Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Avtoxuliqan: O, həyatı ilə risk edir, ölümə də hazırdır

© AP Photo / Paul SancyaДым от автомобиля, фото из архива
Дым от автомобиля, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.09.2021
Abunə olmaq
Əgər bu şəxs avtomobili ilə gəlir əldə etməklə məşğuldursa, ya da onun biznes fəaliyyətində avtomobilin olması vacibdirsə, bir il maşınsız qalmaq ümumilikdə xeyli maddi ziyan çəkməyə bərabər sayıla bilər.
Avtoxuliqanlıq edən şəxslər barədə mətbuatda ən azı bir iki xəbərin demək olar hər gün paylaşılmasına bir növ adət etmişik. Elə “Google” axtarış sistemində də bu sözü yazası olsaq, bir xəbər axını ilə rastlaşarıq. Özü də xarici yox, məhz Azərbaycanın öz avtoxuliqanlarından bəhs edən məlumat bolluğundan şoka düşmək olar. Avtoxuliqan sözünü rusca yazsaq belə, yenə bizim xəbərlərə rast gələcəyik. Yəni bu məsələdə axtarış sisteminin ilk bir neçə səhifəsini zəbt etmişik, lider mövqedəyik.
Avtoxuliqan kimdirsə, maşını ilə oyun çıxardır
Hətta avtoxuliqan sözünün yanına ABŞ sözü yazsaq, xeyri yoxdur, bəlkə xarici mediaya bağlı bir iki xəbər çıxar. Qalan avtoxuliqanlar elə özümüzə məxsusdur. Özü də avtoxuliqanlıq tək Bakıda yox, Azərbaycanın hər bir yerində rast gəlinən bir haldır. Bu siyahıda Beyləqan, Cəlilabad, Gədəbəy, Masallı, Zaqatala, Şəki kimi rayonların adı hallanır. 
Lənkəranda isə rayon sakini E.Mirzəyev isə lap “qəhrəmanlıq” edib. İçkili halda olan Mirzəyev idarə etdiyi “Belarus” markalı traktorla təhlükəli manevrlər edərək yol hərəkəti qaydalarını kobud surətdə pozub. Nə polisin xəbərdarlığına məhəl qoyub, nə də ətrafdakı insanların həyatına təhlükə törətdiyini anlayıb.
Bu sözə yaman öyrəşmişik, bəzən mahiyyətində nə olduğunu belə dərk etmirik. Düşünürük, maşını ilə oyun çıxardan, yolda min cür hərəkət edən elə avtoxuliqandır. Qanunvericiliyə görə, avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsünün ictimai qaydaları və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətləri nəzərdə tutulur. 
“Qonka”, “iki təkər”, “zmeyka”...
Cəzası da kifayət qədər ağırdır. Avtoxuliqanlığa yol vermiş şəxs bir il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 500 manatdan 750 manatadək cərimə edilir. Bəzi hallarda 15 gündən bir ayadək inzibati həbs də tətbiq edilə bilər. Əgər bu şəxs avtomobili ilə gəlir əldə etməklə məşğuldursa, ya da onun biznes fəaliyyətində avtomobilin olması vacibdirsə, bir il maşınsız qalmaq ümumilikdə xeyli maddi ziyan çəkməyə bərabər sayıla bilər. Di gəl, nə avtoxuliqanlığın sonu görünür, nə də onların sayı azalır.
Özü də bu hərəkətlərə təkrar yol verilərsə, ağırlaşdırıcı hallarda daha ağır cəza tətbiq edilə bilər. Yəni cərimənin məbləği 2000 manata, idarə etmək hüququnun müddəti 2 ilə, həbs müddəti 2 aya qədər arta bilər. Özü də qanuna yeni qəbul edilmiş dəyişiklikdə avtoxuliqanlığın dəqiq parametrləri də göstərilib.
Sürücülər arasında “qonka”, “iki təkər”, “zmeyka” kimi tanınan əməllərin açılışı verilib. Avtoxuliqanlıq deyəndə, aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi, avtomobil və ya motosikletin bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla idarə edilməsi, avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərini çıxardıqda və ya yolun səthində çoxsaylı təkər izlərini buraxması nəzərdə tutulur.
Toy karvanı bir təhlükə mənbəyidir
Avtoxuliqanlığın əlavə gizli formaları da var. Bu əməllərə bəzən göz yumulsa da, bunu qeyd etməyinə dəyər. Azərbaycanın toy ənənəsində gəlin gətirmə proseduru zamanı avtomobil sahibləri elə bir növ avtoxuliqanlıq edirlər. Səs-küy, yol hərəkəti qaydalarının aşkar pozulması, digər nəqliyyat vasitələri üçün yaranan təhlükə, “qonka”ya çıxma, “zmeyka” eləmə tez-tez baş verir, amma nə edəsən, polis özü də bunun qarşısını almaqda acizdir. Axı hamını belə bir gün gözləyir, hər bir şəxs evlənəndə belə səsli-küylü bir toyun olmasını arzulayır, amma nə qədər qəza baş verdiyini bir yol polisi bilir, bir də internet.
“Bəy-gəlin maşını aşdı”, “Toy karvanında qəza, gəlin xəsarət aldı”, “Qəza oldu, bəy öldü, gəlin ağır yaralandı”, “Toyuna gedən bəy və gəlin yol qəzasında öldü” başlıqlı xəbərlərin sayı-hesabı bilinmir. Toy karvanı bir təhlükə mənbəyidir.
