19:25 17 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
CƏMİYYƏT
Qısa URL
67320

"Gündə 10 min manat qazanırdım. Kaş sadəcə maaşa baxan adam olaydım ki, uşaqlar da nəzarətsiz qalmayaydılar. Nəzarətsizlik övladlarımın bədbəxtliyinə səbəb oldu. Anaları ancaq özünə bəzək verdi, kilolarla qızıl alıb taxdı, bu da nəticə" - Mirhəsən Dadaşov

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 26 mart — Sputnik. Bəzən aşırı dərəcədə var-dövlət, bir də ondan düzgün istifadə bacarığının olmaması insan həyatını alt-üst edir. Bəlkə də bir tikə çörəklə keçinsəydi, övladları üçün milyonlar qazanmasaydı, onun da yolu buradan, qocalar evindən düşməzdi.

Sputnik Azərbaycan-ın həmsöhbəti 69 yaşlı Mirhəsən Dadaşovdur. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin "Qocalar evi" kimi tanınan Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinin 200 sakinindən biridir. Ağayana görkəmi olan Mirhəsən dayıya burada elə Ağa dayı kimi müraciət edirlər. Demək olar ki, hamının hörmətini qazanıb.

Artıq iki ildir, burada məskunlaşan Mirhəsən dayı buraxdığı səhvlərin ucbatından qocalar evinə düşdüyünü deyir: "2005-ci ildə boşandım, bir evdə yaşamaq mümkün olmadı. Onlara mane olmamaq üçün evi ailəmə bağışlayıb oranı tərk etdim. İstəmədim ki, boşanandan sonra söz-söhbət olsun. Bilirsiniz, bəzən hər şeyi açıb demək olmur, necə deyim ki, mən buna görə boşanmışam. Bir vəlvələdən, bir zəlzələdən baş verdi də..."

© Sputnik / Nigar Iskanderova
Mirhəsən Dadaşov

Susur, gözləri isə durmadan yaş axıdır. Hiss edirəm ki, nəyisə deməyə tərəddüd edir. Dilə gəlir, deyir ki, ən böyük acını ona övladları yaşadıblar. "Həqiqətən də, həyatda övlad acısından daha dəhşətli nə ola bilər ki?" - deyə bir də özünü sorğu-sual edir. Söhbətə isə lap başdan, elə o xoşbəxt günlərindən başlayır: "Lənkəranda beş kişi vardısa, biri də mən idim. İmkanım yaxşı idi, ev-eşiyim vardı. Nə oldusa, qudurğanlıqdan oldu. Çox qudurdu, aldığım üzükləri belə bəyənmədi. Təsəvvür edin, bir evdə dörd soyuducu... nə qədər evim vardı. Qardaşı da ona deyirdi ki, sən süd gölündə üzürsən. Vaxtı ilə hamısına kömək olmuşam, yerbəyer eləmişəm, evləndirmişəm. Qardaşı, bacısı, bacısı qızlarının toyları üçün Moskvadan mebellər alıb gətirmişəm. Amma nə olsun, sonunda bəxt-tale məni gətirib buraya saldı".

Övlad acısı dedikdə, təxminimiz doğru çıxdı. İki oğlu amansız, çarəsiz bir yola düşmüş, narkotikə düçar olubmuş: "Mən ticarətlə məşğul olurdum, Moskvaya gedirdim deyə, övladlarımı nəzarətsiz qoymalı oldum. Ana da onlara fikir vermədi. Pulumuz, var-dövlətimiz olduğu üçün uşaqlarımın başını aldatdılar, onları pis yola çəkdilər. İki oğlum narkomaniyaya qurşandı. Ah-vay elədim, dedim ki, ay qadın, mən sənin üçün, uşaqlarım üçün gedib çörəkpulu qazandım, bəs sən niyə belə elədin?! Ondan sonra artıq həyatımız düz gəlmədi, hər gün söz-söhbət oldu".

© Sputnik / Nigar Iskanderova
Mirhəsən Dadaşov

"Kömək etmək deyirsiz?! Narkomaniyaya düçar olana?! Kaş ki bu da mümkün olaydı, amma narkomana kömək etmək mümkünsüz bir şeydir... İndi ikisi də həbsxanadadır. 25-30 yaşlarından bu yola düşüblər, nə bilim, bunadək bəlkə, 7-8 dəfə həbsxanaya girib-çıxıblar. Dərdim böyükdür, deməklə azalmır da... Yuxudan duranda, düşünüəndə ki, iki oğlum həbsxanadadır, dəli oluram. İki övladımın taleyinin bu cür olması, həbsxanada qalmaları mənim üəryimi partladır", - deyə o əlavə edir.

Dayı deyir ki, o iki övladı onun bütün var-dövlətini yeyib-taladılar: "Pul var idi deyə "dost-tanışlar" da çoxaldı, evdə heç nə qalmadı, hamısını satdılar, yedilər, vurdular, dağıtdılar. "Dost"ları, tanışlar deyirdilər ki, elə pulları var, tutduraq bunları. Pulun pul vaxtında oğlanlarım üçün bu yola düşdüklərinə görə bir dəfə 2 milyon, bir dəfə də 1 milyon manat xərclədim. Narkomanla bir evdə yaşamaq mümkün deyil, ona görə də evi tərk etməli oldum, bir neçə ay kirayədə qaldıqdan sonra buraya yerləşdirildim".

© Sputnik / Nigar Iskanderova
Mirhəsən Dadaşov

Ən böyük övladının 46, kiçiyinin 38 yaşında olduğunu deyən Mirhəsən dayı heç zaman taleyinin belə olacağını düşünməzmiş: "Həyatımın, taleyimin bu cür, övladlarımın aqibətinin belə dəhşətli olacağını heç vaxt ağlımın ucundan da keçirtməzdim. Elə hey deyirdim ki, dünya mənimdir. 50 dənə maşınım olub, satıb yenilərini almışam. Yük maşınlarım, restoranlarım, kafelərim, Rusiyada bazarım da olub. Yaşayışım, pulum, neçə yerdə ev-eşiyim vardı, övladlarım qoymadılar ki, firavan yaşayaq. Bütün var-dövlətim, xoşbəxtliyimiz dağıldı".

O deyir ki, ailəsinin dağılmasında qohum-əqrəbaların da payı var. Dörd övlad atası olan Mirhəsən dayının bir oğlu Rusiyadadır. Qızı isə ailəlidir, pandemiyayadək aradabir atasına baş çəkirdi. İndi isə tez-tez onunla telefonla söhbətləşir. Ağa dayı deyir ki, ən böyük səhvi isə elə milyonçu olmağı idi: "Ən böyük səhvim elə pul qazanmağım idi. Kaş belə imkanlı olmayaydım. Hər zaman Allaha yalvarırdım ki, mənim üçün çox pul yetir, amma milyonçu eləmə. Gündə 10 min manat qazanırdım. Kaş sadəcə maaşa baxan adam olaydım ki, uşaqlar da nəzarətsiz qalmayaydılar. Nəzarətsizlik övladlarımın bədbəxtliyinə səbəb oldu. Anaları ancaq özünə bəzək verdi, kilolarla qızıl alıb taxdı, bu da nəticə. İndi anaları ancaq quru pensiya ilə dolanır, hə, bir də Rusiyadakı digər oğlum ona pul göndərir".

© Sputnik / Nigar Iskanderova
Mirhəsən Dadaşov

Ağa dayı "qocalar evi"ndəki şəraitdən çox razıdır: "Bəzən kənardakılar burada qalanlara pis baxırlar. Amma bir gəlin, şəraitimizlə tanış olun, hər şey çox gözəldir. Qayğı, diqqət də var. Təsəvvür edin, o gün COVID-19-a görə peyvəndə getdim, gəlib bir az titrədirdim. Buranın rəhbəri Samirə xanım gecə işçilərə zəng edib ki, gedin görün, Ağa dayı necədir. Bu doğmalıq deyil, bəs nədir?!"

Burada bənzər taleli çox insanlar var. Elə əksəri də övlad acısı yaşayanlardır. Bir zamanlar gecələr başlarının üstündən çəkilmədikləri "övlad"ları tərəfindən buraya atılanlar çoxdur. Bir udum sevgiyə, isti nəfəsə möhtac qalan qonşular burada bir-birlərinə həyan olur, yad ikən doğmalaşırlar, elə qəhrəmanımız Mirhəsən dayı kimi. Özünə bir qulaq yoldaşı tapıb, tez-tez qonşusu yataq xəstəsi olan yaşlı kişiyə baş çəkir, bir yerdə dərdlərini bölüşürlər, çox zaman elə birgə də ağlayırlar.

Ağa dayı təkliyə çəkiləndə ötən illəri, xoşbəxt, birgə ailə kimi yaşadıqları günləri xatırlayıb ağlayır. Amma təəssüf ki, onun üçün xoşbəxtlik pul kimi gəldi-gedər oldu...

Əsas mövzular