CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Aşağı qiymət alan şagirdlərə fərdi yanaşma üsulu olmalıdır - Valideynlər etiraz edir

© AR Ministry of EducationMəktəbdə imtahan
Məktəbdə imtahan - Sputnik Azərbaycan, 1920, 01.08.2021
Abunə olmaq
Müəllim əgər pedaqoqdursa, şagirdi "uçurum"dan atmaq əvəzinə zəif qiymət alanla maraqlanmalı, onu təkrar motivasiya etməli və cəmiyyətə qazandırmalıdır
BAKI, 1 avqust — Sputnik. Təhsil Nazirliyinin tabeliyində olan lisey və gimnaziyalar istisna olmaqla digər lisey və gimnaziyalarda şagird hansısa bir fəndən 3 qiyməti alarsa, məktəbdən xaric olunur. Valideynlər isə belə halın baş verməsinə etiraz edirlər. Onlar bildirir ki, bu cür yanaşma şagirdlərdə ciddi travma yaradır, özünə inamı öldürür. Onlar bu fikri əsaslandıraraq deyirlər ki, müəllim əgər pedaqoqdursa, şagirdi "uçurum"dan atmaq əvəzinə zəif qiymət alanla  maraqlanmalı, onu təkrar motivasiya etməli və cəmiyyətə qazandırmalıdır. Təhsil Nazirliyi belə hallara ciddi nəzarət etməlidir.

Əslində necə olmalıdır?

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, xüsusən də yuxarı sinif şagirdləri bu cür hallarla qarşılaşırlar. İ.Orucov deyir ki, lisey və gimnaziyalarda proqramlar adi ümumtəhsil məktəblərindən tədris olunan proqramlardan fərqli, mürəkkəbdir: "Əslində valideynlərin də narahatlığı başa düşüləndir. Bizə də dəfələrlə bu cür şikayətlər daxil olub. Onlar bu münasibətdən övladlarının travma aldığını vurğulayırlar. Təhsildə travma olmamalıdır, çünki təhsilin əsas hədəflərindən biri savadlı vətəndaş yetişdirməkdirsə, digəri sağlam vətəndaş yetişdirməkdir".
Ekspert deyir ki, şagird proqramı mənimsəyə bilmirsə, burada şagirdi cəzalandırmaqdan söhbət getməməlidir. Sadəcə olaraq belə olan halda şagirdlər adi ümumtəhsil müəssisələrinə transfer edilirlər: "Yəni, belə bir addım atılmasında məqsəd şagirdləri gərginlik altında saxlamaq, onları cəzalandırmaq deyil. Məsələyə digər rakursdan baxaq. Biz şagirdin zəif oxuduğu üçün məktəbdən kənarlaşdırılmasını travma kimi qiymətləndiririksə, o zaman onun məktəbdə oxuyaraq sinif yoldaşlarından geridə qalmasını da travma olaraq dəyərləndirməliyik".

Hansı üsullardan yararlanmaq olar?

Ekspert deyir ki, bunun üçün  müəllimlər fərqli yanaşmalar ortaya qoymalıdırlar: "Finlandiyada cəmiyyətin, ailənin təhsilə baxışı fərqlidir. Bütün bunları götürüb Azərbaycanda tətbiq etsək, bu da effekt verməyəcək. Çünki cəmiyyətin özündə təhsilə baxışda fərqli münasibətlər var. Məsuliyyətli və məsuliyyətsiz valideynlər var. Valideynlər var ki, övladını məktəbə göndərir və bütün yükü elə məktəbin üzərinə atır. Finlandiya ilə müqayisə apardıq. Bilirsiniz ki, Finlandiya məktəblərində ev tapşırığı da yoxdur. Bir sözlə, bütünlükdə biliyin mənimsənilməsi prosesi məktəbdə baş verir".
İ.Orucov bildirir ki, bu səbəbdən Azərbaycandakı mənzərəyə baxdıqda, nisbətən zəif uşaqların həmin məktəblərdən uzaqlaşmasında müəllimlərə haqq qazandırmaq olmaz: "Müəllim yalnız dərs keçməklə kifayətlənməməlidir. Müəllimlər hər bir şagirdə görə fərdi yanaşmanı ortaya qoymalıdır. Bu çox vacib amildir. Hesab edirəm ki, müəllimlərin işə qəbuluna tələblər gücləndikcə, məktəb idarəçilik sistemi yenilləndikcə müəllimlər şagirdin bacarığını üzə çıxarmaq üçün bütün səylərini səfərbər edə bilmirlər".
Ekspert bu problemə kompleks yanaşmanın vacib olduğunu deyir. O bildirir ki, bunun üçün ilk növbədə şagird-məktəb-validyen kommunikasiyası düzgün qurulmalıdır. 
Millət vəkili Musa Qasımlı deyir ki, təhsildə ciddi tələbkarlıq, nizam-intizamla yanaşı eyni zamanda şagirdlərə böyük qayğı olmalıdır. O bildirir ki, müəllimlərin sərt tələbkarlığı şagirdlərlə aralarında uçurumun yaranmasına gətirib çıxarmamalıdır: "Bütün şagirdlərə bəzən hansısa üsul olmadan eyni yanaşma da mənfi nəticələrə gətirib çıxarır. Şagirdlə davranmaqda müəllimlər diqqətli olmalı, ən azı böyük kəşflər edən dahilərin həyatına nəzər yetirməlidirlər".
M.Qasımov vurğulayır ki, şagirdlərin hamısı bütün imtahanlardan “4” və ya “5” qiymətlər ala bilməzlər. Onlar müxtəlif qiymətlər, o cümlədən “3” də  ala bilərlər: "Bəs onda “3” nə üçün qiymətləndirmə sırasında var? Harada yazılıb ki, bir fənndən “3” qiymət alan şagird məktəbdən çıxarılmalıdır? Müəllimlər gələcəyimiz olan həmin şagirdlərə fərdi yanaşmalı, xəbərdarlıq etməli, şans verməli və həvəsləndirməlidirlər".
"Belə qərarları qəbul edərkən, şagirdin taleyini düşünməlidirlər. Axı, bir liseyi bitirən şagirdlərin heç də hamısı universitetlərə qəbul zamanı eyni ixtisası seçmirlər. Təbii ki, liseylər arasında rəqabətin olduğunu da unutmaq olmaz. Onların hər biri şagirdlərinin səviyyəsinin yüksək olmasını istəyir. Valideynlər övladlarının təhsilinə xüsusi diqqət verməlidirlər”, - deyə millət vəkili əlavə edib.
Həmçinin oxuyun:
Azərbaycanda məktəbli krediti mümkündürmü - Millət vəkillərinin mövqeyi
Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri
Xəbər lenti
0