CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda COVID-ə yoluxma niyə dördrəqəmli həddə yaxınlaşır?

© Sputnik / Murad OrujovTəcili yardım briqadası
Təcili yardım briqadası - Sputnik Azərbaycan, 1920, 05.08.2021
Abunə olmaq
Milli Məclisin deputatı qeyd edir ki, yay fəslində virusa yoluxma sayının artması payızda daha çıxılmaz vəziyyətə gətirib çıxarda bilər. İnfeksionist isə peyvənddən sonra insanlarda arxayınlaşma yarandığını deyir.
BAKI, 5 avqust — Sputnik. Koronavirusa yoluxma sayının son günlər kəskin artması əhali arasında karantin qaydalarının sərtləşdiriləcəyi ilə bağlı narahatlıq yaradıb. Sputnik Azərbaycan yoluxma sayında artımın səbəblərini araşdırıb.
Öncə qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma sayı dördrəqəmli həddə - 1000-ə yaxınlaşıb. Avqustun 4-nə olan statistikaya görə, ölkədə sutka ərzində 996 nəfərdə yeni tip koronavirus təsbit edilib. Mütəxəssislər koronavirusa yoluxma sayında artımın səbəbini əsasən "Delta" ştammının sürətlə yayılması ilə əlaqələndirirlər.

Günahkar təkcə ştamm deyil

İnfeksionist Fərrux Sədirov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə COVID-19-a yoluxmada artım yeni ştamla əlaqəlidir: "Biz əvvəldən demişdik ki, koronavirusun yeni ştammı daha sürətli yayılır. Bu, "Delta" ştammının əsas xüsusiyyətlərindəndir. Ona görə də əhalinin sürətlə vaksinasiyası tövsiyyə olunurdu".
F.Sədirov vurğulayır ki, "Delta" ştammının sürətlə yayılması səbəbindən qorunma tədbirlərinə əməl edilməlidir. İnfeksionistin sözlərinə görə, təmas qaydalarına əməl edilmədiyi müddətdə yoluxmada artım dinamikası müşahidə olunacaq:
"Koronavirusdan qorunmaq üçün təkcə vaksinasiya yetərli deyil. Peyvənd insanları virusa yoluxmadan 70 faiz qoruyur. Ona görə də biz sosial məsafəni gözləməli, əl gigiyenasına əməl etməli, mütləq şəkildə qapalı məkanlarda tibbi maskadan istifadə etməliyik. Əgər peyvəndlənmə sayı ilə bərabər, bu qaydalara əməl edilməsə, yoluxma sayının azalmasına nail olmaq mümkün olmayacaq".
İnfeksionistin fikrincə, yoluxma sayının artmasında müəyyən qədər toyların da təsiri ola bilər: "Amma toy olmasın, istənilən şənlik, tədbir olsa belə, yaxud da ictimai nəqliyyatda qorunmalar olmasa, virusa yoluxma olacaq. İnsanlarda vaksinasiyadan sonra müəyyən qədər arxayınlıq yaranıb. Çox təəssüf ki, nəzarət tədbirlərinə baxmayaraq qaydalara bəzi hallarda əməl edilmir. Bu da yoluxma sayına təsir edən amillərdəndir".
F.Sədirov vaksinasiyanın yeni ştamma təsirindən də danışıb. O deyir ki, yeni ştamma qarşı peyvəndin təsiri 60 faizdən yuxarıdır: "Dünyada heç bir COVID-19-a qarşı peyvənd yoluxmadan qorumur. Vaksinasiya olunanlarda belə, yoluxma halları qeydə alınır. Amma vaksin olunanlar arasında reanimasiyaya düşənlər yoxdur. Peyvənd ağırlaşma və ölüm riskindən insanları qoruyur".

