CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu virus iqtisadiyyata güclü ziyan vura bilər - AQTA-dan fermerlərə xəbərdarlıq

© AFP 2023 / KIRILL KUDRYAVTSEVПомидоры, фото из архива
Помидоры, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.08.2021
Abunə olmaq
AQTA dünyada yayılan pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə mübarizə üsullarını açıqlayıb.
BAKI, 16 avqust — Sputnik. Hazırda dünyanın müxtəlif ölkələrində pomidor meyvələrinin qonur qırışılıq virusu yayılmaqdadır. Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun əsas sahib bitkiləri badımcançiçəklilər fəsiləsinin növlərindən olan pomidor və bibərdir. Sputnik Azərbaycan xəbər veirr ki, bununla bağlı AQTA dünyada yayılan pomidor meyvələrinin qonur qırışıqlıq virusu ilə mübarizə üsullarını açıqlayıb.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusu toxum, torpaq, alaq otları vasitəsilə yayılır. Həmçinin virus əkin sahəsində istifadə edilən alətlər, işçilərin təması, paltarları və tozlandırıcı həşəratlar vasitəsilə də yayıla bilir. Pomidor meyvələrinin qonur qırışıqlıq virusu əkin və səpin materialı kimi idxal edilən pomidor və bibər toxumları ilə yeni areala daşına bilir. Bundan başqa, istehlak məqsədilə idxal olunan yoluxmuş pomidor və bibər meyvələri də virusun yayılmasına zəmin yaradır.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusuna yoluxmadan sonra onunla mübarizədə kimyəvi maddələrin təsirsiz olduğunu nəzərə alsaq, virusun iqtisadi zərərlərinin böyük olduğunu qeyd edə bilərik. Bundan başqa, hazırda ToBRFV-ə qarşı davamlılıq genləri daşıyan pomidor hibrid və sortları mövcud deyil. Ümumilikdə, pomidor meyvələrinin qonur qırışıqlıq virusunun məhsulun əmtəəlik keyfiyyətini aşağı salmasını, mövcud olduğu təsərrüfat sahəsində qısa müddətdə yayılmasını, bitkini zəiflədərək digər virus və göbələk mənşəli ikincili infeksiyaların yaranmasına təkan verdiyini nəzərə alsaq, virusun kifayət qədər böyük həcmdə məhsul itkisinə səbəb olduğunu proqnozlaşdırmaq mümkündür.
Pomidor meyvələrinin qonur qırışıqlıq virusunun ölkəyə daxil olmasının qarşısını almaq məqsədilə idxal edilən bütün pomidor və bibər toxumlarının virusdan azad olması şərti əsas tələblərdəndir. Xəstəliyin əlamətini göstərməyən virusla yoluxmuş toxumların olmasını nəzərə alaraq, bütün pomidor və bibər toxumları idxal zamanı ToBRFV görə laboratoriyada molekulyar səviyyədə yoxlanılır.
