Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Taliblərin qadağaları, Bokassanın menyusu, Avropanın soyuğu… və “Atları yəhərləyin”

© AFP 2023 / Bulent KilicKabildə at üstündə Taliban (Rusiyada qadağan olunmuş terror qruplaşması) hərəkatının üzvü, arxiv şəkli
Kabildə at üstündə  Taliban (Rusiyada qadağan olunmuş terror qruplaşması) hərəkatının üzvü, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Sputnik Azərbaycan ötən həftənin ən maraqlı hadisələrinin qısa icmalını təqdim edir.
Taksi məcaraları
1990-cı illərin söhbətidir, olmuş hadisədir. 20 Yanvarda dörd gənc əyləşir sumqayıtlı taksi sürücüsünün maşınına. O vaxt da millətdə maqnitofonlu maşınlara xüsusi bir simpatiya var idi. Oturduğun taksidə maqnitofon yoxdursa, elə bil, eşşək arabasına minmisən… Əlqərəz, gənclər Biləcəriyə çataçatda ağsaqqala müraciət edirlər ki, maqnitofonu işə sal. Sürücü pəjmürdə halda deyir ki, maqnitofon işləmir. Gənclər bundan möhkəm qəzəblənirlər və tələb edirlər ki, onda bizi qaytar 20 Yanvara – buradan Sumqayıta maqnitofonsuz getmək olar?! Gənclərdən biri “mərhəmətli” çıxır və deyir ki, “dayı, maqnitofon işləmirsə, onda özün oxu". Və beləcə, gənclər ağsaqqalı 5-10 dəqiqə oxudurlar…
Bizdə ən məcaradolu peşələrdən biri taksi sürücüsü işidir. Həm də göründüyü kimi… bəzən risklidir, bəzən də belə… Bu risk 90-cı illərdə olduğu kimi bu gün də var. Arabir taksi sürücülərinə qarşı soyğunçuluq edən qəhrəmanlara yenə də rast gəlinir.
Bu arada Yaponiyada şəhərlərarası sərnişin daşımaq üçün hava taksilərindən istifadə olunacaq. Uçan taksilərin 2030-cu ilədək bazara çıxacağı gözlənilir.
Sumqayıtda avtobuslar kart sisteminə keçdi. Qiyməti 2 AZN olan kartları əksər köşklərdən 2,50 AZN-ə (?!) almaq mümkündür. Əvvəllər avtobus sürücülərinin satdığı kartlar artıq ərşə çəkilib.
Bu arada NASA Günəş sisteminin ən uzaq planeti olan Neptuna araşdırma vasitəsi göndərməyə hazırlaşır.
Taliblərin də öz dünyası var
Bəli, dünyanın bir tərəfində kainatın ən uzaq planetinə uçuş üzərində baş sındırıldığı halda, digər tərəfində əcaib-qəraib şeylər baş verir. Kabil Universitetinin yeni rektoru qadınların universitetdə oxumasını və müəllimlik etməsini qadağan edib. Taliblərin başqa bir qadağası isə arxeoloji qazıntı işlərinin aparılması ilə bağlı olub.
"Human Rights Watch" təşkilatının Əfqanıstanla bağlı 2001-ci il hesabatında qeyd olunur ki, talibançılar bir qadını niqabındakı göz dəliyi "həddindən artıq enli" olduğu üçün uşağının gözü qabağında döyüblər.
İndi də vəziyyət təxminən eynidir.
Temperatur artdıqca…
Havanın temperaturunun insanın düşünmə tərzinə təsirləri isbat olunmuş faktdır. Görünür, elə buna görə imiş ki, Eynşteyn, deyilənə görə, gündə bir neçə dəfə başına soyuq su tökürmüş. Temperatur yüksəldikcə insan beyni daha pis düşünməyə başlayır. Bunu Yer kürəsində insanların xoşbəxtlik dərəcələrinə baxanda da hiss etmək olar. Hara daha çox istidirsə, əsrlərdir, o arealda yaşayan xalqlar problemlərlə əlləşirlər. Soyuq ölkələr isə rifahın açarını çoxdan tapıblar.
Daha bir isti ölkə - Suriyada “Nüsrə cəbhəsi” terrorçuları İdlib və Həma bölgəsinə zəhərli maddələr daşıyan raketlər gətiriblər. İllərdir, firəvanlıq görməyən suriyalıları daha nələr gözləyir, Allah bilir.
1966-1979-cu illərdə Mərkəzi Afrika Respublikasına rəhbərlik etmiş Bokassanın menyusunda mütləq insan əti olurmuş. Bir dəfə ingilis xanım jurnalist ona sual verir: "Deyirlər, siz puritan həyat tərzi keçirirsiniz. Yemirsiniz, içmirsiniz, siqaret çəkmirsiniz, qadınlardan xoşlanmırsınız, hətta müxalifəti sıxışdırmırsınız. Siz necə özünüzü yüngülləşdirirsiniz?" Bokassanın cavabı belə olur: "Mən gərginləşmirəm, Sizə də məsləhət görmürəm. Tezliklə bu məsələni qəhvə süfrəsində müzakirə edək”.
Gənc jurnalist ağıllı tərpənərək, təklifi qəbul etmir. Kim bilir, bəlkə də o da hannibalın növbəti qurbanı ola bilərdi.
Bu ölkə də Yer Kürəsinin cənubunda yerləşir.
Başqa bir cənub ölkəsinin misalı isə təsirlidir: Sosial şəbəkələrdə bu günlərdə yayılan bir fotonun şərhində deyilirdi ki, Braziliyada məktəbli uşaq hər gün planşetlər satılan mağazaya gəlir, vitrindəki planşetin internetindən özünə lazım olan məlumatları yazıb götürür. Məlum olur ki, uşağın interneti olmadığı üçün dərslərinə bu cür hazırlaşır.
Və temperatur düşdükcə…
Temperaturun düşməsi isə bu qış avropalıları üşüdür. “Reuters”in məlumatına görə, Avropa ölkələrində qış mövsümünün başlamasına bir həftə qalmış yeraltı anbarlarda qaz ehtiyatları 2011-ci ildən bəri ən aşağı səviyyəyə enib, bu da son 10 ildə qeydə alınan ən minimal göstəricidir. Avropa Qaz İnfrastrukturu Assosiasiyasının məlumatlarına görə, Avropa İttifaqı ölkələrində və Böyük Britaniyada qaz anbarları hazırda təxminən 72% doludur. Bir il əvvəl (2020-ci ilin payızında) anbarlar 94% dolmuşdu. Onillik ortalama məlumatlara görə, bir qayda olaraq sentyabrın sonunda qaz anbarlarının 85% dolu olur. Bu arada Avropada qazın qiyməti növbəti dəfə tarixi rekordunu yeniləyib. Belə ki, 1000 kubmetr qazın qiyməti 1100 dolları keçib.
Soyuqdur
Qərb üçün həm də ona görə soyuqdur ki, Rusiya-Türkiyə yaxınlaşması böyük bir coğrafiyanın taleyinə yön verir, Qərbin təsir dairəsi isə azalır. Bu həftə Putin-Ərdoğan görüşündə tam olaraq nələr müzakirə olunduğunu bilməsək də, Cənubi Qafqazın da müzakirə predmeti olduğu şübhəsizdir.
Saakaşvilinin gözlənilmədən Ukraynadan Gürcüstana gəlişi və həbsi də bu arada təsadüfi görünmür.
Ermənistanda isə heç cür sakitləşə bilmirlər: Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs edilib. Bundan öncə keçmiş müdafiə naziri David Tonoyan və silah təchizatı şirkətinin rəhbəri, iş adamı David Galstyan da dəmir barmaqlıqlar arasına göndərilmişdi.
Hamını tutub qurtarmaq mümkün deyil. Amma xalqların köçü ilə bağlı tarixdə faktlar məlumdur axı...
“Sosial-iqtisadi, demoqrafik proseslər onu göstərir ki, gələcəkdə Ermənistan dövlət kimi yox olmağa məhkumdur”, - rusiyalı politoloq Oleq Kuznetsov belə deyib. Erməni deputat Andranik Tevanyan isə ölkəsinin yavaş-yavaş Suriyaya çevrildiyini söyləyib. Və maraqlı bir analiz - rusiyalı ekspert Aleksandr Jelenindən: "Rusiyanın xarici siyasətinin inkişaf xarakteri ondan xəbər verir ki, Moskva NATO ölkələri arasına nifaq salmaq üçün Türkiyə ilə yaxınlaşmaya gedə bilər. Bu mənada İrəvanı Ankaraya təhvil vermək üçün Moskvanın əlində səbəblər getdikcə çoxalır".
Təmsilçilərimiz
Moskva Telman İsmayılovu, nəhayət, həbs etdi. Qətl və qanunsuz silah alveri ittihamı ilə T.İsmayılov və qardaşı Vaqif İsmayılov beynəlxalq axtarışda idilər. Azərbaycanlı iş adamının Azərbaycanda hansısa “yaralı barmağa yod sürtməsi” barədə heç vaxt heç bir xəbərə rast gəlməsək də, bizimkidir, hər halda.
Başqa bir təmsilçimiz isə bizi qürurlandırmaqda davam edir: Mahir Əmrəli. Polşalı azarkeşlərin “Mahirovski” dediyi forvard qolları sıralayır, lap Levandovskini xatırladır... İngiltərə “Lester”ini məğlub etdikdən sonra komandanın ulduzunun ingilis dilində müsahibəsinə dodaq büzənlər isə görünür, nəzərə almırlar ki, Mahir ingilis dili müəllimi deyil, futbolçu kimi fikirlərini izah edə bilməsi yetərlidir. Hər şeyə mız qoymaqda pərgarıq. Araşdırsan, mız qoyanların çoxu heç öz dilində normal danışa bilmir.
Qaçaq Nəbi və “Traktor”
İranın “Traktor” futbol klubunun sosial şəbəkə səhifəsində “Atları yəhərləyin” filmindən paylaşım edilib. Paylaşımda Qaçaq Nəbinin İrandan olan dövlət nümayəndəsinə: “Arazın o tayı da, bu tayı da mənim doğma el-obamdır. Elin o başı, bu başı olmaz”, - dediyi hissə əks olunur.
Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən və guya hansısa mesajlar verməyə çalışan İran ölkədə 30 milyon azərbaycanlının yaşadığını unutmamalıdır... kim bilir, iranlı dostlarımız, bəlkə də elə bu faktı unuda bilmədikləri üçün belə isterikaya qapılırlar hərdən.
Xəbər lenti
0