Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Həkimlərin qanunsuz əməlləri ifşa edilib

Abunə olmaq
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən  digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Hüquq-mühafizə orqanları saxtakar həkimləri ifşa ediblər.
Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlunun qanunsuz əməlləri barədə Sabirabad rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, ibtidai istintaqla Fazil Əliyevin koronavirus infeksiyasına (COVİD-19) yoluxmuş şəxslərin qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunmaları üçün ayrı-ayrı xəstələrdən ümumilikdə 1000 ABŞ dolları və 1800 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış kifayət qədər sübut əsasında Fazil Əliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı ərazisindəki həkimlər isə vətəndaşlara saxta COVID-19 pasportu verdiklərinə görə qanun qarşısında cavab verəcəklər.
Baş Prokurorluq və DİN-in yaydıqları birgə məlumata görə, aparılan yoxlamalar nəticəsində paytaxt ərazisində yerləşən bir neçə tibb müəssisəsində pul müqabilində bəzi vətəndaşlara dair məlumatların vaksinasiya prosesindən keçmədən “e-TƏBİB” elektron qeydiyyat sisteminə yerləşdirilməsi və bununla da həmin şəxslərin guya vaksin olunmaları ilə bağlı saxta COVID-19 pasportu ilə təmin edilmələri məlum olub.
Əməliyyat zamanı müəyyən olunub ki, Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.
Digər saxtakarlıq isə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Kürdəxanı Sağlamlıq Mərkəzində də aşkar edilib. Müəyyən olunub ki, həmin mərkəzin həkimi Ayaz Kərimov qeyd edilən müəssisədə tibb bacısı işləyən Kəmalə Əliyeva ilə birlikdə pul müqabilində ayrı-ayrı vətəndaşlar barədə guya onların vaksin olunmalarını özundə əks etdirən saxta məlumatları “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil ediblər. Bununla da Ayaz Kərimov və Kəmalə Əliyeva tərəfindən pul aldıqları vətəndaşlara peyvənd olunmadan onlara vaksin vurulduğu barədə saxta sənəd təqdim olunub.
Qeyd edilən faktlarla bağlı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsində istintaq araşdırmaları aparılır. İş üzrə əhəmiyyət kəsb edən halların, göstərilən qanun pozuntularında hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Saxta sənədlər verənlərin sayı çoxdur

Xatırladaq ki, bir müddət öncə də analoji hal baş vermişdi. Belə ki, aparılan ibtidai istintaqla "ƏSR" MMC-nin direktoru Əsgər Bayramovun "ARKAN TOUR" MMC-nin direktoru Tünzalə Əliyeva və istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq tanışı Seymur Mürsəlovun xahişi ilə 101 nəfər şəxsin COVID-19 testinin nəticələri saxtalaşdırıb.
Belə ki, şəxslərin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə həmin şəxslərin tibbi müayinədən keçmədən COVID-19 testinin nəticələrinə dair saxta sənədlər hazırlanıb, həmin nəticələr ümumilikdə 12 min 120 manata satılıb. Bununla da həmin şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Qeyd edilənlərə əsasən Əsgər Bayramov və Tünzalə Əliyevaya Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 320.1 (rəsmi sənədləri qanunsuz hazırlama və satma) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib, Əsgər Bayramovun barəsində məhkəmənin qərarı ilə həbs, Tünzalə Əliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak edən  digər şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, habelə COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə "961" nömrəli "Çağrı Mərkəzi", Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.
Xəbər lenti
0