Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"İşgəncə aparatı" ilə hörmət qazanan adam: "Gözəllik və ədalətsizlik ürəyimi titrədirdi"

© Sputnik / Aleksey Kudenko / Fotobanka keçməkReza Deqati
Reza Deqati - Sputnik Azərbaycan, 1920, 22.08.2021
Xəbərlərə abunə olun
Ayağı qopan livanlı uşaq onun sayəsində səhhətinə qovuşub, azərbaycanlı əsgər isə döyüşçü olduğunu sübut edib. İranda doğulub Fransada yaşayan məşhur fotoqraf Reza Deqatinin Sputnik Azərbaycan-a ürəkləri riqqətə gətirəcək müsahibəsi.
BAKI, 22 avqust — Sputnik. Azərbaycanın başına gələn bəlaları – 20 Yanvar faciəsindən tutmuş, İkinci Qarabağ savaşına qədər olan qanlı tariximizi dünya ictimaiyyəti onun gözü ilə gördü. Mübaliğəsiz demək olar ki, Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Söhbət dünya şöhrətli fotoqraf Reza Deqatidən gedir.
Ömrünün 40 ilini dünyanın dörd bir yanında baş verən müharibələri lentə alan fotoqrafla həmsöhbət olduq. İranda doğulub Fransada yaşayan məşhur dünyanın ən qaynar nöqtələrində çəkdiyi fotolardan, gördüyü dəhşətlərdən Sputnik Azərbaycan-a danışıb. Uşaqlıqda fotokameranı qətiyyən sevməyən Deqati bir gün dünyanın ən məşhur fotoqrafı olacağını, bəlkə də düşünməmişdi:
“Atam bizim fotolarımızı çəkərdi. Həmişə deyərdi, "dayanın, sizin fotonuzu çəkirəm". Foto çəkiləndə də üzümüzü günəşə doğru tuturdu ki, üzümüzə işıq düşsün. Foto çəkən vaxt bizə sərbəstlik vermirdi. Ona görə də onun adını “işgəncə aparatı” qoymuşduq. Hər dəfə biz harasa gedəndə, atam onu götürəndə əsəbləşirdik ki, yenə də onu götürdü".
Sevmədiyi o alət, özünün dili ilə desək, "işgəncə aparatı", balaca Rezanı dünyanın ən məşhur insanı edəcəkdi. Bir gün təsadüfən sevmədiyi o alətin gücü ilə tanış oldu. O, bunu özünün ən böyük kəşfi sandı: "Bir gün fotoaparatın gözlüyünə baxanda anladım ki, hər şeyi çəkmək mümkündür. Sanki böyük bir kəşfim idi. Qaçdım atamın yanına ki, ata, bu təkcə bizi çəkmək üçün deyil, bununla hər şey çəkə bilərəm".
Gözəlliklə yanaşı, yaşadığı məhəllədəki ədalətsizliklər onu foto çəkməyə sövq edib. Uşaqlıqda olduğu kimi, bu gün də bu iki məfhum onun ürəyini riqqətə gətirir: “Mən on üç yaşımdan foto çəkməyə başlamışam, əlli altı il bundan qabaq. Onda nə usta var idi, nə də internet var idi.  Həm gözəllik, həm də ədalətsizlik mənim ürəyimi titrədirdi. Küçəyə çıxırdım, orada dilənçiləri görürdüm, ayağı yalın insanları görürdüm, bu mənə təsir edirdi. Mən deyirdim, niyə filankəs acdır? Niyə filankəsin paltarı yoxdur? Deyirdilər, sən uşaqsan, get işinlə məşğul ol".
O zamanlar  düşünür ki, bəlkə də insanlara  fikrini foto vasitəsi ilə çatdıra bilər. Beləliklə, on üç yaşlı Reza foto çəkməyə başlayır: "Gözəlliklərlə yanaşı, ədalətsizliyi də çəkməyə başladım və böyüklərə göstərdim. Deyirdim ki, baxın, filan uşaq bir aydır ki, hamama getmir, filan uşağın ayaqqabısı yoxdur. Onlar da təəccüblənirdilər. Əvvəllər hansısa dilənən uşağı, hansısa ac uşağı görməzlikdən gəlirdilərsə, artıq bu fotolar vasitəsi ilə yaşadıqları məkanda olan ədalətsizliyi onlara göstərdim".
