Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"Qara bəla" Avropada rekord vurur

© Sputnik / Виталий Тимкив / Mediabanka keçidFəhlələr terminalda kömürün temperaturunu ölçürlər, arxiv şəkli
Fəhlələr terminalda kömürün temperaturunu ölçürlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
BAKI, 28 sentyabr — Sputnik. İsveçin ən məşhur eko-fəalının bu xəbərə necə reaksiya verdiyi hələ məlum olmasa da, Qərb KİV-ləri dərin hüznlə bildirirlər: Avropa bazarında kömürün qiymətində növbəti rekord qeydə alınıb.
Rotterdam, Amsterdam və Antverpen birjalarında aparıcı şirkətlər bütün mütərəqqi və karbondan təmizlənmiş dünyanın tarixin "zibil qutusu"na atmağa hazırlaşdığı yanacağın bir tonuna görə dinməz-söyləməz 137 dollar ödəyirlər.
Vəziyyət o qədər qəlizdir ki, artıq kömür istehsalının məhdudlaşdırılması proqramının ləğv edilməsindən söhbət gedir. Məsələn, Böyük Britaniyanın ölkədə kömürlə işləyən sonuncu İstilik Elektrik Stansiyasının (İES) sahibi olan "Drax" şirkəti bəyan edib ki, əgər lazım gələrsə, krallığın elektrik təhlükəsizliyi üçün İES-in istismardan çıxarılması məsələsini təxirə sala bilər.
Bu bəyanatın isə tamamilə real əsası var: belə məlum olub ki, London hələ bu ilin yayından elektrik enerjisinin istehsalı ilə bağlı olaraq kömür istehsalçılarının bütün əlavə xərclərini gizli şəkildə qarşılamağa başlayıb.
Vəziyyət get-gedə pisləşir və avropalı analitiklər bunu qaz anbarlarının tam şəkildə doldurulmaması, Avstraliya, Cənubi Afrika və Kolumbiyadan kömür tədarükünü kəskin artırmağın mümkün olmaması, eləcə də, Rusiyadan cüzi kömür idxalı ilə əlaqələndirirlər. Yeri gəlmişkən, sonuncu Avropanın istəyi əsasında baş verir. Avropa İttifaqı 1990-cı ildən etibarən daş kömür istehlakını 400 milyon tondan 150 milyon tona qədər azaldıb, qonur kömür üzrə isə bu göstərici 700-dən 250-yə qədər aşağı düşüb. Və indi ironik hal yaranıb: hansı ölkədə kömür istehlakı nə qədər sürətlə və əhəmiyyətli dərəcədə azaldılmışdısa, orada elektrik enerjisinə görə qiymətlər bir o qədər çox artıb. Buna ən parlaq nümunə Almaniyadır. Rur hövzəsində zəngin qonur kömür ehtiyatlarına malik olan bu ölkə son 4 ildə həmin yanacaq növünün istehlakını 170 milyon tondan 120 milyon tona qədər azaldıb. Və bu gün, hətta "Şimal axını-2"-nin sertifikatlaşdırma tarixi bəlli olmadığı, təbii qazın qiymətinin isə 800 dollara yaxınlaşdığı bir vaxtda əməliyyat şirkətləri əminliklə bildirirlər ki, gələn il bir meqavat-saatın dəyəri 100 avrodan aşağı olmayacaq.
Enerji daşıyıcıları bazarındakı mövcud xaos, generasiya qiymətlərinin ağlasığmaz şəkildə sıçrayışı yalnız ilk baxışdan inanılmaz və gözlənilməz görünür.
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
İQTİSADİYYAT
Avropada qazın qiymətləri tarixdə ilk dəfə olaraq min dolları keçib
Məsələ burasındadır ki, kömürün bir yanacaq növü kimi pislənməsi və bazardakı hakim mövqeyini itirməsi prosesi dünən başlamayıb. Buna heç 20 il bundan əvvəl də start verilməyib.
Ötən əsrin 70-80-ci illərində Qərb dünyasında "Yeddi bacı" adını alan neft karteli formalaşdı. Bu kartelə sonradan öz "əcdadlarını" udan "British Petroleum", "Chevron", "Royal Dutch Shell" və "ExxonMobil" kimi nəhəng şirkətlər daxil idi.
Altmış il bundan əvvəl məhz həmin "əcdad"lar sənaye inqilabının əsasını təşkil edən, bəşəriyyəti iki dünya müharibəsindən çıxarmış və indiki rifahın əsasını qoymuş kömürü pisləməyə başladılar. Həmin illərdə ikinci planda olan, energetikanın əsaslarını dəyişməyə qadir, sürətlə inkişaf edən sivilizasiyanın bütün tələblərinə cavab verən neft bəşəriyyətin yeni enerji xilaskarı elan olundu.
Maksimal dərəcədə qeyri-şəffaf maxinasiyalar nəticəsində kömür şirkətləri bazarda hakimiyyət uğrunda yarışdan çıxmağa başladılar. Bəziləri öz səhmlərini qəfildən neftçilərə satıb sonradan iflasa uğradılar və artıq 1980-ci ildə neft dünya iqtisadiyyatının yeni "qanına" çevrildi.
