Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Sosial reytinq sistemi: xeyirli qaydalar, yoxsa “rəqəmsal diktatura”?

© AFP 2024 / MAURO PIMENTELИскусственный интеллект, фото из архива
Искусственный интеллект, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Ata-anaya baxmaq, övlada can yandırmaq, qonaq qarşılamaq işində bir çox millətdən irəliyik. Amma zibili hara gəldi atmaq, qanunu açıq şəkildə vecə almamaq, bilə-bilə yol-hərəkət qaydalarını pozmaq işində də bizə çatan olmaz.
Çində Sosial reytinq sisteminin rəsmi olaraq qüvvəyə minməsindən artıq 9 ay ötür. Bu ilin yanvar ayının 1-dən Çində yeni qəbul olunmuş Mülki məcəlləyə görə, hər bir vətəndaşın şəxsi və ictimai həyatı daha ciddi nəzarətə götürülüb. 
Çin cəmiyyəti bir neçə təbəqəyə parçalanıb
Yeni qaydalarda hər bir çinliyə 1000 ballıq ilkin start reytinq kapitalı verilir. Nəticədə Çin cəmiyyəti bir neçə təbəqəyə parçalanıb. Ümumi İnformasiya mərkəzi hər bir şəxsi müxtəlif parametr üzrə analiz edir. Reytinqi 1050 baldan yuxarı olanlar ən yüksək – AAA, 1000 balı olanlar A+, 900 bal olanlar isə B indeksini qazanmış olurlar. 849 baldan aşağı olanları artıq bir qədər şübhəli C, 599 balla isə D kateqoriyasına aid edirlər. Dövlət qulluğunda çalışan şəxslərə heç C kateqoriyası da yaramır. D qrupunda olmaq isə çox təhlükəlidir, belə insanlara heç taksi sürmək olmaz. 
Sosial reytinq sisteminin çinlilərin həyatının hər bir tərəfinə təsir edəcəyi gözlənilir. Bankdan kredit almaq, dükandan nisyə mal götürmək, təyyarə və ya qatara bilet əldə etmək belə, bu sistemə bağlıdır. Axşam restoranda həddən artıq içki qəbul edib ictimai asayişi pozmaq, kiminləsə dava salmaq, yerə zibil atmaq kimi əməllər də reytinqə təsir edir. Hətta ailə üzvlərindən kiminsə aşağı reytinqli olması digərinin həyatını poza bilər. Məsələn, əgər sən bahalı geyim, avtomobil, ev aldığın halda ata-ananın kreditini ödəmirsənsə, bu, ciddi problem yaradacaq. Çevrəndə D kateqoriyasından çoxlu tanışının olması da təhlükəlidir: sistem reytinqi azaldacaq.
Sosial reytinq sistemi “rəqəmsal diktatura” adlandırılır
Sistemdə balların toplanması necə formalaşır? Burada hər bir hərəkətin təsiri var. Alkoqol, siqaret almaq kimi ziyanlı adətlərdən tutmuş yaşlı valideynə yardım etmək əməlinə görə həm bal qazanmaq olar, həm də itirmək. Özü də sistem tək fərdi şəxsləri deyil, həm də ekoloji normaların gözlənilməsi, qayda-qanuna əməl edilməsi, fırıldaqla bağlı işlərdə adının hallanması kimi faktorlara görə hüquqi şəxslər, şirkətləri qiymətləndirir.
Çinli xeyriyyə işlərində iştiraka, ailənin yaşlı üzvlərinə göstərdiyi qayğıya, qonşularla yaxşı münasibətə, ehtiyacı olan insanlara etdiyi yardıma, qan verməyə, hökumətin siyasətini sosial şəbəkədə dəstəkləməyə, müsbət maliyyə-kredit tarixçəsinə, hər bir qəhrəmanlıq nümunəsinə görə bal qazanmaq şansı əldə edir.