Deqati düşünür ki,  fotolar insanları, insanlar da dünyanı dəyişir. Fotonu  insanların düşüncəsini dəyişmək üçün ən güclü alət hesab edən dünya şöhrətli fotoqraf inanır ki, çəkdiyi fotolar milyonlarla insana təsir edib, düşüncələri kimi, həyatlarını da dəyişib: "Birinci Qarabağ Müharibəsi haqda bir xatirəmi danışmaq istərdim. 1992-ci ildə mən Şuşada olanda, orada bir könüllü əsgər döyüşürdü. Həmin əsgər mənə çəkiliş edə bilməyim üçün çox kömək etmişdi. Mən uzun illər onun kimliyini axtarırdım. Günlərin bir günü “Facebook”da elan verdim ki, həmin əsgəri axtarıram. Sonra bir xanım mənə yazdı və dedi ki, həmin əsgər onun atası olub. Beləliklə, mən o şəxslə görüşdüm.
Biz görüşəndə məlum oldu ki, 28 il ərzində həmin könüllü əsgər Birinci Qarabağ Müharibəsi iştirakçısı olduğunu dövlətə sübut edə bilmirmiş. Həmin şəxs mənə dedi ki, mən 28 ildir işləmirəm, dövlətdən də bir qəpik də ala bilmirəm. Bu görüşdən sonra mən Fransaya gedib, arxivdən fotolarımı çıxardım. Həmin əsgərin məndəki bütün fotolarını ona göndərdim. Növbəti görüşümüzdə mənə dedi ki, həmin fotoları Müdafiə Nazirliyinə apardım və artıq Qarabağda döyüşdüyümü sübut edə bildim. Düşünürəm ki, bu, az da olsa, çəkdiyim fotoların gücüdür”.
Bundan başqa, Deqatinin çəkdiyi başqa bir foto livanlı bir uşağın həyatını xilas edib: "Livanda olanda belə bir hadisə olmuşdu. Beyrut mühasirəyə alınmışdı. Müharibə vaxtı bir ev dağıdıldı. Orada iki uşaqdan biri öldü, digərinin isə ayağı yaralanmışdı. Sabahısı gün getdim ki, ayağını kəsiblər. Mən onu çəkmişdim. Həmin foto Norveçin məşhur jurnallarından birində dərc olunmuşdu. Bütün norveçlilər birləşib o uşağın sağalmasına yardım etmişdilər".
Son zamanlar insanlar bəşər övladının pisliyə doğru dəyişdiyi zənn edirlər. Deqati isə bunun əksini düşünür. Onun fikrincə, insanlar getdikcə daha da yaxşılaşıblar: "Mən 40 il ərzində gördüm ki, zaman keçdikcə insanlar daha da yaxşılaşıblar. Mənə hərdən sual verirlər ki, siz bu qədər vəhşiliklərin şahidi olmuşunuz, necə yaşaya bilirsiniz? Bu vəhşiliklər necə sizə təsir etmir? Mən cavab verirəm ki, siz bilsəniz ki, 300 il əvvəl bu dünyada hansı qəddarlıqlar olub, sizə indiki hadisələr adi gələr".
Reza Deqati onu da deyib ki, uğurlu çəkiliş üçün qorxuya qalib gəlmək ən vacib şərtlərdəndir: “Mənim haqqımda  deyirlər ki, Reza həmişə hadisə vaxtı hər kəsin qaçmağa çalışdığı yerə getməyə tələsir. Əslində, düz deyirlər, çünki mən bilirəm ki, foto məhz orada, hamının qaçıb, çıxmağa çalışdığı yerdədir. Ona görə də uğurlu foto üçün qorxunu yenmək lazımdır”.
