CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərlik həsrətində

© Sputnik / Murad OrujovОткрытие пляжного сезона в Баку, фото из архива
Открытие пляжного сезона в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 28.08.2021
Abunə olmaq
Xəzərin plastik qabları sağa-sola yellədən dalğaları, qarpız qabıqları ilə bəzənmiş qumsalları, heç bir standartlara cavab verməyən zir-zibil içində itib-batan çimərlikləri məni dənizdə, çimərlikdə dincəlmək zövqündən məhrum edib.
BAKI, 27 avqust — Sputnik. Yazda dostlarla Türkana, dəniz kənarına getmişdik. Zir-zibil, çirkab, tullantı içində itib-batan sahillər, çimərlik üçün nəzərdə tutulan səliqəsiz məkanlar, sahildə qaynaşan ilanları görəndən sonra, ilk dəfə dənizdən əməlli-başlı iyrəndim. Sonra oxşar vəziyyətlə Novxanıda, Pirşağıda və başqa yerlərdə rastlaşdım. Dənizə, çimərliyə marağım yerli-dibli itdi. Çimərliklərin fəaliyyətinə icazə verilsə də, bu mövsümdə dənizə cəmi 2-3 dəfə – o da məcbiriyyətdən – yolum düşüb. Cəmi bir dəfə suya girib, bir ay xəstə yatandan sonra dənizdən əməlli başlı küsdüm.
  Hərdən xəyalımdakı, dəlicəsinə sevdiyim qırçın ləpəli dəniz üçün darıxıram...
...Reallıqda gördüyüm dəniz isə başqadır. Xəzərin plastik qabları sağa-sola yellədən dalğaları, qarpız qabıqları ilə bəzənmiş qumsalları, heç bir standartlara cavab verməyən zir-zibil içində itib-batan çimərlikləri məni dənizdə, çimərlikdə dincəlmək zövqündən məhrum edib. Təəssüf ki, dəniz həsrəti məni yandırıb-yaxır, Bakının bürkülü gecələrində Xəzərin boz-bulanıq suları yuxuma girir, məni öz qoynuna səsləyir. Bu həsrət, bu ayrılıq ikimizi də əldən salır...
Zarafat edirəm, nə həsrət?
Xəzər dənizinin sahilindəki çimərliklərin əksəriyyəti insanda yalnız ikrah yaradır. Biz yalnız xəyalımızdakı dənizin həsrətini çəkə bilərik...
***
Çimərlik yollarındakı tıxac, çimərliklərdəki keyfiyyətsiz xidmət, antisanitariya, insanlarımızın “yüksək səviyyəli davranış mədəniyyəti” həqiqətən təsvirəgəlməzdir. Deyilənə görə, bahalı çimərliklərdə vəziyyət nisbətən normaldır. İnsanlar bir balaca artıq pul xərclədikləri hər şeyin qədrini, qiymətini bilir. Bir məsələ də var ki, mənim o çimərliklərə getmək imkanım olsa, bu yazını yazıb sizi yormaz, gedib o bahalı yerlərdə istirahətin dadını çıxararam. Boynuma alıram ki, mənim o çimərliklərdə nələr baş verdiyindən dəqiq xəbərim yoxdur. Deyilənə görə, o gözəl sahillərdə gözəl adamlar “Jet Sky” sürür, qarpızı dilimləyib qabığını, suyu, pivəni içib butulkasını quma basdırmır, dənizə, hovuza tumanla yox, çimərlik paltarında girirlər.
***
Sadə xalq kütlələrinin, qara camaatın istifadə etdiyi ucuz çimərliklərdə xidmət o qədər bərbaddır ki, istirahətdən zövq almaq qəti mümkün deyil.  “Ailəvi istirahət mərkəzi” yazılmış məkanlarda tumanla dolaşan vətən övladlarını görəndə, anlayırsan ki, həyatın normala dönməsi üçün təkcə pandemiyanın bitməsi kafi deyil. Gərək beyinlər, zövqlər yenilənə, ən azından çimərlik mədəniyyəti formalaşa...