Yol-hərəkət qaydalarını pozmağa, hakimiyyətə qarşı etiraz aksiyasında iştiraka, sosial şəbəkədə hökumət əleyhinə yazılar dərc etməyə, yaşlı valideynlərə yardım etməməyə, internetdə şayiə və feyk xəbərləri yaymağa, törədilmiş cinayət əməlinə görə qeyri-səmimi üzrxahlığa, qeyri-qanuni təriqətlərdə iştiraka, fırıldaq əməllərə görə sistem balları silir. Bir sıra hüquq müdafiəçisi sosial reytinq sistemini “rəqəmsal diktatura” adlandırır. Dövlətin vətəndaşın həyatına müdaxiləsinin həddən artıq çox olduğu iddia olunur. Sistem hətta smartfona yüklənmiş xüsusi tətbiqin köməyi ilə yaxınlıqda olan vətəndaşların arasında vaxtında kreditini ödəməyənlərin adını belə əks etdirir.
Yeni sistemin yaxşı və ya pis olduğu barədə mübahisələr səngimir. Əlbəttə, kommunal xərcləri vaxtında ödəyən, yaşlı valideyninə yardım edən, ictimai nəqliyyatı və ictimai yerləri zibilləməyən vətəndaşın yüksək bal toplamasında nəsə pis bir şey yoxdur. Amma sosial şəbəkədə ifadə etdiyin hər hansı bir fikrə görə cəzalanmaq insan haqlarının kobud formada pozulmasıdır.
Digər tərəfdən aşağı reytinqi olan şəxslərin cəmiyyətdən təcrid olunması, onların marginallaşması heç də yaxşı deyil. Bu, bir növ cəzaçəkmə müəssisəsindən geri dönmüş insanlara qarşı olan münasibəti xatırladır. Deyək, insan törətdiyi cinayətə görə cəzasını çəkibsə, sonra cəmiyyətdə mənfi münasibətlə qarşılaşırsa, işə düzələ bilmirsə, deməli, nəsə yerində deyil.
Banka borcunu, dövlətə vergini ödə, rahat yaşa
Belə bir sistemin tətbiqi gələcəkdə təbəqələşmənin güclənməsinə təkan verə bilər. Nədən Çində belə bir reytinq sisteminin tətbiqinə qərar verilib? Bu təcrübənin digər ölkələrdə istifadəsi mümkündürmü?
Belə bir sistemin yaradılması müəyyən zərurətdən yaranıb. Böyük bir ölkədə 1,5 milyard insana nəzarət etmək olduqca çətindir. Deyilənə görə, Çində haradasa 140-150 milyon insanın ən böyük arzusu adi vətəndaş pasportu əldə etməkdir. Ölkənin ucqar vilayətlərində vaxtilə “yalnız 1 uşaq” qanununun fəsadı hələ də duyulmaqdadır. Çində uzun illər 2-ci uşağı dünyaya gətirmək cinayət sayılıb, cəzası da ağır olub. İkinci uşaq olanda, onu vilayətdə yaşayan qohumların yanına yollamaq adəti vardı, orada nəzarət çox deyildi. Bax bu uşaqlardan hazırda Çində milyonlarla var, artıq böyüyüblər, amma heç bir hüquqa malik deyillər. Ən ağır, dözülməz işlərdə çalışırlar. Sənədsiz filansız. Nə evlənə bilirlər, nə də başqa hüquqa malikdirlər. Bu insanlara nə sosial reytinq sistemi?
Bu gün Çinin texnoloji qüdrəti ona böyük meqapolislərdə, nəhəng şəhərlərdə, iri mərkəzlərdə insanları hansısa parametrlərə görə nəzarət etmək imkanı verən bir reytinq sistemi qurmağa imkan verib. Amma bu günün özündə belə bu sistemdən xəbərsiz olan milyonlarla Çin vətəndaşı var. Sənədi olmayan birisini nə mükafat, nə də cəza maraqlandırmır. Əslində, sosial reytinq sistemi daha çox maliyyə-kredit problemlərini həll etməyə yönəlib. İllərlə bank kreditini, kommunal xərclərin ödəməyən insanlar var. Sistem ilk növbədə onlara qarşı çarpışır. Aşağı reytinqdəsənsə, onda sistem elektrik qatarına bahalı bilet almağa imkan vermir, yəni əvvəlcə borcunu ödə, sonra hara istəyirsən bahalı nəqliyyatla hərəkət elə. Bir sözlə, banka borcunu, dövlətə vergini ödə, rahat yaşa.