Deqati 20 Yanvar hadisələrini, o cümlədən də Xocalı soyqırımının şahidlərini,  eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. Bundan başqa, müharibə gedən digər bölgələrdə Şuşa, Zəngilan, Cəbrayılda baş verən hadisələri də fotoaparatın yaddaşına köçürüb. Müharibədən sonra da məcburi köçkünlərlə görüşüb, onların da şəkillərini çəkib.
20 Yanvar faciəsi haqqında  "Məsumların qırğını" (The Massacre of the Innocents) adlı kitab dərc edən  Deqati o günləri belə xatırlayır: "90-cı ilin yanvarın 21-i və ya 22-i idi, mənə Parisdə məlumat verdilər ki, Bakıda dəhşətli qətliam olub. Mənə dedilər ki, Bakıya gedə bilərsiniz? Çünki başqa xarici jurnalistləri buraxmırlar. O vaxt Moskva viza verirdi. Mən Moskvaya, orada Azərbaycan səfirliyinə getdim. Gördüm, səfirliyi də dağıdıblar. Mən dedim ki, nə yolla olur-olsun, mən oraya getməliyəm".
Deqati orada yaşayan azərbaycanlıların köməyi ilə Bakıya gəlir. Bu səfər ona heç də rahat başa gəlmir: "O vaxt iki cür qatar var idi. Biri sürət qatarı idi, ona mütləq pasport lazım idi. Başqa birisi də var idi, o 48 saat yol gedirdi. Ona pasport lazım deyildi. Mənə dedilər ki, yoxlanış vaxtı siz yük yerində gizlənərsiniz. Mənimlə birlikdə bir türk dostum da var idi. O da gəlmək istədi, film çəkmək üçün. Bakıya gəldik, gördük ki, vağzalın girişində əsgərlər dayanıb, hamını yoxlayırlar".
Məşhur fotoqraf Moskvada yaşayan azərbaycanlıların qurduğu planla Bakıya gəlməyə müvəffəq olur: "Mənə dedilər ki, fotoaparatınız qatarda qalsın. İki gözəl xanım əlində gül dəstəsi ilə qarşıladılar. Guya  biri mənim, digəri isə türk dostumun sevgilisidir.  Sevgili kimi davrandıq. "Sevgilim" əsgərlərə rusca dedi ki, neçə vaxtdır görüşmürük. Əsgərlər də bizi yoxlamadılar, bizi qonaq sandılar. Bizi evə gətirdilər, ondan sonra fotoaparatımızı gətirdilər. Üç gün biz Bakıda çəkiliş etdik. Morqda, Şəhidlər xiyabanında şəhidlərin dəfnini çəkdik. Moskvada 4 gün qalmalı idik. Bir azərbaycanlıya açarımızı vermişdik, o hər gün gəlib otağımızı alt-üst edirdi ki, guya biz hələ də oradayıq. Çünki oranı təmizləyənlər "KQB" işçiləri idi, onlar bilsəydilər ki, biz yoxuq, tez məlumat verəcəkdilər. Bu yolla biz bütün dünyaya Bakıda olan dəhşətli qırğını çatdırdıq. Sonradan eşitdim ki, Moskvadan Azərbaycanda olan "KQB" məmurlarına təzyiqlər olmuşdu ki, siz hara baxırdınız ki, bu jurnalistlər gəlib çəkiliş ediblər".
Müsahibimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bir çox Avropa ölkələrində sərgilər təşkil edib, dəfələrlə ermənilərin hücumuna məruz qalıb. Qarabağda çəkdiyi fotoları Parisdə sərgiləyən Deqatiyə qarşı Fransa mətbuatında onlarla yazı dərc olunub, özü hədələnib, sərgisi isə erməni hücumuna məruz qalıb. Reza Deqati isə öz növbəsində cırılan şəkilləri yeniləri ilə əvəz etməyib, ermənilərin növbəti əməlini necə varsa, elə də nümayiş etdirib:
"Sərgi edəndə, konfrans keçirəndə qışqırırlar, vandalizm edirlər, fotolarımı cırırlar. Tutaq ki, hansısa muzeydə mənim sərgim olacaq. Başlayırlar həmin muzeyin direktoruyla, həmin şəhərin icra başçısıyla danışırlar. Onların əlaqələri çoxdur. Müxtəlif yollarla mənə mane olurlar. Ermənilər mənə həm maddi, həm də mənəvi zərər vurublar. Mənim neçə-neçə böyük layihələrimi erməni lobbisi ləğv edib. İnternetdən də məni təhqir edirlər, amma mən onlara cavab vermirəm. Fransızlar mənim əvəzimdən onlara cavab verirlər ki, nə danışırsınız, biz Rezanı tanıyırıq".
