"Bəzən sadəcə pəncərədən baxa bilmək belə, xoşbəxtlikdir" - qırmızı zonadan həmsöhbət
© Photo : from the personal archive of Leyla AliyevPsixoloq Leyla Əliyeva
© Photo : from the personal archive of Leyla Aliyev
Abunə olmaq
Psixoloq Leyla Əliyevanın Moskva həkimlərinə COVID-19-la mübarizədə yardım etməsi barədə.
BAKI, 19 oktyabr — Sputnik. "Ancaq xahiş edirəm, elə təsəvvür yaranmasın ki, guya mən özümü tərifləyirəm", – müsahibəyə başlayar-başlamaz Leyla deyir.
Əvvəllər o, ağır xəstələrə qulluq edən himayədar tibb bacısı işləyib, hazırda xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlarla çalışan psixoloqdur. Xəstəliklərlə, insan əzabları ilə hər gün qarşılaşır. İndi bütün bunlara pandemiya da əlavə olunub: Leyla könüllü kimi qırmızı zonaya yollanıb.
Leyla Əliyeva öz iş təcrübəsi barədə Sputnik Azərbaycan-a danışıb.
Pasiyent deyil, dost
Leylanın birinci ixtisası psixoloqdur. Deyir ki, birinci kursdan psixoterapiya ilə maraqlanıb. Praktikaya başlayanda isə başa düşüb ki, uşaqlarla işləmək istəyir.
"Həmin vaxt bizi balaca bir oğlanın yanına apardılar, uşağa baxan kimi aydın olurdu ki, psixi problemləri var. Amma hiss elədim ki, bu uşaqdan qorxmuram, əksinə mənə maraqlı idi, onun niyə belə olduğunu aydınlaşdırmaq istəyirdim. Beləliklə, öz peşəmi seçdim".
Hazırda Leyla Moskvada, Müqəddəs Sofiya sosial evində çalışır. Bu, Rusiyada inkişafdan geri qalan əlil uşaqlar üçün açılmış ilk qeyri-hökumət təşkilatdır.
"Bu uşaqların valideynləri yoxdur, onlardan imtina olunub. Bəzən bu uşaqları görənlər soruşurlar ki, siz burada necə işləyirsiniz? Hər gün bu uşaqları görəndə ürəyiniz ağrımır? Onlara yazığınız gəlmir?" Adətən, sosial evin rəhbərliyi bu suala belə cavab verir: iki tip insan var. Birincilər məhz bu uşaqlara yazığı gələnlərdir. Onlar dərhal ağlamağa, həyəcan keçirməyə başlayırlar. Onlar burada işləyə bilməzlər. Amma elə insanlar da var ki, bu uşaqları görəndə fikirləşirlər: görəsən, onlara necə kömək edə bilərəm? Yəni, bu heç də o demək deyil ki, sakit yanaşan insanların ürəyi daşdandır. Sadəcə onların reaksiyası fərqlidir", – deyə Leyla düşüncələrini bizimlə paylaşır.
Leyla prinsipial olaraq, sosial evdə tərbiyə alan uşaqları pasiyent adlandırmır, onlara yalnız dost və ya uşaq deyir.
"Mənim buradakı ən yaxın dostumun adı Daniladır, biz artıq dörd ildir ki, dostuq. Əvvəllər mən onun şəxsi müşayiətçisi olmuşam. Bu o deməkdir ki, sən həmin uşaqla yuxudan durandan yatana qədər məşğul olmalısan. Danila adi uşaq deyil. Onun genetik xəstəliyi var, "Lejen sindromu"ndan əziyyət çəkir. Danışa bilmir, ancaq müəyyən səslər çıxarır. Həm də çox az adamla ünsiyyət qurur. Amma mən bura gələn kimi, nədənsə onu özümə yaxın hiss etdim", – Leyla Əliyeva deyir.
© Photo : from the personal archive of Leyla AliyevPsixoloq Leyla Əliyeva
Psixoloq Leyla Əliyeva
© Photo : from the personal archive of Leyla Aliyev
Əqli inkişafdan geri qalan uşaqlarla ünsiyyət qurmaq üçün uzun yol qət etmək lazımdır. Heç də belə olmur ki, sən otağa girirsən və siz dərhal dostlaşırsınız. Ancaq sən uşaqlarla ünsiyyət qurmağa səy göstərir, əlləşir-vuruşursan və axırda onlar səni qəbul edirlər. Bu hiss daha xoşdur. Bir dəfə möhkəm xəstələnmişdim, bir müddət işə gedə bilmədim. Nəhayət, sağalıb işə gedəndə Danila məni gördü, əlbəttə ki, heç nə deyə bilmədi, amma gülməyə başladı. Elə sevindim ki! Deməli, məni yaddan çıxartmamışdı.
