Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ekspert: Üç ton məhsul götürən fermer hər kiloqram pambıqdan 88 qəpik gəlir əldə edəcək

© AFP 2024 / STRPambıq yığımı
Pambıq yığımı - Sputnik Azərbaycan, 1920, 19.08.2021
Abunə olmaq
İqtisadçılar fermerlərdən pambığın alış qiymətinin artırılmasına münasibət bildiriblər. Digər bitki növləri ilə müqayisədə pambığın gəlirliliyi daha çoxdur.
BAKI, 19 avqust — Sputnik. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb.
Alış qiymətinin artırılması ilə bağlı iqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a bildirib ki, təxminən 16-17 sentner orta məhsuldarlıq pambığın maya dəyərini ödəyir. 2020-ci ildə Azərbaycanda pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, o deməkdir ki, Azərbaycanda fermerlər pambıqdan pul qazanırlar. Bundan başqa, təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Fermerlər pambıq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar. Bu, əvvəllər 220 manat idi. İndi də pambığın alış qiyməti 50 manat artırılıb. "Bütün bunları götürəndə cari ildə hər hektarda 30 sentner (80%-i 1-ci növ və 20%-i 2-ci növ) xam pambıq istehsal edən fermer, subsidiyalarla birlikdə hər kiloqram məhsuldan 88 qəpik gəlir əldə etmiş olacaq. Bu, normaldır"-deyə o qeyd edib.
Onun sözlərinə görə, pambığı buğda ilə müqayisə etsək, hər hektarda 30 sentner buğda istehsal edən fermer hər kiloqramdan 30 qəpik gəlir əldə edir.
"Amma hər hektarda 30 sentner xam pambıq istehsal edən fermer isə hər kiloqramdan 88 qəpik gəlir əldə edir. Lakin pambığın istehsal xərcləri arpa, buğdaya görə çoxdur. Belə ki, 1 hektar pambığın becərilmə xərci təxminən 1200-1300 manata çatır. Lakin bu, taxılda aşağıdır. Amma digər əkin növləri ilə müqayisədə pambığın gəlirliliyi daha çoxdur", - deyə ekspert bildirib.
İqtisadçı onu da əlavə edib ki, bu il pambığın suvarılması ilə bağlı fermerlərdən hər hansı bir ciddi şikayət eşitməyib.
İqtisadçı-ekspert Mircavid Həsənov isə Sputnik Azərbaycan-a deyib ki, tanıdığım fermerlərin içərisində bəziləri pambıq əkininə görə razılıq edirlər və sərfəlidir deyirlər. Bəzilərinə görə isə pambıq əkini sərfəli deyil. Yəni fermerlərin pambığa münasibəti birmənalı deyil, razı olan da var, narazı olan da. Onun fikrincə, hansı fermerin əkini, məhsuldarlığı yaxşıdırsa, onlar bu işdən razıdırlar. Məqsəd məhsuldarlığın əldə edilməsidir. Pambığın alış qiymətinin 50 manat artırılması müsbətdir, əkin sahələri arta bilər, lakin məhsuldarlıq səviyyəsinə elə də ciddi təsiri olmaz.
"Burada toxum məsələləri də var. Məhsuldar toxumların ölkəyə gətirilməsi mühüm məsələdir. Belə olanda fermerin məhsulu daha çox olar və daha çox pul qazanar", - deyə o əlavə edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, fermerlərin maddi rifah halının yaxşılaşdırılması Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, pambıqçılığın dəstəklənməsi istiqamətində daha bir addım atılıb. Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub.
Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər. Bu, Prezident İlham Əliyevin fermerlərə göstərdiyi qayğı və diqqətin növbəti təzahürüdür.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.
Həmçinin oxuyun:
Azərbaycanın qeyri-neft ixracatında rekord artım
Xəbər lenti
0