Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Qəddar kütlənin lağ hədəfinə çevrilənlər: Heykəlləşək, yoxsa?..

© Sputnik / Murad OrujovKitab yarmarkası
Kitab yarmarkası - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Ölkəmizdə ədəbiyyatla, yaradıcılıqla məşğul olmaq xoşbəxt, ümidli gələcək - bir sözlə, perspektiv vəd etmir.
İki böyük ədəbiyyat bayramı arxada qaldı. Oktyabrın 1-dən 10-na kimi davam edən, İdman Sarayında baş tutan ilk müstəqil Milli Kitab Satış Sərgisi və 6-10 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil edilən VII Bakı Beynəlxalq Kitab Sərgisi kitabsevərlər üçün yaddaqalan və möhtəşəm bayrama çevrildi.
Pandemiya səbəbindən uzun müddətdir kitabla, ədəbiyyatla bağlı tədbirlərin keçirilməməsi, ədəbi mühitdə, kitab bazarında durğunluq yaratmışdı. Baş tutan hər iki sərgi kitabla bağlı ümidlərimizi təzələdi. Məhz bu baxımdan hər iki sərginin təşkilatçılarına ürəkdən təşəkkür edirəm.
Hər iki sərgidə iştirak etdiyim üçün təəssüratlarımı bu günlərdə ətraflı yazmağı düşünürəm. Ancaq hələlik uzun müddətdir müşahidə etdiyim, sərgi ərəfəsində ya “zəlzələdən, ya vəlvələdən” yenidən diqqətimi çəkən, məni narahat edən bir məsələ barədə fikirlərimi bölüşəcəyəm.
***
Azərbaycanda şairin, yazıçının, ədəbiyyat adamlarının ümumi vəziyyəti, sosial qayğıları və problemləri heç kəsə sirr deyil. Müxtəlif səbəblərdən Azərbaycan yazıçısı, şairi çətin şərtlər altında fəaliyyət göstərir. Ən sadə şəkildə ifadə etsək, Azərbaycanda ədəbiyyat adamlarının əksəriyyəti kasıbdır. Bəzi məmur-yazıçıları, biznesmen-şairləri çıxsaq, ümumi vəziyyət qənaətbəxş deyil. Bunun xeyli sosial, iqtisadi, siyasi səbəbləri var ki, bütün bunları sadalamağa ehtiyac görmürəm.
Bu yazını oxuyan hər kəs bilir ki, ölkəmizdə ədəbiyyatla, yaradıcılıqla məşğul olmaq xoşbəxt, ümidli gələcək - bir sözlə, perspektiv vəd etmir. Ciddi yaradıcılıqla məşğul olan hər kəs bunu şüurlu şəkildə dərk edir və demək olar ki, taleyi ilə barışır. Məncə, yerli ədəbiyyata oxucunun etimad göstərməməsinin ən ciddi səbəblərindən biri də budur.
İqtisadi azadlığı olmayan yaradıcı insan çox sürətlə müvazinətini itirir, onun “qayğısına qalan” ixtiyari məmurun, biznesmenin “qucağına yıxılır”, ya da “bir tikə çörək” müqabilində ruhunu sıxan, şəxsiyyətinə, ideologiyasına uyğun olmayan işlərdə çalışır. Beləcə, səsi boğulmuş, əqidəsinə dönük çıxmış, mağmın, fərsiz, bacarıqsız ədəbiyyat adamları çoxalır, heç bir avtoriteti, sanbalı olmayan yazıçı və şairlər qəddar kütlənin lağ hədəfinə çevrilir.
Uzun müddətdir müşahidə edirəm, yaradıcı insan maddi cəhətdən yaxşı təmin olunursa və üstəlik normal istedadı varsa, oxucu ona heyranlıq duyur, yaradıcı insan kasıbdırsa, sosial problemlər, məişət qayğıları içində çırpınırsa, nə qədər böyük istedad sahibi olsa da, oxucu ona acıyır, daha doğrusu, yazıq, bədbəxt gözüylə baxır. Bilmirəm, nə qədər yerinə düşür, bu məqamda Xalq şairi Ramiz Rövşənin aşağıdakı misraları yadıma gəlir:
Sən də daşlamağa özgəsini tap,
Məni ömür boyu daşlayan adam,
Gilası mürəbbə, quzunu kabab,
Şairi heykəltək xoşlayan adam
***
Bəli, cəmiyyət şairi, yazıçını “heykəltək” xoşlayır. “Heykəlləşə” bilməsən, vay halına! Yazıçını, şairi bütləşmiş, heykəlləşmiş görmək arzusu bizim qanımıza işləyib.
Əgər şair, yazıçı sağlığında “heykəlləşə” bilmirsə, cəmiyyət sözü bir yerə qoyubmuş kimi, həmin şairi dışlayır, məhv edir. Sərgilər ərəfəsində yazıçı və şairlərin təbəqələşməsini, oxucunun fərqli münasibətini gördükcə bu qənaətim möhkəmləndi. Ümumiyyətlə, nəyin hesabına olursa-olsun, güclü olmağa çalışmağın tərəfdarı deyiləm.
Yaradıcı insan şəxsi seçiminə görə dərviş həyatı da, səfil həyatı da yaşaya bilər. Ancaq dövlət bu məqama diqqət etməli, əgər dünyada mədəniyyətlə, ədəbiyyatla tanınmaq istəyirsə, yaradıcı insanların avtoritet sahibi olmasına çalışmalıdır. Ədəbiyyat və mədəniyyət bizi dünyada tanıda biləcək ən ciddi faktordur.
Oxunmalı kitab: Mustafa Çəmənli “Xallı gürzə”
Nəşriyyat: “Mücrü” Nəşriyyatı
Janr: Tarixi roman
Dili: Azərbaycanca
Səhifə: 420
“Xallı gürzə” Azərbaycan tarixində parlaq iz qoymuş bir şəxsiyyətin – Pənahəli xan Cavanşirin həyatından bəhs edir. O, XVIII əsrin əvvəllərində Nadir şahın sarayından qaçaraq bir müddət Qəbələ, Şəki, Qarabağ dağlarında daldalanmış, az sonra Qarabağ xanlığını yaratmış, öz hakimiyyəti dövründə Bayat, Şahbulaq, Pənahabad (Şuşa) şəhər-qalalarının əsasını qoymuşdur.
Tarixi qaynaqları bədii təxəyyülünə söykək seçən müəllif görkəmli sərkərdə, müdrik dövlət xadimi Pənahəli xanın Zəmanəyə diz çökməyən obrazını yaratmışdır. Xalqın dövranı qara gələndə zaman onun böyük oğullarını xallı gürzə timsalında udub məhv edir. Roman bu qayə ilə – zaman və şəxsiyyətin faciəsi fonunda oxucunun qan yaddaşını oyadır, onu daxili düşüncəyə və yaşanmaya sövq edir.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала