Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Yağışlı Bakı: gəzməli yoxsa, üzməli?

© Sputnik / Murad OrujovBakıda yağışlı havada yol keçən piyadalar, arxiv şəkli
Bakıda yağışlı havada yol keçən piyadalar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Bir az mübaliğə etdiyimin fərqindəyəm. Ancaq and ola Xalq yazıçısı Elçinin "Seçilmiş əsərləri"nin birinci cildinə, gözəl şəhərimiz məndə məhz belə assosiasiya yaradır.
Xalq yazıçısı Elçin 60-cı illərdə qələmə aldığı hekayələrdən birində Fikrət Sadıqdan belə bir epiqraf gətirir:
Belə günlərdə...
Evimiz gəmiyə oxşayır,
otağım kayuta.
Bu misralardakı ideyanı, şairin bu şeiri hansı havada, hansı ovqatda yazdığını qoyuram bir kənara, bu tamam başqa mövzudur. Nədənsə, Bakıya yağış yağanda bu misraları düşünürəm və tamamilə başqa formada improvizə edirəm:
Yağışlı havalarda,
Avtobuslar gəmiyə oxşayır,
Şəhərimiz dənizə…
Bir az mübaliğə etdiyimin fərqindəyəm. Ancaq and ola Xalq yazıçısı Elçinin "Seçilmiş əsərləri"nin birinci cildinə, gözəl şəhərimiz məndə məhz belə assosiasiya yaradır. Yağışlı havalarda mənə elə gəlir ki, avtobuslar, avtomobillər küçələrdə şütümür, üzür. Həm də elə-belə yox, güc-bəla ilə dalğaları yarıb, irəli getməyə can atan gəmilər kimi üzür. Maili küçələr bol sulu çaylarımızı – Kürü, Arazı, dayanacaqların qarşısı, nisbətən düz yerlər isə dalğalı dənizi xatırladır. Və mən yuxarıda improvizə etdiyim misraların ovqatıyla, avtobusda üzə-üzə işə tələsirəm. Dayanacaqda isə artıq özüm üzməyə məcbur oluram, çünki bəzi dayanacaqlarda su dizdən yuxarı olur. Daha dərin yerlərin olduğuna da şübhə etmirəm. Avtobuslar dayanacaqlara, gəminin limana yan aldığı kimi asta-asta, ləngər vuraraq yaxınlaşır. Dayanacaqlarda avtobus gözləyən insanların əynindəki gödəkcələr gözümə xilasedici jiletlər kimi görünür. Bəlkə də, günlərin birində buna da ehtiyac olacaq. Əgər "narmalni" yağış yağsa, hər an, hər dəqiqə küçələrdən axan selin sizi ağuşuna alıb batırmaq ehtimalı var.
***
Yağışı sevirəm.
Bakını da sevirəm.
Ancaq yağışlı Bakını sevə bilmirəm.
***
Çox təəssüf ki, Bakının bu dərdinə illərdir əlac tapılmır. Mənə yuxarıdakı improvizəni pıçıldadan mənzərə şəhərin mərkəzindədir. Bakının "gözdən uzaq, könüldən iraq" məhəllələrində, qəsəbə və kəndlərində vəziyyət daha acınacaqlıdır. Ötən illərdə yağışdan sonra yaranan "göllərdə" balıq tutanlar, rezin qayıqla üzməyə çalışanlar vardı. Sosial şəbəkələrdə bu fotoları görəndə yağışın da, Bakının da romantikası alt-üst olur. Məsələn, yaxın bir dostunu havaya və ovqata uyğun xəngəl yeməyə dəvət etmək istəyirsən, ancaq qorxursan ki, o əziz insan yolda Bakının leysan yağışında, xırçın sularında islanıb sətəlcəm olar, yeyib-içdiyi burnundan irin-qan kimi gələr. Romantik videolarda gördüyün yadelli gənclər kimi çətirsiz, başıaçıq yağışın altına çıxıb çılğınlıq etmək istəyirsən, hətta bu niyyətlə evdən çıxırsan da… Amma bu çılğınlıqdan sonra üz gözündən, pal-paltarından yağış damlaları yox, lilli-palçıqlı maye süzülür. Xülasə, yarıtmaz məmurlarımız və təbiətin amansızlığı sayəsində Bakıda yağışın ləzzəti olmur.
***
Yağıntı Bakıya yaraşmır. Göylərin səxavəti aşıb-daşanda, biz ona qucaq açıb dadını çıxara bilmirik. Narın yağış çisələməyə başlayan kimi, şəhərdə sanki həyat dayanır, sıxlıqdan, tıxacdan insanın canı sıxılır. Siqnal səsləri şəhəri başına götürür. Bu məqamda nə yol polisi, nə də yol nişanları işə yarayır. Çünki bütün qurumların işi iflic olur. Şübhəsiz ki, məsul şəxslər də bu mənzərəni görür və vəziyyətin ağırlığını fərq edir. Hər halda, ümid edirəm ki, gələcəkdə övladlarımız Bakının yağışından, yağışlı günlərdən zövq ala biləcəklər. Belə də ki, bu qədər problemin arasında kasıbın harasına yaraşır yağışdan zövq almaq? Ən gözəli, bu qayğılar da çiynimizdə üzgüçülüyü öyrənməkdir. Bilmək olmaz, bəlkə gələcəkdə Bakı küçələrində gəzməli yox, üzməli olduq…
Oxunmalı kitab: Hvanq Sok Yonq, "Şahzadə Bari"
Nəşriyyat: "YAY" kitab
Janr: Roman
Dili: Azərbaycanca
Səhifə: 308
"Şahzadə Bari" romanı mühacir həyatı yaşayan bir qadının uşaqlıqdan bəri çəkdiyi iztirabları çox təsirli dillə oxucuya çatdırır. Cənubi Koreyalı yazıçı Hvanq Sok Yonqun bu əziyyət, işgəncələr və tənhalıq ağuşuna atılmış Barinin yaşadıqlarını özünəxas üslubda qələmə alıb.
Ədəbiyyat üzrə Nobel Mükafatçısı Kenzaburo Oe "Şahzadə Bari" romanını isə "Asiya qitəsini silkələyən ən güclü romanlardan biri...", Hvanq Sok Yonqu "Asiyanın ən güclü səsi" hesab edir. Hvanq Sok Yonq Çində doğulub, Vyetnam müharibəsində iştirak edib, sürgün həyatı yaşayıb, həbsdə olub və siyasi aktivistlik edib. Müəllifin yaşadığı həyatın ağırlığını məhz haqqında danışdığımız romanda da hiss etmək mümkündür.
"Şahzadə Bari" romanı atılmışlar, tərk edilmişlər, yurdunu tərk etməyə məcbur olan insanlar haqqında ən kədərli əsərlərdən biridir….
Xəbər lenti
0