Virusun yayılmasının qarşısının alınması üçün aşağıdakı profilaktik tədbirlərin görülməsi zəruridir:
- yalnız virusoloji müayinədən keçmiş sağlam toxum və şitil materialları başlanğıc materialı kimi istifadə olunmalı və Agentlik tərəfindən həyata keçirilən monitorinqlər zamanı müayinəyə dair aktların müfəttişlərə təqdim olunması təmin edilməlidir;
- xəstəlik əlamətləri aşkarlanan bitki və bitkilər təcrid edilməli və yoluxmuş bitki və ya bitkilərin tapıldığı sıra və ya sıralar işarələnməlidir;
- sıra boyunca gəzərkən heç bir bitkiyə toxunmamağa diqqət edilməli, kombinezon, əlcək və çəkmə ilə uyğun şəkildə sıraya daxil olunmalıdır;
- simptomları göstərən bitkilərin hər iki tərəfindən təxminən 3-6 bitki (Avropada ən azı 20 bitki tövsiyə olunur) çıxarılmalı və diqqətlə xüsusi kisələrə yerləşdirilməlidir;
- istehsal sahələrindəki bitkilər mütəmadi olaraq yoxlanılmalı və simptomları göstərən bitkilərin üzərinə böyük plastik torbalar qoyularaq sağlam bitkilərə toxunmadan diqqətlə istixanadan çıxarılmalı, yandırılaraq məhv edilməlidir;
- tozlanmada istifadə edilən Bombus arılarının virusla sirayətlənmiş bitkilərlə təmasını nəzərə alaraq, yoluxma aşkarlanan istehsal sahəsində ocaqlar məhv edildikdən sonra arı koloniyaları dəyişdirilməlidir;
- istehsalat sahəsində çalışan işçilər təmiz paltar və əlcəklərdən istifadə etməlidirlər;
- hər bir istixana üçün ayrıca iş geyimlərindən istifadə edilməlidir;
- hər gün təmiz paltar geyinilməli, əllər sabunlu su ilə yuyulmalı, bütün istixana girişlərində dezinfeksiya məhlullarına hopdurulmuş ayaqaltılar qoyulmalıdır;
- virusun yayılmasını minimuma endirmək üçün birdəfəlik geyim və ayaqqabı örtüklərindən istifadə edilməlidir;
- avadanlıq və alətlər təmizlənməli və dezinfeksiya edilməlidir;
- çiləyicilər və əl alətləri (məsələn, budama bıçaqları) kimi bütün avadanlıqlar mütəmadi olaraq təmizlənməli və dezinfeksiya edilməlidir;
- budama zamanı istifadə olunan alətlər hər sırada ayrı-ayrılıqda dezinfeksiya edilməlidir;
- məhsulun qablaşdırılmasına xüsusi nəzarət edilməli, xəstəliyin əlamətləri olan məhsullar çeşidlənərək kənarlaşdırılmalıdır;
- işçilər istehsal sahəsindən qablaşdırma sahəsinə və ya əksinə keçməməli, istehsal sahəsində çalışan işçilər xəstəliyin əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirilməlidirlər.
Qeyd edək ki, AQTA bir müddət öncə pepino mozaik virusunun (PepMV) yayılma yollarını açıqlamışdı.
Məlumatda qeyd olunub ki, pepino mozaik virusu badımcançiçəklilər fəsiləsinə aid olan bitkiləri sirayətləndirir. Daha çox pomidorda rast gəlinməsi və simptomların kəskin nəzərə çarpması ilə əlaqədar hazırda virusun əsas sahib bitkisi pomidor hesab edilir. Lakin badımcan və adi reyhan bitkilərində də virusun əlamətləri müşahidə edilir. Bununla yanaşı, son illərdə, xüsusən, Avropada virusun yayılma arealı genişləndikcə sahib bitkilərin də sayı artır. Bibər, sarımsaq və lobya bitkiləri mexaniki sirayətlənsə də onlar virusun əsas sirayətlənən bitkisi hesab edilmir. Badımcançiçəklilər, Pəncərçiçəklilər, Göyzəbankimilər, Tərəçiçəklilər, Sarmaşıqkimilər, Mürəkkəbçiçəklilər, Əməköməcikimilər, Bağayarpağıkimilər və Taxıllar fəsiləsinə mənsub olan bir sıra alaq otları da pepino mozaik virusunun sahib bitkiləri siyahısındadır.
Hazırda qonşu ölkələr də daxil olmaqla, dünyanın bir çox ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik olan pepino mozaika virusu və pomidor məhsulunun qonur qırışıqlıq virusu yayılıb.
Eləcə də oxuyun:
AQTA rəsmisi: “Əgər təsərrüfat yoluxubsa, artıq onu sağlamlaşdırmaq çox çətindir
Azərbaycana gətirilən məhsulu civəyə görə satışa buraxmadılar
Yağlardan təkrar istifadənin orqanizmə təsiri - ZƏRƏRLƏR
AQTA pepino mozaik virusunun yayılma yollarını açıqlayıb
Xəbər lenti
0