Hər peşənin etiket qaydaları var. Bu, fotoqrafiyaya da aiddir.  Qəhrəmanımız deyir ki, fotoqraf kimi harayasa ezam olunmusansa, sən işini görməlisən. Sən baş verənlərə müdaxilə etməməlisən. Amma elə hallar olub ki, Deqati həmin vaxt sənətini unudub: "Sən hər hansı bir saytın, jurnalın əməkdaşısan, səni göndəriblər ki, get, oradakı hadisəni çək. Tamaşaçı səndən foto gözləyir, ona maraqlıdır ki, müharibə olan ərazidə nə baş verir? Milyonlarla insanın gözü məndədir. Mən oraya gedəndə bilirəm ki, ölüm də ola bilər, yaralana da bilərəm. Mən bütün bunları nəzərə alaraq yola çıxmışam".
"Fotolarımın 90%-ni göz yaşları ilə çəkmişəm. Tamaşaçılar elə bilərlər ki, mən 40 ildir ki, ölü görürəm və indi ölümlər mənə təsir etmir. Təbii ki, həkimlərə, mürdəşirlərə təsir etməyə bilər. Amma mən adət etməmişəm, - deyir Deqati. - Əgər mən adət etsəydim, məndə o emosiya olmayacaqdı. Emosiya da olmasa, o fotolar yaranmayacaqdı. Amma elə fotolar var idi ki, onu çəkmirəm. Çünki o fotonu çəkməklə mən insanın şərəfinə xələl gətirə bilərəm. Başqa bir məsələ, əgər həmin situasiyada mənim əllərim lazım olacaqsa, mən o vaxt fotoaparatı kənara qoyub ona kömək edərəm".
Deqatinin həyatında elə anlar olub ki, bəlkə də onu çəksəydi, ən böyük mükafatı qazanacaqdı. Həmin anlardan birini bizimlə bölüşdü: "Bir nümunə deyim sizə. Əfqanıstanda taliblər şəhəri tutmuşdular. Hamı qaçırdı şəhərdən. Mən də maşınla gedirdim. Sürücüyə dedim ki, saxla, mən buradan bir foto çəkmək istəyirəm. Sürücü etiraz etsə də saxladı. Bizdən öndə gedən avtobusda xeyli adam var idi. Həmin avtobusun üstündə də adamlar var idi. Həmin avtobus minaya düşdü və partladı. O anı mən çəkə bilərdim, çox dəhşətli bir fotolar əldə edə bilərdim. Həmin vaxt gördüm ki, balaca bir qız uşağı qanın içindədir və şokdadır. Kənarda olan hər kəs qışqırırdı. Uşaq məni görən kimi üstümə qaçdı, əfqanca “əmican, əmican” dedi. Mən onu qucaqladım. Əfqan dilini bildiyimə görə onunla danışdım. Bu gün həmin hadisəni bir rəssam çəksə, müharibəyə qarşı olan dünyanın ən məşhur rəsm əsəri ola bilər. O əsərə baxan hər kəs müharibəyə qarşı ola bilər. Mən həmin anı çəksəydim, o foto mənə milyonlarla mükafat gətirə bilərdi. Amma uşaq ki mənim üstümə gəldi, “əmican, əmican” deyə, həmin an mən fotoaparatı atdım. Hələ də o fotoaparatın səsi qulağımdadır. Heç nə düşünmədim o an. Həmin vaxt mən heç nə çəkmədim. Belə hadisələrlə çox rastlaşmışam. Çox qəribədir ki, bu tipli hadisələrdə böyüklər ölürlər və ya çox ağır yara alırlar, amma uşaqlar çox vaxt sağ-salamat çıxırlar".
