Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dördüncü nəsildə dəmiryolçu ailəsi - Dəmir intizamla çalışanlar

© Sputnik / Nigar IskanderovaMəhəbbət Abbasov
Məhəbbət Abbasov - Sputnik Azərbaycan, 1920, 13.10.2021
Otuz bir ildir ki, dəmir yolu işçisi olan Məhəbbət Abbasov bu peşəni yaşadaraq nəsildən-nəslə ötürənlərdən biridir.
BAKI, 13 oktyabr — Sputnik. Bu gün onların - dəmir yolu işçilərinin peşə bayramıdır. Ölkə başçısı İlham Əliyevin 7 oktyabr 2005-ci il Sərəncamı ilə hər ilin 13 oktyabrı dəmir yolu işçilərinin peşə bayramı kimi qeyd olunur.
Bu peşəni nəsildən-nəslə ötürən dəmir yolu işçiləri arasında Məhəbbət Abbasovun da adını qeyd etməliyik.
© Sputnik / Nigar IskanderovaMəhəbbət Abbasov
Məhəbbət Abbasov - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Məhəbbət Abbasov
Sputnik Azərbaycan-ın həmsöhbəti olan 53 yaşlı Məhəbbət Abbasov artıq 31 ildir ki, bu peşədə çalışır: "Babam, atam, əmim də dəmiryolçu olublar. Təsəvvür edin, bizim nəslin yeddi üzvü dəmiryolçudur. 1945-dən 1960-cı illərədək babam Keşlə stansiyasında yol-tikinti ustası işləyib. Əmim Abbas Abbasov 52 il Pirsaat stansiyasında stansiya rəisi vəzifəsində çalışıb. Atam Yusif Abbasov 1960-2001-ci illərdə Nəvaidə stansiya rəisi vəzifəsində, anam isə həmin stansiyada kassir olaraq çalışıb. Qardaşım da həmin stansiyada 10 il stansiya növbətçisi olub. Özüm isə 1990-cı ildən Biləcəri işarəvermə və rabitə stansiyasında işləmişəm. Daha sonra Ələtə keçdim. 2001-ci ildən Nəvai stansiyasında çalışmağa başlamışam və 17 il orada işlədikdən sonra 2019-cu ildən Pirsaatda stansiya rəisiyəm".
Bakı Dəmir Yolu Nəqliyyat Texnikumunu bitirən dəmiryolçu deyir ki, bu peşəyə maraq qanlarında olub: "Uşaq ikən hər gün atam, babam evə xüsusi formada, rəsmi geyimdə dönürdülər. Bu iş forması məndə bu peşəyə böyük bir maraq yaratmışdı. Atam, babam bizi hərdən özləri ilə stansiyaya da aparırdılar. Beləcə özümüz də bilmədən bu peşəyə marağımız yaranmışdı".
Həmsöhbətimiz deyir ki, 24 yaşlı oğlu da bu peşənin davamçısıdır: "Bu gün oğlum yolumu davam etdirir. O, hərbi xidmətdən qayıtdıqdan sonra dedi ki, dəmiryolçu olacaq. Hazırda oğlum Qaradağ stansiyasında nəzarətçi rəisdir".
Onlar bu irsi, ənənəni digər nəsillərə ötürmək üçün atalarından, əmilərindən qalan formaları qoruyaraq göz bəbəkləri kimi saxlayırlar.
Məhəbbət Abbasov bildirir ki, iş prosesində elə bir çətinliyi olmayıb: "Amma qeyd edim ki, bütün işlərdə olduğu kimi, burada da məsuliyyət, öhdəlikləri vaxtında yerinə yetirmək çox vacibdir. Biz hər zaman çətinliyin öhdəsindən gəlməyi bacarmışıq".
© Sputnik / Nigar IskanderovaMəhəbbət Abbasov
Məhəbbət Abbasov - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Məhəbbət Abbasov
Həftənin 6 günü 08:00-dan axşam 18:00-dək iş başında olan həmsöhbətimizin işinin əsas məğzi qatarların təhlükəsizliyini təmin etmək, vaxtında yollara baxışı həyata keçirməkdir. M.Abbasov deyir ki, son illərdə dəmiryolçuların rifahının yaxşılaşdırılması müsbət dəyişikliklərdən biridir: "Yolların çəkilməsi, yeni qatarların alınması, dəmiryolçuların rifahının yaxşılaşdırılması bizi daha da sevindirir. Cavid Qurbanovdan öncə əməkhaqqımız çox aşağı idi. O, sədr olduqdan sonra əməkhaqqımız bir neçə dəfə artdı. Dəmir yolunda dəmir intizam olmalıdır. Biz bu dəmir intizamla işləyirik, işimizə çox bağlıyıq".
Xatırladaq ki, Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdirilməsi birbaşa neft daşınması ilə əlaqədar olub. Sahibkarlar mədənlərlə neftayırma zavodları arasında dəmir yolunun çəkilməsi haqqında dəfələrlə Nazirlər Komitəsinə müraciətlər ediblər və nəhayət Nazirlər Komitəsinin çar II Aleksandrın iştirakı ilə 1878-ci il iyunun 16-da keçirilən iclasında neft sahəsində dəmir yolunun tikintisi layihəsi təsdiq olunub.
Azərbaycanda dəmir yolunun təməli 1878-ci ildə qoyulub və inşası 20 yanvar 1880-ci ildə başa çatıb. İlk dəmir yolu uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olub. Hazırda ölkə üzrə baş yolların açılan uzunluğu 2954,74 km, istismar uzunluğu 2133,07 km-dir ki, onlardan da 803,3 kilometri ikiyollu, 1329,72 km-i isə bir yolludur. Yolun ümumi istismar uzunluğunun 1169,17 kilometri və ya 54,82%-i elektrikləşdirilib, 964,9 kilometri, yəni 45,18%-i teplovoz dartısı ilə işləyir, 1527,7 kilometri avtomatlaşdırılan işarəvermə sistemi ilə təchiz edilib.
Eləcə də oxuyun:
* Hər ötən qatarın səsində bir qadının yarı ömrü döyünür - FOTO
* Tuneldə yatan, qatarı geriyə sürən maşinist, dövrünün bərk gedən "lixaç"ları - REPORTAJ
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала