Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Feminizm qorxusu və ya altı kitabı yeddi manata necə almaq olar?

© Sputnik / Murad OrujovBakıda kitab yarmarkası
Bakıda kitab yarmarkası - Sputnik Azərbaycan, 1920, 07.10.2021
Abunə olmaq
Əgər ölkədə birdən-birə iki kitab sərgisi keçirilirsə, deməli, pandemiyanın yaratdığı mənəvi boşluqdan tədricən çıxa biləcəyik. VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Bakı Ekspo Mərkəzində, Milli Kitab Satış-Sərgisi isə Əl Oyunları Sarayında təşkil olunub.

Kitab oxumaq və ya kitab oxumamaq söhbəti...

Kitab alan da, yazan da, satan da belə sərgilərin keçirilməsini çox arzulayır. Azərbaycanda bir qəribə ənənə var: gəncləri və ya ümumən əhalini kitaba yanaşmada biganəlikdə ittiham edirlər. Kitab oxumaq və ya kitab oxumamaq söhbəti adətən ara-sıra televiziyada gedən tok-şouların mövzusuna çevrilir. Efirə çıxan gənc yazarlar kitaba marağın olmadığını bildirir, sovet dövründən danışan yaşlı nəslin nümayəndələri isə o zamanın 100-150 minlik tirajları xatırlayırlar. Bir sözlə, hərə öz dərdini söyləyir. Həm yazıçılar, həm də naşirlər elə hey kitabdan danışırlar. Tərcümə işinə baxan insanlar qonorarın, kitab satan dükan sahibləri isə müştərinın azlığından şikayətlənirlər.
Kitabla bağlı şikayət etməyənlər də var. Məsələn, yazıçı Elxan Elatlının əsərləri ölkədə çox yaxşı satılır. Yazıçı bir neçə dəfə qeyd edib ki, kitab yazmaqdan başqa heç bir işlə məşğul olmur, gəlirini də yalnız kitab satışından əldə edir. Kimi dindirsən, deyir, Elxan Elatlının kitabını oxuyuram, özü də pul verib alıram. Elxan Elatlı da bir dəfə kitab oxumaq məsələsinə fikir bildirib.
“Bəzən deyirlər ki, bizim xalqımız kitab oxuyan deyil. Biz kitab oxumağa meyilliyik, amma kitaba pul vermək istəmirik. Mən özüm də daxil olmaqla. Rayonlardan durmadan kitabxanalara kitab göndərməyimi istəyirlər. Mən də deyə bilmirəm ki, belə çox istəyirsən, get kitab dükanından al”.
Elxan Elatlı
yazıçı

Kitab həm bahadır, həm də saxlamağa yerimiz yoxdur

Bir sözlə, kitab oxumağı sevirik, amma almağı yox. Bu fikirlə qismən razılaşmaq olar, çünki kitabı oxumaq üçün gərək ən azı əlini cibinə salıb bir-iki əsər alasan. Kitab alan olmasa, oxuyan da olmaz. Kitabı almamağımızın da səbəbi çoxdur, bir-ikisini qeyd etməyə dəyər.
Boynumuza almalıyıq, Azərbaycanda kitab çox bahadır. Satışda rast gəldiyimiz 5-6 manatlıq kitablar hələ ucuz sayılır. Normalda kitabın qiyməti 10, hətta 15 manat da ola bilər. Bəzi xaricdən gələn və gözəl dizayn verilən kitabı 50 manata da satırlar. Dünya şöhrətli uşaq yazıçısı Astrid Linqrenin “Balaca və damda yaşayan Karlson” kitabının rus dilində tam versiyası 30 manatdır. Doğrudur, burada gözəl fotolar, əla dizayn var, amma elə sovet dövründə oxuduğumuz kitabdır da. O vaxt qiyməti bir-iki manat olardı. Bu kitabın Azərbaycan dilində tam versiyasını tapmaq da çətindir. Uzaqbaşı 1 hissə dərc olunmuş versiyasına 12 manat vermək lazım gələcək. Fərli-başlı kitab bahadır, uşaq kitabı isə lap bahadır. Baha olduğundan insanlar kitab almaqdan vaz keçirlər, kiminsə pulu güc-bəla ilə yalnız uşağın dərsliyinə, test kitabına çatır.
Kitab yarmarkası - Sputnik Azərbaycan, 1920, 04.10.2021
CƏMİYYƏT
Uşaqlar üçün satılan beyinlər niyə bahadır - ARAŞDIRMA - REPORTAJ
Günümüzdə kitabı həm də yerimiz olmadığına görə almırıq. Harada saxlayaq axı? Kitab aldınsa, gərək mebeli üstündə gələ. Kitab toz yığan əşyadır, bağlı rəfdə saxlamalısan. Kitab rəfi də nə gəzir? Bu da bir xərcdir. Müasir insanın evi onsuz da zir-zibil, artıq əşya ilə doludur. Kitabı saxlamaq üçün nə xüsusi yerimiz, nə də onlara xidmət etmək üçün zamanımız var. Kitabı ən azı ara-sıra havaya verməlisən, yoxsa güvə yeyəcək.

Elektron formatda kitab da az deyil

Kitabı həm də internetə görə almırıq. Bu gün qlobal məkanda nə desən, var, hər bir məlumat, kitab, əsaslı bilik tapılır. Nəyisə bilmək istədin, quqlun canı sağ olsun, o dəqiqə üzə çıxarır. Elektron formatda kitab da az deyil, özü də xarici dil bilən üçün nə qədər desən havayı kitab tapılar. İstəyirsən oxu, istəyirsən dinlə. Bircə, istəyin olsun. Azərbaycan dilində audiokitab azdır, amma nəsə var. Özünə əziyyət verib kitab oxumaq istəməyən şəxs həmin əsərin filminə baxa bilər. Bu da çox rahatdır. Saat yarıma böyük bir romanın məğzini öyrənə bilərsən, daha kitab dükanına nəyə gedəsən? Sovet dövründə kino bir əlçatmaz iş idi, indi hər bir filmi tapılır.
Kitab oxumaqdan həzz alan insan da az deyil, amma həm saxlamağa yeri yoxdur, həm də bahadır deyə kitab almaqdan qaçır. Eləsi var, deyir, kitabı oxudun, evdə saxlama, apar ver başqasına, ya da dəyiş başqasına. Amma Azərbaycanda bu iş pis qurulub, yəni kitab mübadiləsi üçün xüsusi yer, kitab dükanlarında əlavə rəf azdır. Evində nə qədər artıq kitabı olanlar bunu harasa təhvil vermək istəyir, amma yer tapılmır. Yəni kimsə gərək bu işi öhdəsinə götürsün, artıq kitabı qəbul etsin, yerlədirsin. Kitab mübadiləsi üzrə nəsə bir ictimai təşəbbüs, proqram olmalıdır. Hətta bu prosesə nəşriyyat və kitab istehsalçıları da qoşula bilər, çünki belə bir proqram yenə də kitaba marağın artmasına səbəb ola bilər.
Ziyarətçi Milli Kitab Sərgi-Yarmarkasında - Sputnik Azərbaycan, 1920, 02.10.2021
CƏMİYYƏT
Kitabsevərlərin bayramı: Yarmarkada kitaba dəxli olmayan şeylər də satılır
Kitab pul kimi dövriyyədə olmalıdır, özü də nə qədər hərəkətdə olsa, bir o qədər bu prosesdən qazanan olacaq. Kitab oxumaq istəyirik, pul verib kitab almaq yox. Yazıçı kimi tanınmaq istəyirik, amma bu əsərlərdən üçünü-beşini havayı internetə vermirik. Bilik paylaşmaqda xəsislik edirik. Nə kitabı mübadilə edirik, nə də biliyi.

“Kitabı alaq, ya almayaq” dilemması

Milli Kitab Satış-Sərgisində oldum, zaman qıtlığından bəlkə də axtardığım bir çox əsəri tapa bilmədim. Yaxşı endirim oldu, tanımadığın bir çox Azərbaycan yazarını özüm üçün kəşf etdim. Ən çox izdihamı 1 və 2 manata satılan kitab rəflərinin yanında müşahidə etdim. Bir neçə tanımadığım, bir neçə tanıdığım yazıçının əsərini elə bir manatdan aldım, ədalətsizlik olmasın deyə, bir yazıçının da kitabına 2 manat ödədim. Yəni 6 kitabı 7 manata aldım. Maraqlı bir halla da qarşılaşdım. Kitab satan bir xanım dedi, bu kitabı alın, qadın yazıb, amma feminizm-filan yoxdur a, sırf qadın əhvalatıdır. Dedim, Afaq Məsudun əsərlərini oxumuşam, mənə bəs edib. Soruşdu, o kimdir elə? “Əli Vəliyevin nəvəsi, Azərbaycanın qadın yazıçısı, Tərcümə Mərkəzinin rəhbəridir” söylədim. Bu xanımın məndə axtardığı feminizm qorxusu, Afaq Məsudu tanımaması çox gülməli göründü mənə.
“Kitabı alaq, ya almayaq” dilemması çox qəlizdir, həlli də yoxdur. Kimi alır, kimi də yox. Özüm çoxdan kitab almıram böyük mənada, çünki bahadır, ev-eşik, qarajım kitabla doludur, hətta iş yerimdə də əl altda 15-20 kitab saxlayıram. Ara-sıra yerli yazarların 1-2 manatlıq kitablarını alıram, o da endirimdə. Oxumağa vaxtım yoxdur, istəyəndə internetdən tapıb bukriderə yükləyirəm, ya da səhər yeməyində kitaba qulaq asıram. Kitablardan bir az paylamaq da istərdim, bilmirəm hara verim, kimə ötürüm. Kiril əlifbası ilə olan kitablara lap yazığım gəlir, onları oxuyan da olmayacaq. Amma bu kitab bolluğuna, yaranan imkana da sevinirəm, çünki indi lazımsız görünən bəzi kitabları almaq üçün uşaq dövründə 20 kq kağız təhvil verib xüsusi talon alardım. Bu talon tapılmayan ədəbiyyatı əldə etmək üçün bir vasitə idi. Hər halda olmağı, olmamağından daha yaxşıdır.
Xəbər lenti
0