Həmsöhbətimizin düşünür ki,  qorxu ölümün yarısıdır.  Həmkarları "hamı hadisə olan yerdən qışqıra-qışqıra qaçar, amma Reza hadisənin içinə girər" deyirlər. Qorxunu ram etməyi bacaran fotoqraf daha bir həyati təhlükəli bir çəkilişdən - Şuşadakı çəkilişindən danışdı. Fotoqraf hər bir azərbaycanlının ürək yanğısı ilə baxdığı həmin fotoları  çəkən zaman ölümlə üz-üzə dayanıb. Ona qoyulan qadağalara rəğmən, snayperlərin güllələri altında o, Şuşa getməyə müvəffəq olub:
"1992-ci ildə Daşaltıda olanda gördüm ki, əsgərlərin hamısı oradadır. Şuşaya getmək mümkün deyil. Ermənilər bütün yolları tutmuşdular, şəhər mühasirədə idi. Dedim, yaxşı, bəs insanlar necə gedib-gəlirlər? Dedilər, dağ yolu qalıb, Cıdır tərəf. Amma ora da çox təhlükəlidir. Çünki arxada ermənilərin snayperləri var. Mən də 80-ci ilərdə Livanda çox olmuşdum. Livanda ermənilər var idi, onların çox güclü snayperləri var idi. Dedim ki, mən mütləq Şuşada olmalıyam. Şuşa mühasirədə olsa da mən orada olmalıyam".
Bundan əvvəl Əfqanıstanda olub, oranın dağlarında müharibənin ən qızğın vaxtlarında çəkilişlər edən həmsöhbətimizin təcrübəsi ona kömək olub: "Mən 3-4 saat yol getdikdən sonra oraya çatdım. Üç dəfə snayper istədi məni vursun. Birinci dəfə papağımı vurdu, ikici dəfə sağ qulağımın seyvanını cızdı, üçüncü dəfə isə güllə ayaqlarımın arasından keçdi. Yəni Allah məni qorudu və özümü Şuşaya çatdırdım. Fotoları çəkdim, eyni yolla qayıtdım. Əslində, doğru deyirdilər, mən getməməli idim. Çünki papağımla beynimin arası 1 sm idi. Mən qorxsaydım, yəqin ki, o fotolar olmazdı. İnsanlar var, bir maneəni divar görür, insanlar da var ki, maneəni pilləkən görür. Mən özümü ikinciyə aid edirəm".
Hər iki müharibədə - Birinci və İkinci Qarabağ savaşında iştirak edən azərbaycanlı məşhur bu müharibələr arasında çox böyük fərqin olduğunu vurğulayır. O əlavə edir ki, hər iki müharibədə bir ortaq cəhət var idi, hər ikisində vuruşanlar böyük cəsarətlə, canla-başla, ölümün gözünə dik baxaraq vuruşublar.
Çünki ikinci müharibədə vuruşanlar elə birinci müharibədə vuruşanların övladları idi: "1992-ci ildə Azərbaycana gələnə qədər artıq 12 il idi ki, mən müharibələr görmüşdüm. Azərbaycana gələndə çox məyus oldum. Bizdə silah da zəif idi, olan silahı da işlədə bilmirdilər. Amma düşmən tərəfin çox güclü ordusu var idi. Ermənistana yardım edən çox idi. Gördüm ki, Azərbaycan tək qalıb, ordusu da yoxdur. Əsgərləri də tüfəngin biri sağ tərəfindən tuturdu, o biri sol tərəfindən tuturdu. Heç silahla rəftar etməyi belə, bilmirdilər. İkinci müharibə isə fərqli oldu. Gördüm ki, bu müharibədə ordumuz çox güclənib. Sanki yeni insanlar əmələ gəlmişdilər. Artıq hər şeyi dəqiq bilirdilər, dəqiq plan üzərində hərəkət edirdilər. Şuşanı nə topla, nə dronla, nə də ən yeni silahlarla almaq olardı. Şuşanı ancaq hirslə almaq olardı. 30 ilin hirsi, cəsarəti  ilə Şuşa azad olundu. Bir foto çəkmişdim, qayanın üstündə, bəlkə də 500 dənə güllə var idi. Təsəvvür edin, bir qayanın üstündə o qədər güllə varsa, görün dağlarda nə qədər güllə var".
