sədaları ilə bir daha yad olunub.
Sonra Xudayar Yusifzadənin və digər şəhidlərin anaları övladlarının ruhu şad olsun deyə Şuşa dağlarına gülab səpib, dualar oxuyublar.
Qeyd edək ki, bu gün səhər saatlarında şəhid övladları hərbi polisin müşayiəti ilə onlara ayrılmış avtobuslarda Şuşa şəhərinə istiqamət alıblar. Şuşa şəhərinə "Zəfər marşı"nı ifa edərək daxil olan şəhid övladları tədbirə öz atalarının rəsmi, digər uşaqlar subay şəhidlərimizin rəsmləri həkk olunmuş geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi olan və "Mənim qəhrəmanım" yazılmış geyimlərdə qatılıblar.
Onları İsa Bulağında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov qarşılayıb. Səhər yeməyi ərəfəsində doğum günü bu günə təsadüf edən Şəhid Ramid Hacıyevin övladı Əlini hər kəs təbrik edib. Aydın Kərimov şəhidin balaca balasını hədiyyə ilə sevindirərək təbrik edib və onun üçün Şuşada hazırlanmış tort kəsilib. Sonra tədbirə qonaq qismində qatılan Xalq artistləri Alim Qasımov və Zülfiyyə Xanbabayeva şəhid övladları, şəhid anaları üçün İsa Bulağında "Qarabağın maralı" mahnısını ifa ediblər.
Daha sonra tədbir iştirakçıları Yuxarı Gövhər Ağa məscidində olub. Orada general-mayor Polad Həşimovun anası Səmayə xanım başda olmaqla şəhid anaları namaz qılıb, Allaha dua ediblər. Sonra tədbirə qatılan Olimpiya çempionları Cıdır düzündə uşaqlar üçün güləş təlimi həyata keçiriblər. Yarışın sonunda həm əylənən, həm də yarışan uşaqların hər birini Olimpiya çempionları birinci yer medalı ilə təltif edib.
Tədbirin gedişində şəhid anaları Şuşa qalasının önündə şəhidlərin ruhuna ehsan bişirərək hazırda Şuşada xidmət edən əsgərlərə paylayıblar.
Daha sonra tədbirin rəsmi hissəsi baş tutub. Rəsmi hissədə aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırıb.
Sonra tədbirin ikinci aparıcısı Lalə Azərtaş general-mayor Polad Həşimovun anasını Səmayə xanımı çıxış üçün dəvət edib.
"Bu torpaqları gördükcə bir daha təsəvvür edirəm ki, burada necə ağır döyüşlər gedib, oğullarımız, şəhid balalarımız necə qəhrəmanlıqlar göstərib" - deyən şəhid anası övlad həsrətinə dözmək çətin olsa da, oğlunun zəfərimizin bir parçası olması ilə qürur hissi keçirdiyini deyib.
O, "Mənim atam qəhrəmandır" tədbirinin təşkilatçılarına dərin minnətdarlığını bildirərək Şuşaya ayaq basdıqları üçün xoşbəxt olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Aydın Kərimov öz növbəsində şəhid analarına belə qəhrəman övladlar yetişdikləri üçün minnətdarlıq edərək qəhrəman oğullar var olduqca bu Vətənin də var olacağını deyib.
Tədbirdə çıxış edən "Fire Land Production"un rəhbəri Cəlal Qurbanov da öz növbəsində tədbirin əsas məqsədinin öz qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu bildirib. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin şəhid ailələrini hər zaman diqqətdə saxladığını vurğulayan C.Qurbanov bu tədbiri Şuşada keçirməyin onlar üçün şərəf olduğunu deyib.
Rəsmi hissənin sonunda Aydın Kərimov və Məftun Abbasov şəhid övladlarına "Xarıbülbül" döş nişanı hədiyyə ediblər.
Daha sonra qəhrəman şəhidlərimizin övladları əsgərlərimizlə birlikdə Şuşa qalasının önündə olan "Xarıbülbül" nişanını əsən güclü küləklər səbəbindən boşaldığı üçün torpağa bərkidiblər. Şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov təşkilatçılardan ona verilən "Xarıbülbül" nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban Əliyevaya göndərmələrini xahiş edib.
"Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub tonqalın ətrafında yallı gedək" - deyə öz arzusunu dilə gətirən balaca Ağaseyid - "Mən də hər kəsin qarşısında söz verirəm ki, qəhrəman atam kimi mən də hər zaman Vətənimi qoruyacağam və sevəcəyəm", söyləyib.
Qeyd edək ki, tədbirə fəxri qonaq qismində qatılan Azərbaycanın Xalq artistləri Alim Qasımov, Zülfiyyə Xanbabayeva, Rasim Balayev, Nurəddin Mehdixanlı şəhid övladları, şəhid anaları ilə öz hisslərini bölüşüblər. Zülfiyyə Xanbabayeva Cıdır düzündə "Şuşanın dağları" mahnısını ifa edib.
Tədbirin sonunda Cıdır düzündə şəhid övladları sənət adamlarıyla birlikdə "Zəfər marşı"nı ifa edərək səmaya ağ göyərçinlər buraxıb, dünyaya "Müharibə olmasın! Uşaqlar atasız qalmasın!" mesajını veriblər.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала