CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər ötən qatarın səsində bir qadının yarı ömrü döyünür - FOTO

© Sputnik / Irade JELILKifayət İsgəndərova
Kifayət İsgəndərova - Sputnik Azərbaycan
Abunə olmaq
"Elə bir iş yoxdur ki, mənə tapşırılsın, boyun qaçırım və ya etməkdən qorxum. Çünki kollektivimiz mehribandır".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. Hər zaman qadınların həkim, müəllim, jurnalist və s. bu kimi sahələrdə çalışdığını görmüşük. "Azərbaycan Dəmiryolları" QSC-nin səhifəsində "yol montyoru" Kifayət İsgəndərovanın fotosunu görəndə qadının belə bir iş seçməsi mənə çox maraqlı gəldi.

Onunla elə iş yerində görüşdük. İşini görə-görə suallarımızı da cavablandırdı, həyatından, bu işi seçmə səbəblərindən danışdı.

© Sputnik / Irade JELIL"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova
Hər ötən qatarın səsində bir qadının yarı ömrü döyünür - FOTO - Sputnik Azərbaycan
"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova

Kifayət İsgəndərova əslən Sabirabaddandır. Uzun illər elə Sabirabadda yaşayıb, mühasib vəzifəsində çalışıb. 1996-ci ildə sovxozlar bağlanandan sonra Bakıya gəlib və burada ADY-də "yolayrıclarının təmizlənməsi və yağlanması" işində çalışmağa başlayıb.

Deyir ki, onu Bakıya və bu sahəyə işsizlik gətirib. Amma sonradan işinin incəliklərini öyrənib və bu gün peşəsini çox sevir.

Kişi işi olmasına baxmayaraq, sevə-sevə vəzifəsinin öhdəsindən gəlir: "Elə bir iş yoxdur ki, mənə tapşırılsın, boyun qaçırım və ya etməkdən qorxum. Çünki kollektivimiz mehribandır. Elə bölgü aparılır ki, hamımız işimizin öhdəsindən gəlməyi bacarırıq".

Artıq 25 ildir ki, bu sahədə çalışan K.İsgəndərova işinin onu gümrah saxladığını da deyir.

© Sputnik / Irade JELIL"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova
Hər ötən qatarın səsində bir qadının yarı ömrü döyünür - FOTO - Sputnik Azərbaycan
"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova

Onun sözlərinə görə, insan işinə sevgi ilə yanaşanda daha güclü, daha bacarıqlı olur.

"60 yaşım var, ömrümün 25 ilini bu sahədə çalışmışam. Bir gün də olsun, peşmançılığım olmayıb. İşin ağırlığını da hiss etməmişəm. Düzdür, qışda soyuqda, yayda qızmar günəş altında çalışırsan, amma bu işin elə zövqü də bundadır", - dəmiryolçu qadın söyləyir.

İşində təhlükə ilə də qarşılaşır. Amma deyir ki, əgər işini qaydalara uyğun, səhlənkarlıq etmədən görürsənsə, başına heç nə gəlmir.

Heç vaxt işdən qorxmadığını deyən K.İsgəndərova həm də anadır. Bir övladı var: "İşdən sonra evimə gedib, yeməyimi hazırlayıram. Bir övladım var, onun üçün çalışıram, yaşayıram. Bəzən saat 00.00-a qədər çalışıram. Amma nə olursa-olsun, yenə səhər 8-də işimin başında oluram".

© Sputnik / Irade JELIL"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova
Hər ötən qatarın səsində bir qadının yarı ömrü döyünür - FOTO - Sputnik Azərbaycan
"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova

Onun sözlərinə görə, dəmiryolçular karantin zamanı da işləyirlər: "Bilirik, həssas bir dönəmdir. Məsafəni qoruya-qoruya hamımız işimizin başında olmuşuq. Bu gün də işləyirik".

K.İsgəndərova düşünür ki, əgər Tanrı ona güc, qanunlar icazə versə, o, 70 yaşına qədər bu işdə çalışar. Onun fikrincə, insan işləmək istədikdəın sonra onun üçün işin qadın və ya kişi işi olmasının heç bir fərqi olmur.

İşə alışdıqca, sevdikcə adiləşir, sadələşir. Adamın gözünü qorxutmur.

"Bəzən qatarların səsinə qulaq asıram. Bu səsdə hamımızın zəhməti var. İnsan bunu düşündükcə daha çox bağlanır işinə", - deyən İsgəndərova bildirir ki, elə ona güc-qüvvət verən də bu hissdir - işə olan sevgi hissi.

Hazırda dəmiryolçu qadın Sabunçu stansiyasında çalışır. Kollektivdə də hamı onun hörmətini saxlayır.

© Sputnik / Irade JELIL"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova
Hər ötən qatarın səsində bir qadının yarı ömrü döyünür - FOTO - Sputnik Azərbaycan
"Azərbaycan Dəmiryolları" QSC-nin əməkdaşı Kifayət İsgəndərova

Söhbət arası xatırladır ki, gələn ilin fevral ayında 60 illik yubileyi və bu sahədə çalışmasının 25 ili tamam olacaq. Ömrünün ən gözəl illərini seçdiyi işə həsr edən qadın bu yubileyi böyük həvəslə gözləyir…

Onun alnındakı qırışlara, əlinin qabarına baxanda bir daha atalar məsəli yada düşür: "Aslanın erkəyi, dişisi olmaz".

Sağollaşıb ayrılırıq, çöhrəsində mənalı bir təbəssüm, gözlərində qürur var…

Xəbər lenti
0