O da maraqlıdır ki, bu üsuldan elə indi də yeni kartellərin ortaya çıxmasında istifadə olunur, amma bu dəfə baş rolda "yaşıl enerji"dir. Eyni qaydada, özü də məsələyə kifayət qədər isterik yanaşmaqla, bərpa olunan enerji mənbələri KİV vasitəsilə bütün dünyaya bəşəriyyətin və ozon qatının yeni xilaskarı kimi təqdim olundu. Bu mənbələrin hələ yeni istifadə olunmağa başladığı və karbohidrogenlərə tam alternativ ola bilməyəcəyi barədə faktları geniş kütlələrə çatdırmaqla bağlı istənilən cəhd isə qəzəbli səslər, məqalələr və birtərəfli araşdırmalar okeanında boğuldu.
Əgər tarixin səhifələrini bir qədər geriyə vərəqləsək, görərik ki, neft və qaza yenicə uyğunlaşmağa başlayan dünya bərpa olunan enerji mənbələrinin ortaya çıxması ilə ən kiçik temperatur və iqlim norması dəyişikliyi nəticəsində belə bütöv bölgələrin elektrik enerjisinin kəsilməsi reallığı ilə üz-üzə qaldı. Məsələn, bu qış ABŞ-ın cənubunda olduğu kimi. Bu ilin yay aylarında da eyni vəziyyət təkrar olundu.
2021-ci il yeni trendlərin həvəskarı olanların hamısına fizika qanunlarının sarsılmazlığını və əcdadlarımızın heç də bizdən ağılsız olmadığını xatırlatdı.
Günəş panelləri və külək çarxları yalnız münasib hava şəraitində işləyir, neft və qaz isə birjalarda müntəzəm şəkildə qiymət dəyişməsinə səbəb olur və bahalı boru kəmərləri, anbarlar, nəhəng kimya kombinatları tələb edir. Və bütün bu çətinliklər növbəti qlobal problem yaradanda dərhal köhnə yanacaq növü olan kömür yada düşür.
Adətən, Rusiyanı dünya trendlərindən geri qaldığına görə tənqid edirlər, ancaq indiki halda buna yalnız sevinmək olar.
Alternativ enerjinin təbliğatı ilə məşğul olan ekoloqlar və lobbilər bu günlərdə Çinin xaricdəki yeni kömür İES-lərinin tikintisini maliyyələşdirməyi dayandıracağı barədə xəbəri eşidəndə çox sevinmişdilər. Bir məqamı da qeyd etmək lazımdır ki, Pekin ölkə daxilində bu addımı atmağı düşünmür. Yaxın beşillik planlarına görə, Çin Xalq Respublikası 43 yeni kömürlə işləyən İES və 18 son nəsil domna sobası tikəcək. Burada xatırlatmalıyıq ki, Çin ildə 4,98 milyard ton kömür istehlak edəcək. Bu yanacaq əsasında işləyən müəssisələrin gücü isə 1080 giqavata çatır. Bu, Rusiyanın bütün AES, HES və digər stansiyalarının birlikdə gücündən çoxdur. Çində kömür hasilatı get-gedə aşağı düşür, bu ölkənin zəngin kömür ehtiyatlarına malik Avstraliya ilə münasibətləri isə tarixi iflas nöqtəsindədir. Və bütün bunlar Rusiya üçün geniş imkanlar pəncərəsi açır.
Платформа Азери-Чираг-Гюнешли - Sputnik Azərbaycan, 1920, 20.09.2021
İQTİSADİYYAT
Azərbaycan bu yataqdan dörd milyard barel neft hasil edib
Bunu ölkə rəhbərliyinin yaxşı başa düşdüyünü dərk etmək sevindirir.
Hələ bir ay əvvəl Ulak və Fevralsk yaşayış məntəqələri arasında Baykal-Amur Magistralının problemli şərq qolunun tikintisinə başlanıldı. İşin əsas və yeganə icraçısı Rusiya Müdafiə Nazirliyi və dəmir yolu qoşunları idi. İlkin olaraq 340 kilometrlik hissənin modernləşdirilməsinin 2024-cü ildə tamamlanması planlaşdırılırdı, ancaq çox keçmədən Rusiya müdafiə nazirinin müavini, ordu generalı Dmitri Bulqakov bu işin öhdəsindən bir il tez gələcəklərini bəyan etdi.
Sentyabrın 3-də Vladimir Putin Şərq İqtisadi Forumu çərçivəsində geniş ictimaiyyəti məlumatlandırdı ki, artıq Kremldə BAM-ın keçəcəyi yaşayış məntəqələrinin siyahısı hazırdır və orada da eynilə paytaxtda olduğu kimi təmir-bərpa işləri aparılacaq. Başqa sözlə, artıq Rusiyanın üzünü şərqə tərəf çevirdiyini söyləmək və sənayenin inkişafı proqramı çərçivəsində Kuzbas kömürünün gedib çatacağı platformaya çevriləcək Asiya-Sakit Okean bazarından fakt kimi danışmaq olar.
Bir sözlə, Avropa da fizika və iqtisadiyyat qanunlarını yada salmalı və öz enerji məsələsini balanslaşdırmalıdır. Ust-Luqda kömür terminalı tikilir, Kemerovanın mədən fəhlələri isə sevinclə istehsalı artıra bilərlər. İndi yalnız keçən əsrdə baş tutan əvvəlki iki inqilab kimi növbəti enerji inqilabının ortaya çıxmasını gözləmək qalır.
Xəbər lenti
0