Payızda çıxılmaz vəziyyət yarana bilər

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva da Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, koronavirusa yoluxma sayında artımın əsas səbəblərindən biri karantin qaydalarının pozulmasıdır: "Son günlər koronavirusa yoluxmada rəqəmlər artır. Artıq biz dördrəqəmli həddə yaxınlaşırıq. Sağalanların sayı da yoluxanların sayından aşağıdır. Bunun əsas səbəblərindən biri karantin qaydalarının yumşaldılmasından sonra kütləvi toplaşmalar, karantin qaydalarının pozulmasıdır. Operativ Qərargahın qaydaları bizim həyat tərzimizə çevrilməlidir. Nə qədər yumşalmalar olsa da biz həyat tərzimizə davam etməliyik".
Deputat bildirir ki, eyni zamanda vaksinasiya daha da sürətlə aparılmalıdır. Onun sözlərinə görə, yeni ştamların yayılması da virusa yoluxma sayını artırır: "Vaksinlər belə, yeni ştamlara qarşı davamlı deyil. Amma biz yeni növ koronavirusdan ölüm hallarının qarşısını almaq üçün peyvəndlənməliyik. Bəzən vaksindən kənarda qalanlar olur. Bunların təsiridir ki, biz yoluxma sayının artması ilə üzləşirik. KİV vasitəsi ilə görürük ki, toylarda qaydalara əməl edilmir. Hələ də toyda iştirak etməyə COVID pasportu olmayanlar gəlirlər. Bu da artmaya gətirib çıxardır. İnsanlar bəzən unudurlar ki, toyların keçirilməsinə müəyyən şərtlər daxilində icazə verilib".
K.Əliyeva deyir ki, yay fəslində virusa yoluxma sayının artması payızda daha çıxılmaz vəziyyətə gətirib çıxarda bilər: "Əgər yay fəslində yeni növ koronavirusa yoluxma dördrəqəmli həddə yaxınlaşıbsa, payızda respirator xəstəliklərin baş qaldırması, insanların immun sisteminin zəifləməsi ilə bağlı vəziyyət daha da pisləşə bilər. Biz yeni tədris ilinə ənənəvi qayda ilə başlamaq üçün qaydalara əməl etməliyik ki, yoluxma sayı kəskin artmasın".
Azərbaycan Həkimlər Birliyinin üzvü Ədalət Rüstəm isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yeni növ koronavirusa yoluxmada rəqəmlərin hazırki şəraitdə belə kəskin artması inandırıcı görünmür: “Hazırda koronavirusa yoluxmanın 1000-ə yaxınlaşdığı bildirilir. Mənim fikrimcə, bu rəqəmlər reallığı əks etdirmir. Rəqəmlərlə manipulyasiya etdikləri açıq-aşkar görünür. Necə olurdu ki, ölkəmizdə "Formula-1", AVRO-2020 oyunları keçirildikdə yoluxma aşağı həddə oldu? Halbuki, kütləvi tədbirlərin təşkili koronavirusa yoluxma sayını artırmalı idi".

"Dalğa" qapımızı döyür?

Qeyd edək ki, Gürcüstanda artıq koronavirusa yoluxma sayında artımın "Delta"ştammı ilə bağlı olması öz təsdiqini tapıb. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktor müavini Paata İmnadze deyib ki, Gürcüstanda yeni növ koronavirusa (COVID-19) yoluxma hallarının 80%-dən çoxu "Delta" ştammıdır. Onun sözlərinə görə, ölkədə "Delta" ştammına yoluxma üzrə Tbilisi və Batumi şəhərləri liderdir. Məlumat üçün bildirək ki, Gürcüstanda yeni növ koronavirusun dördüncü dalğası pik həddə çatıb. Epidemioloji vəziyyətin kəskinləşməsinin 2-3 həftə davam edəcəyi proqnozlaşdırılır.

Pandemiya ilə mübarizə

Məlumat üçün onu da bildirək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayında Çinin Uhan şəhərində yayılıb. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yayılan virusu pandemiya elan edərək dünyanı bu virusla mübarizəyə səsləyib.
Xatırladaq ki, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb. Son sutka ərzində koronavirus infeksiyasından 5 nəfər ölüb. Dünənə olan məlumata görə, ölkədə ümumilikdə 346 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 694 nəfər müalicə olunaraq sağalıb, 5039 nəfər vəfat edib, aktiv xəstə sayı 8145 nəfərdir.
Azərbaycanda koronavirusa yoluxma sayı ilə yanaşı, koronavirus əleyhnə peyvənd olunanların sayı da artıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 934, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 087 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 187 428, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 013 620, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 173 808 təşkil edir.
Məlumat üçün bildirək ki, iyulun 15-də Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumata görə, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub. Nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.
Qeyd edək ki, Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlanılıb. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Fevralın 28-də ölkədə COVID-19-un ilk müsbət halı təsdiqlənib. İrandan gələn Rusiya vətəndaşında COVID-19 virusunun müəyyən edilməsindən sonra Azərbaycan İranla sərhədləri iki həftə müddətinə bağlayıb.
Eləcə də oxuyun:
Son sutka ərzində ölkədə 996 nəfər COVID-19-a yoluxub, 5 nəfər vəfat edib
Dünyanın nəhəng ölkələrindən biri COVID-19 pasportu tətbiq etməyəcək
Koronavirusun ölümcül təhlükəli nəticəsi açıqlanıb
Həkimlərin qanunsuz əməlləri ifşa edilib
Azərbaycanda "Əks-göstəriş sertifikat"ı veriləcək
Xəbər lenti
0