Avtoxuliqanlıqla avtobus sürücüləri intensiv məşğul olur. Müştəri dalınca qaçan, bir-birini yolda “obqon” edən sürücüləri hər gün görürük, amma nə edəsən? Mətbuat da yazır, polis də cərimələyir, amma bu əməllərin sonu yoxdur. Həm də avtobus sürücüsünə çox zaman avtoxuliqanlıq maddəsi ilə cərimə yazılmır. Adi cərimə ilə buraxırlar. Bir neçə şəxsi idarəetmə hüququndan məhrum etməyə bəlkə də dəyərdi, başqalarına dərs olsun deyə.
Taksi fəaliyyəti ilə məşğul olanlar də avtoxuliqanlıq edirlər. Xüsusilə də yollarda işə və evinə tələsən insanları 1 manatdan daşıyan maşın sahibləri həmin bu müştəri uğrunda əsil savaşa çıxırlar. Bu tip sürücü mütləq özünü dayanacağa digər maşından tez çatdırmağa, müştərini götürməyə çalışır. Özü də bu yolu mümkün qədər tez-tez gəlib getməklə daha çox gəlir əldə etmək vacib məsələdir. Amma yolda nə qədər təhlükə yarandığını görürük.
Belə sürücü heç bir zaman tıxacda gözləmək niyyətində deyil. “Obqon”a da çıxacaq, digər zolağa da. Sürücü var, digər zolağı çıxması bir yana qalsın, avtomobili arxaya döndərərək maşını sürür. Bir növ yolun o biri hissəsindəki tıxacı arxada qoymaqla hərəkət edir, imkan tapan kimi də bir yerdən növbəyə soxulur. Eləsi var, hətta 1 manat artıq qazanmaq üçün öz yerinə də birini oturdub maşını təhlükəli formada idarə edir.
“Jiquli”də “iki təkər” əməliyyatını etmək asandır
Amma əsl avtoxuliqlar bunu ehtiyacdan etmirlər. İnsan var, passionarlığı yüksək, amma bunu idarə etmək üçün imkanı aşağıdır. Belə tip insana daim adrenalin tələb olunur, çatmadıqda xəstə kimi olur. Adam var dağa çıxır, adam var hündürmərtəbəli binanı “fəth” edir. Kimsə ekstremal idman növünü seçir. Hərə bir yolla özünü göstərməyə, hansısa tələbatını ödəməyə cəhd edir. Kimisi bir müddət sonra müalicə olunur, normal həyata dönür. Eləsi də var, son gününəcən həyatı ilə risk edir, ya şikəst olur, ya də ölüb gedir.
Avtoxuliqanlar da bu tip insan qrupuna aid edilə bilərlər. Motosikletlə avtoxuliqanlıq edənlər həyatla vidalaşmağa daha yaxın olanlardır. Bu nəqliyyat vasitəsinin özü yolda min cür oyun çıxartmaq üçün olduqca əlverişlidir, amma çox risklidir. Avtomobildən sağ çıxmaq şansı daha yüksəkdir. Özü də hər maşınla avtoxuliqanlıq etmək də olmur.
Avtoxuliqanların ən sevdiyi maşın “Jiquli” modelidir. Bu avtomobillə hər cür avtoxiliqanlıq etmək mümkündür. Xüsusilə də “iki təkər” əməliyyatını etmək asandır. Almanın maşınında xuliqanlıq etmək çətindir, hər bir təhlükəsizlik məqamı nəzərdə tutulub. “Jiquli” isə bu işə çox yarayır. Elə avtomobil satıcıları da məsələnin bu tərəfini gözəl bilirlər, bəlkə də su qiymətinə satılmalı olan maşını baha satırlar. Bəzən lap ağır vəziyyətdə olan bu növ avtomobili maşın ustası alır, üstünü-başını düzəldir, ikiqat bahasına potensial avtoxuliqana satır.
Bahalı maşını, əməlli-başlı işi, biliyi, savadı olmayan, amma təbiətən aktiv fəaliyyətə meyilli olan bir çox insanın özünü realizə etmək şansı məhz avtoxuliqanlıq vasitəsilə reallaşır. Nəticəsi də heç yaxşı olmur, yol qəzalarında elə daha çox bu tip avtomobildə xeyli insan ölür, şikəst olur.
“Avtoxuliqanlıq” etmək üçün xüsusi məkanlar ayrılmalıdır?
Problemdən çıxış yolu var. Dünya təcrübəsində bu bəladan yaxa qurtarmaq üçün təkcə ciddi cəza sistemi tətbiq edilmir. “Avtoxuliqanlıq” etmək üçün xüsusi məkan ayrılır, yerlər inşa edilir. İnkişaf etmiş ölkələrdə yolda qəzanın sayını azaltmaq üçün həyatı ilə risk edənlərə mütləq yer ayrılır, meydançalar inşa edilir. Ən azı zədə alanda belə yerindəcə yardım etmək mümkün olur, həm də başqalarının həyatı üçün təhlükə olmur.
Sakit həyat passionar insan üçün olduqca darıxdırıcıdır, beləsi adrenalinin səviyyəsini artırmaq üçün hər oyundan çıxmağa hazırdır. Deməli, bu prosesi yönləndirmək, idarə etmək üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac var. Necə ki, velosipedçilərə xüsusi yerlər ayrılır, baykerlərə də belə yerlər ayrılmalıdır. Avtoxuliqanların da meydançaları inşa edilməlidir. Bu yolla məsələnin həllinə nail ola, bu bəlanın kökünü kəsə bilərik.  
Xəbər lenti
0