***
Girişi kifayət qədər bahalı olan çimərliklərin heç birində normal xidmət təklif edilmir, adi duşu normal işləməyən bu çimərliklərdə necə istirahət edəsən?
İctimai çimərliklər, adlı-sanlı “Ailəvi istirahət mərkəzi” adı ilə fəaliyyət göstərən çimərliklərdən qatbaqat yaxşıdır. İctimai çimərliklərin də bircə əmması var...
İnsan faktoru...
Çimərliklərdə təkcə xidmətin səviyyəsi aşağı deyil, eyni zamanda insanlarımızın da istirahət anlayışı, mədəni səviyyəsi yerlərdə sürünür.
Sonuncu dəfə dostlar səhv etmirəmsə, Pirşağıya, dəniz kənarına dəvət etmişdilər. İnanın ki, normal çimərlik geyimində insanlara rast gələndə sevincimdən onları qucaqlayıb ağlamaq, əllərini sıxıb təbrik etmək istəyirdim. Masa kirayələyənlər kəsdikləri qarpızın qabıqlarını, yedikləri yeməklərin qalıqlarını, plastik şüşələri toplamağa tənəzzül etmir, Xəzərin qumsallarında unudulmaz izlər buraxaraq çimərliyi qalib ədasıyla tərk edirdilər: “Gəldim, dincəldim, iz qoydum” – təxminən Sezarın “Veni, Vidi, Vici” söhbəti kimi bir şey. İnanmayacaqsınız, amma and içə bilərəm ki, çimərlikdə suya atılanda eşşək kimi anqıran, buğa kimi fınxıran insanlar görmüşəm. Bu gözlər yekəpər, dağ vüqarlı, bazburutlu el ağsaqqallarının təbii ehtiyacını çimərlikdə, mavi Xəzərin bir addımlığında ödədiyini görüb. Həm də kifayət qədər bahalı çimərlikdə, bahalı maşınlardan düşüb dənizə cumanlar arasında...
***
Çimərlik  insanların kütləvi istirahət edib, günəş vannası qəbul etdiyi, sərinlədiyi, dincəldiyi məkan olmalıdır. Çimərliyin qumundan, dənizin suyundan zövq almaq çox təbii, normal istirahətdir. Zir-zibil içində itib batan, xirtdəyəcən antisanitariya, natəmizlik yuvası olan məkanlarda vaxt keçirməyə istirahət demək günahdır. Bizim istirahət anlayışımız kasad, xidmət sektorumuz isə bərbaddır. Məhz buna görə də görünür illərlə dəniz həsrəti ilə yanıb qovrulan mənim kimi vasvası adamların arzusu çin olmayacaq...
Oxunmalı kitab: Orhan Pamuk, “Vəba gecələri”
Nəşriyyat: Yapı Kredi Yayınları (Türkiyə)
Janr: Tarixi roman
Dili: Türkcə
Səhifə: 544
Orhan Pamukun 5 ildir üzərində çalışdığı “Vəba gecələri” romanı ədəbiyyatsevərlər üçün gözəl hədiyyədir. Kitabın nəşrindən qısa müddət sonra onun elektron forması da internetdə geniş yayıldı. Bu o deməkdir ki, kitab Azərbaycan oxucusu üçün də əlçatandır.
“Vəba gecələri” romanında hadisələr 1901-ci ildə Osmanlı imperatorluğunun 29-cu vilayəti olan Mingər adasında, vəba pandemiyası zamanı baş verir. Əsas mövzusu siyasət və eşq olsa da, Pamukun epidemiya, karantin, dövlət və fərd məsələlərini bir nağıl atmosferində müzakirə etdiyi bu tarixi roman yaşadığımız günlərə də işıq tutur.
“Vəba gecələri” karantin yasaqlarına itaət edilməsi üçün çalşan insanların vəba ilə, adadakı adət-ənənələrlə və sonunda bir-biriylə və ölüm təhdidləriylə savaşının və yaşadığı sevginin hekayəsidir.
 
Xəbər lenti
0