Londondakı nəzarət sistemi hər bir şəxsi rahatlıqla tanıyır
Bu sistemin gələcəkdə hansı formada fəaliyyət göstərəcəyi məlum deyil, uğurlu da ola bilər, uğursuz da. Amma dünyanın hər yerində buna bənzər sistemlər çoxdan var. Böyük Britaniyanın paytaxtı Londonda qurulan nəzarət sistemi də hər bir şəxsi rahatlıqla tanıyır. Əgər adı terror fəaliyyətində hallanan birisini sistem tanısa, o dəqiqə polisə məlumat verilir, həmin şəxs nəzarətə götürülür. Londonda qurulan kameralar şəhərdə hər bir insana, küçəyə, böyük və kiçik müəssisəyə nəzarət etmək gücündədir.
Qərbdə və ABŞ-da mövcud olan bank sistemində hər bir vətəndaş barəsində ətraflı məlumat toplanıb. Üstəlik, nəhəng sosial şəbəkələrdə olan məlumatı da banklar və dövlət qurumları pulla əldə edə bilər. Hər bir insan barədə kifayət qədər məlumat var, yəni kreditini vaxtında ödəməyən şəxslərin bir çoxu çoxdan “qara siyahı”dadır. Əvvəl köhnəni ödə, sonra təzəsini al. Kommunal xərcləri, dövlətə olan vergini də ödəməkdən yan qaça bilməzsən, sistem səni hər yerdə tapacaq. Kartla ödəmə etdinsə, məlumat artıq sistemə düşəcək, cinayətkarı axtaran dövlət xüsusi orqanları ilk növbədə həmin şəxsin alış-veriş etdiyi barədə məlumatı tələb edirlər. Heç yerə qaça bilməzsən.
Ödənilməmiş cərimən varsa...
Buna bənzər sistem artıq Azərbaycanda da yaradılıb. Yəni bank kreditləri barədə ümumi məlumat bazası var, rəsmi iş yeri olanların da kreditlə dükandan mal götürməsi problemsizdir, çünki sistem iş yerinin olması barədə məlumatı göstərir. Avtomobillə qaydanı pozdunsa, o dəqiqə cərimə barədə məlumat sistemə yeridilir. Dövlətə vergi borcun, ya da ödənilməmiş cərimən varsa, ölkədən kənara çıxa bilməzsən, əvvəl ödə, sonra çıx.
Yəni bizim nəzarət sistemimiz əsasən ödəmə ilə bağlı problemlərə bağlanıb. Amma evinin və ya avtobusun pəncərəsindən zibil atan, ictimai yerlərdə qayda-qanunu pozan şəxsi, yolu qırmızı işıqda keçən piyadanı cərimələmək, kasıba əl tutmayan birisini balla cəzalandırmaq ənənəsi hələ formalaşmayıb. Bəs Çin sosial reytinq sistemi Azərbaycanda işləyərdimi? Çətin, çünki dünyaya baxış fərqi var.
Ata-anaya baxmaq, övlada can yandırmaq, qonaq qarşılamaq işində bir çox millətdən irəliyik. Amma zibili hara gəldi atmaq, qanunu açıq şəkildə vecə almamaq, bilə-bilə yol-hərəkət qaydalarını pozmaq işində də bizə çatan olmaz bəlkə də. Texnologiyanın inkişafı gələcəkdə istər-istəməz nəzarət mexanizmini artıracaq. Bu gün rahatlıqla yolu qırmızı işıqda keçdiyimiz halda, sabah bizi tanıyan sistemdən bu hərəkətə görə cərimə mesajı gələcək.
Texnologiya həyatı bir tərəfdən rahatlaşdırsa da, digər tərəfdən azadlığı məhdudlaşdıracaq. Nə dərəcədə yaxşı və ya pis olacağını isə zaman göstərəcək.
Xəbər lenti
0