Sevgi nəğməsi ifa edən baba - Ona baxanda sanki həyat görür
20:34 12.08.2021 (Yenilənib: 00:00 17.11.2021)
© AR Ministry of Labour and Social Protection of the PopulationQocalar evində
© AR Ministry of Labour and Social Protection of the Population
Abunə olmaq
Hər səfərimizdə bir də qarşımıza çıxan piano var. Klavişləri daim qapalı olan alət. Görəsən, o niyə susub, dinmir düşünərək "Qocalar evi"ndən çıxmışıq.
BAKI, 12 avqust — Sputnik. "Qocalar Evi" kimi tanıdığımız, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə Sputnik Azərbaycan-ın əməkdaşları dəfələrlə baş çəkiblər. Hər dəfə müxtəlif simalar, müxtəlif amansız həyat hekayələri olan insanlarla tanış olublar.
Uzaqdan bir yeni ayaq səsi eşidəndə, bir kölgəni gördükdə "əzizimdir, deyəsən, gələn" deyib içində bir ümid çırağı yananlarla, gözü yollarda, qulağı səsdə qalanlarla, bir kiçik nəvazişə, doğma nəfəsə möhtac qalanlarla doludur bu məkan.
Hər səfərimizdə bir də qarşımıza çıxan piano var. Klavişləri daim qapalı olan alət. Görəsən, o niyə susub, dinmir düşünərək "Qocalar evi"ndən çıxmışıq.
Bu günlərdə öyrəndik ki, o pianonu da artıq dilləndirən var. Sputnik Azərbaycan bu dəfə 72 yaşlı İsmayıl Əlizadənin həyat hekayəsini diqqətinizə çatdırır.
İsmayıl Əlizadə artıq iki ildir ki, bu müəssisənin sakinidir. Bakı şəhərində, ziyalı ailəsində doğulan İsmayıl Əlizadənin ata-anası müəllim olub. Beli bükülən pianoçu cavan yaşlarında başına gələn bədbəxt hadisənin qurbanı olub. Asəf Zeynallı adına musiqi məktəbinə daxil olsa da, həmin hadisədən sonra onurğasında problem yaranıb, beləcə təhsilini başa vura bilməyib, həyatla, piano ilə bağlı arzuları ürəyində qalıb. Bu səbəbdən ailə də qurmayıb.
Ata-anası dünyasını dəyişəndən sonra uzun illər, 2019-cu ilədək valideynlərinin vəsiyyəti ilə xalası oğlunun himayəsində qalıb. Lakin illər öz sözünü deyir, yaşlı adama baxmaq daha çətin olduğundan, həm də xalası oğlu özü də yaşlandığından o, İsmayıl babanı bir müddətdən sonra Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirib. Ancaq atmayıb, tez-tez gəlib ona baş çəkir.
Müəssisədən deyirlər ki, İsmayıl Əlizadə gününün böyük bir hissəsini mütaliə və piano arxasında keçirir, ruhunu qidalandırır.
"İsmayıl Əlizadə çox savadlı, mütaliəli bir insandır. Piano isə onun üçün bir başqa dünyadır. Demək olar ki, musiqi aləmi ilə bağlı, xüsusən də ötən əsrin 80-90-cı illəri ilə bağlı hər şeyi bilir", - deyə müəssisənin əməkdaşları bildirirlər.
Müəssisə rəhbəri Samirə Mehdiyevanın sözlərinə görə, o, "qocalar evi"nə gələndə heç gəzə bilmirmiş.
"Bura təyinat alandan sonra onu çölə çıxardıb gəzdirmişik. Özü də gəzmək istəyir. Ancaq uzaq məsafə olduqda əlil arabası ilə gedir. Onun yaxşı musiqiçi olduğunu biləndə maraqlarının inkişaf etdirilməsi, gününü daha gözəl keçirməsi, öz sevimli məşğuliyyətindən uzaq düşməməsi üçün pianonu ikinci mərtəbəyə qaldırdıq. Çünki əvvəl elə bilirdim ki, o heç gəzmir. İsmayıl dayı pianonu görəndə elə bilir ki, həyat görür, hər şeyi unudur. Onun həyat eşqi musiqidə, pianonun dillərindədir", - deyə Mehdiyeva vurğulayır.
Samirə xanım deyir ki, İsmayıl dayı əsəbi adam olsa da, həyatdan heç nəyə görə küskünlüyü yoxdur.
"Ümumiyyətlə, çalışırıq ki, hər bir yaşlı insanın hansı marağı varsa, onu üzə çıxaraq və həmin şəxsin maraqlarının inkişaf etdirilməsi üçün şərait yaradaq. Onlarla sosial iş aparırıq ki, cəmiyyətə adaptasiya oluna bilsinlər.
Fəaliyyətinin bir ilini yenicə tamamlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 7-dən 77-yə, hətta deyərdim, bütün yaş kateqoriyalarında əhaliyə xidmət göstərir. Agentliyin bütün ölkəni əhatə edən 29 filialı ilə yanaşı, 13 müəssisəsi ilə səyyar və stasionar xidmətlər göstərilir və bu xidmətlər minlərlə şəxsi əhatə edir. Bu işlərin nəticəsində də bu cür insanların maraqları aşkarlanır, onların sosial həyatı ilə maraqlanıb belə müsbət nəticələr əldə edirik. Onlarla iş aparırıq ki, həyatlarının son baharlarını daha maraqlı keçirsinlər", - deyə müəssisə rəhbəri bildirir.
İsmayıl dayı bu gün bütün hisslərini, düşüncələrini piano ilə ifadə edir. Ümid edək ki, bu qədər acı talelərin olduğu bir məkanda sevginin dili olan bu piano hələ uzun illər susmayacaq.
Eləcə də oxuyun:
"Qocalar evi"nin sakini: "Ən böyük səhvim pul qazanmağım idi"
111 yaşlı kişi uzunömürlülük üçün gözlənilməz vasitənin adını açıqlayıb
Qocalar evi - Çarəsizliyin, ümidsizliyin məkanı