SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tarix təkrarlanır: Azərbaycan əfqan qaçqınlarını qəbul etməlidirmi

© Sputnik / Sayed Ali / Mediabanka keçidБеженцы из провинции Газни в Афганистане
Беженцы из провинции Газни в Афганистане - Sputnik Azərbaycan, 1920, 23.08.2021
Abunə olmaq
Əfqanıstanda əhalinin müəyyən kateqoriyası var ki, Azərbaycan onların ölkəmizə gəlməsində maraqlıdır. Bu ilk növbədə, türk kökənli 24 oğuz boyundan biri, azərbaycanlıların subetnosu hesab edilən əfşarlardır.
BAKI, 23 avqust — Sputnik. Əfqanıstanda baş verən hadisələrdən sonra əhalinin böyük bir hissəsi yeganə çıxış yolunu ölkədən baş götürüb qaçmaqda görür. İyirmi il bundan əvvəl olduğu kimi indi də onların üz tutmaq istədikləri ölkələr arasında Azərbaycan da var.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, Miqrasiya Təşəbbüsləri üzrə Avrasiya Platformasının rəhbəri Azər Allahverənov Sputnik Azərbaycan-a bildirib ki, əfqanlar yerli hüquq sahəsini, qaçqın statusu almağın şərtlərini öyrənməyə, beynəlxalq təşkilatların bu prosesdə iştirakı və ölkənin özü tərəfindən miqrantlara göstərilən yardım məsələsini araşdırmağa başlayıblar.
Son aylar ərzində Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu almaq üçün 10-a yaxın əfqan müraciət edib. Onlar Taliban* hərəkatının Əfqanıstanda hakimiyyətə gələcəyini və nəticədə baş verəcək hadisələri əvvəlcədən təxmin edən insanlardır.
Taliban* hakimiyyətindən qaçan Əfqanıstan vətəndaşlarının qlobal miqrasiyasını nəzərə alsaq, Azərbaycan üçün belə böyük qaçqın axınını qəbul etmək çətin olar. Hazırda bir vaxtlar erməni işğalı altında olan və II Qarabağ müharibəsi nəticəsindən azad edilən ərazilərimizin yenidən qurulması ilə əlaqədar olaraq Azərbaycanın öz qayğıları kifayət qədərdir. Bununla belə, ekspert hesab edir ki, respublika rəhbərliyi bu məsələnin bütün müsbət və mənfi tərəflərini götür-qoy edəcək, çünki insanlara mövcud imkanlar daxilində kömək etmək lazımdır.
Əfqanıstandan kimlər gələ bilər?
Əfqanıstanda əhalinin müəyyən kateqoriyası var ki, Azərbaycan onların ölkəmizə gəlməsində maraqlıdır. Bu ilk növbədə, türk kökənli 24 oğuz boyundan biri, azərbaycanlıların subetnosu hesab edilən əfşarlardır.
Rəsmi məlumatlara görə, Əfqanıstan ərazisində, xüsusən də Kabil və Heratda 50 min əfşar yaşayır, qeyri-rəsmi məlumatlara görə isə, onların sayı 200 minə yaxındır. On milyon əhalisi olan Azərbaycan üçün bu, kifayət qədər böyük rəqəmdir.
"Bu yaxınlarda Azərbaycanın Heratdakı diasporunun lideri bəyan edib ki, təkcə bu şəhərdə 16 min etnik azərbaycanlı yaşayır və onlar ölkəmizdə sığınacaq tapmaq arzusundadırlar. Aydın məsələdir ki, Əfqanıstanda vəziyyət müxtəlif ssenarilər üzrə inkişaf edə bilər. Amma əgər Taliban* hərəkatı etnik azlıqlarla ümumi dil tapa bilsə, məncə, kəskin miqrasiya sıçrayışı baş verməyəcək", – deyə Allahverənov vurğulayır.
Digər tərəfdən, onun sözlərinə görə, taliblər insanların ölkədən sıxışdırılıb çıxarılmasında maraqlı deyillər. Axı Əfqanıstanı idarə etmək üçün onların mütəxəssislərə ehtiyacı var. Odur ki ekspertin fikrincə, taliblər danışıqlara getməli olacaqlar.
Azərbaycandakı əfqan qaçqınları
İyirmi il bundan əvvəl taliblər Əfqanıstanda hakimiyyətə gələndə təxminən 1000 nəfərə yaxın əfqanıstanlı – əfşarlar, xəzərlər, puştunlar, ölkənin digər türkdilli və farsdilli nümayəndələri Azərbaycanda özünə sığınacaq tapmışdılar. Ancaq onların hamısı ölkəmizdə qalmadı. Son 10-15 il ərzində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xətti ilə bir neçə yüz insan Azərbaycandan üçüncü ölkələrə yönləndiriliblər. Bu təşkilatın sayəsində indi onlar ABŞ, Kanada və Avropa ölkələrində yaşayırlar.
"Əfqanıstandan Azərbaycan istiqamətinə nə qədər insanın üz tutacağını proqnozlaşdırmaq çox çətindir. Düşünürəm ki, bir neçə min insandan söhbət gedə bilər. Ancaq onlardan nə qədərinin gəlib bura çatacağını proqnozlaşdırmaq da çətindir. Çünki hər şey Mərkəzi Asiya ölkələri və İranda yaranacaq vəziyyətdən asılıdır", – deyə ekspert izah edir.
Məqsəd – Rusiyadır
Allahverənovun proqnozlarına görə, əfqan qaçqınları ilk növbədə Özbəkistan, Tacikistan, Qırğızıstan istiqamətinə üz tutacaqlar ki, sonradan bu ölkələrdən Rusiyaya keçə bilsinlər.
Bundan başqa, Avropa İran və Türkiyənin əfqan qaçqınlar üçün bufer rolunu oynamasında maraqlıdır və bu ölkələrə təzyiq göstərməyə çalışır. Ancaq İran qəti mövqe nümayiş etdirə bilər.
"Hələ 20-25 il bundan əvvəl, yeri gəlmişkən, elə Talibanın* hakimiyyətə gəlişindən sonra İran Əfqanıstandan çoxlu sayda qaçqını qəbul etmişdi. Hərçənd, həmin vaxt İran hakimiyyəti bu böyük insan axınının əyalətlərdə məskunlaşmasına imkan vermədi və birbaşa sərhəddə miqrantlar üçün düşərgələr salındı. Və təxminən bir neçə aydan sonra Əfqanıstanda vəziyyət stabilləşəndə 1,5 milyon insan öz vətəninə qayıtdı. Qalan hissəsi də tədricən qayıtmağa başladı. Əgər İran bu dəfə də sərhədlərini belə mühafizə etsə, qaçqınların oradan Azərbaycana keçməsi çətin olacaq", – deyə ekspert vurğulayır.
Türkiyə də öz növbəsində var gücü ilə qaçqınların qarşısını almağa çalışır. Türkiyə hökuməti bu məqsədlə İranla sərhəddə beton divarlar inşa edir. Bu ölkə ərazisində onsuz da Suriya, Livan və İraqdan gəlmiş 4 milyon qaçqın məskunlaşıb.
Avropa ölkələrinin əfqan qaçqınlarını qəbul etməyə hazır olub-olmadığına gəlincə, Allahverənovun fikrincə, bu, proklamasiyadan başqa bir şey deyil.
Taliban* - Rusiyada fəaliyyəti qadağan olunmuş terrorçu təşkilat
Həmçinin oxuyun:
Əfqanıstandan qaçan qadın təyyarədə doğdu
Xəbər lenti
0