Xəstəliyi görməməyi öyrənmək olar
Leylaya bu kimi hallara sakit yanaşmağı hələ himayədar tibb bacısı kursunda öyrədiblər. Sosial evdə işə başlamazdan əvvəl o, kiçik tibb bacısı ixtisasına yiyələnib. İlk pasiyenti dağınıq skleroz xəstəliyindən əziyyət çəkən bir qız olub.
"Himayədar tibb bacısı xəstəni axıra kimi müşayiət etməlidir. Mən də həmin qızla il yarım məşğul oldum, ta ki gedənə kimi... Və bütün bu müddət ərzində onun öləcəyi barədə düşünmədim. Deməli, ilk növbədə xəstəliyi deyil, insanı görməyi öyrənmək olar".
Sağalmaz xəstəliklərdən əziyyət çəkən insanlarla bir neçə il işlədikdən sonra Leylanın yada salacağı çox xatirəsi var. O, himayəsində olan hər bir xəstənin gündəlik rejimini hələ də yaddaşında saxlayır: kimin üçünsə sadəcə mağazadan nəsə almalı, ev işlərində kömək etməli, kimin üçünsə də səhər sıyıq bişirməli olub. Kimisə gəzməyə aparıb, ya da çarpayıdan qalxmasına kömək edib. Bəzən də Leya kiminsə həyatının son günlərində yanında olub...
Bəzən sadəcə pəncərədən baxa bilmək belə, xoşbəxtlikdir
Leylanı Xalq Təsərrüfatı Nailiyyətlərinin Sərgi Kompleksində COVID-19 hospitalına yönləndiriblər.
"Kompleskin pavilyonlarından biri koronavirus hospitalına çevrilmişdi. Digər könüllülərdən fərqli olaraq, mənim kurs keçməyimə ehtiyac qalmadı. Yalnız xəstələrə oksigen verməyi öyrənməli oldum".
Leylanın çalışdığı bölmədə bütün xəstələr oksigen balonuna qoşulmuşdular. Onlara baxan könüllülər hər dörd saatdan bir dəyişdirilirdi. Ancaq birinci gün Leyla cəmi saat yarım tab gətirə bilib, ağır qoruyucu geyimdə özünü pis hiss eləyib.
"İş çox idi, mələfələri dəyişirdim, pasiyentlərin yeməyini verirdim, ya da sadəcə onlarla söhbət eləyirdim. Çox vaxt onların ünsiyyətə hər şeydən daha çox ehtiyacları olur. Çünki bu, həm fiziki, həm də mənəvi cəhətdən ağır xəstəlikdir: həftələrlə bağlı otaqda qalırsan, ayağa durmağa icazə verilmir, üstəlik, heç kimlə ünsiyyət də saxlaya bilmirsən.
Bəzən öz yaxınlarına görə narahatlıq hissi keçirmək xəstənin vəziyyətini bir az ağırlaşdırır.
Leylanın ailəsi insanlara bu qədər can yandırdığına görə onunla qürur duyur.
"Ancaq bütün bunları niyə elədiyimi bəzən başa düşə bilmirlər", – deyə Leyla gülə-gülə əlavə eləyir.
"Hələ xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləməyə təzə başlayanda anam və bacım çox narahat olurdular. Deyirdilər ki, bu işin yerinə ofisdə kimlərəsə məsləhət vermək olardı. Düzdür, olardı, amma məndə alınmadı", – Leyla gülümsəyərək deyir.
Çünki real həyatın içində olmaq onun daha çox xoşuna gəlir və doğmaları da Leylanın bu seçiminə hörmətlə yanaşırlar.
Eləcə də oxuyun:
* Azərbaycanda İlizarov aparatına abidə ucaldılıb
* İtaliyali cərrah xaş, çay və Azərbaycanda işləməyin üstünlükləri barədə - video
* Vətəninə köməyə gəlmiş tibb bacısı: Belə bir gündə burada olduğuma görə qürur duydum