Bu günə qədər dünyanın 115 ölkəsində şəkil çəkən, 1 milyondan çox fotonun müəllifi olan fotoqrafa "əsərlərinizin içində heç vaxt unuda bilməyəcəyiniz foto hansıdır?" sualına Deqatinin cavabı belə oldu: "Onların hamısı mənə əzizdir. Necə demək olar ki, üç uşağım var, ancaq birini çox istəyirəm. Hamısını istəyərək, sevərək çəkmişəm. Bu fotoların hansına baxsan, onun ayrı bir hekayəsi, nağılı var. Amma bütün bunlara baxmayaraq, çox təsiredici bir anı Ağdamda, Xocalıdan qaçan yaşlı qadının timsalında yaşadım.
Faciədən 3 gün sonra oğlu və həyat yoldaşının cəsədini tapan, əllərini yuxarı qaldırıb ah-nalə edən qadının fotosu... O qadın digər insanlara nisbətən daha soyuqqanlı idi. Kömək edirdi oradakı insanlara. Əzizlərini itirən qadın elə fəryad etdi ki... Həmin anı heç unuda bilmirəm.  Bütün dünya da bu əsərə məyus olmuşdu. Qadın qaça-qaça əllərini açaraq gəlir, amma görür ki, əzizləri həlak olub.  O rəsmi Fransa, Amerika daxil olmaqla dünyanın bir çox ölkələrində sərgilədim, kitablarıma daxil etdim. Hətta Avropada buna görə ermənilərlə münaqişələrim də olub".
"Hər bir uğurlu kişinin arxasında onu sevən güclü bir qadın dayanır" fikrini Deqatinin xanımı üçün şamil etmək olar. 30 ildir evli olan dünya şöhrətli fotoqraf deyir ki, xanımı ona dəstək olmasaydı, bəlkə də bu gün "Reza Deqati" imzası olmayacadı:  "Mən bu gün Fransada hansısa bir fashion (moda)  fotoqrafı olub, bu gün qazandığımdan 100 dəfə artıq pul qazana bilərdim. Amma bunlar məni cəlb etməyib. İki övladım var. Oğlumun 26, qızımın 23 yaşı var. Onlar uşaqlıqdan görürlər ki, mən həmişə döyüş bölgələrinə gedirəm. KİV-lərdən də görürlər ki, mənim getdiyim yerlər çox dəhşətli yerlərdir.
Həyat yoldaşım mənə bu yolda çox dəstək olub. Deyir ki, Reza elə o yerlərdə olduğuna görə Reza olub. Mən o yaşasın deyə evdə saxlasam, həmin Reza olmayacaq, dəyişəcək. Bəlkə də dəyişsə, mən ona aşiq olmayacağam. Uşaqlar da artıq bunu qəbul ediblər. Düzdür, çətindir, amma qəbul ediblər. Bir il əvvəl övladlarımla söhbət edəndə mənə dedilər ki, sən hər dəfə çəkilişə gedəndə biz düşünürdük ki, bu sondur, biz atamızı bir də görməyəcəyik. Mən bu vaxta qədər onların arxamca ağladığını bilməzdim".
Eləcə də oxuyun:
Reza Deqatidən gənc fotoqraflara ən dəyərli məsləhət: Ürəyinizlə çəkin
Qarabağda renessans: Pyerfitdə fotojurnalist Reza Deqatinin sərgisi açılıb
Reza Deqati Qarabağ barədə yeni layihəsindən xəbər verib - VİDEO
Əcnəbi jurnalist Kəlbəcərdə minaya düşməkdən son anda xilas oldu - Video
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала