04:35 28 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR1.9932
  • RUB0.0234
CƏMİYYƏT
Qısa URL
4610

Azərbaycanda da valideynlər övladlarını normal təhsillə təmin etmək istəyirlər. Valideynlərin bir qismi övladlarının yüksək təhsil verən özəl liseylərdə təhsil almasında maraqlıdır.

BAKI, 24 iyul — Sputnik. Bu gün bəzi ölkələrdə uşaq hüquqlarının təminatı, xüsusən də onların təhsil hüquqlarının təminatı üçün ailələrə xüsusi kreditlər ayrılır. 6-17 yaşlı övladları olan ailələrə illik olaraq maddi durumlarına görə 3000-3600 dollar kredit ayrılır. Aylıq olaraq isə ailələr 250-300 dollar məbləğində hər uşağa görə təyin olunan bu kreditdən yararlana bilirlər. 

Məsələn, ABŞ-da qısa müddət ərzində maddi durumu zəif olan 36 milyon ailə artıq bu kreditlərdən yararlanır. 

Ailələr iyul-dekabr aylarında kreditin tam yarısını əldə edirlər. Kreditin digər hissəsini isə tədris ilinin ikinci yarısında alacaqlar. 

Azərbaycanda da valideynlər övladlarını normal təhsillə təmin etmək istəyirlər. Təhsil, təhsilə maraq və gələcəyin təməli orta məktəbdən başladığı üçün valideynlərin bir qismi övladlarının yüksək təhsil verən özəl liseylərdə təhsil almasında maraqlıdır. Lakin özəl məktəblərdə təhsil haqqlarının 3500-32 min manat arasında dəyişdiyini nəzərə alsaq, bu imkanın əksəriyyət üçün əlçatan olmadığını deyə bilərik. Maraqlıdır, Azərbaycanda necə, belə bir qanun, yaxud da buna bənzər hansısa bir layihə icra oluna bilərmi?

Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışaraq mövcud problemlərə toxunub. O bildirib ki, Azərbaycanda indiki reallıqda belə bir addımın atılması mümkün deyil. Millət vəkili bunun səbəbini Azərbaycanda təhsilə olan diqqətin digər ölkələrlə müqayisədə fərqli olduğunu bildirib: "İndiki vəziyyətdə belə bir addımın atılması mümkünsüz görünür. Çünki Azərbaycanda təhsilə olan diqqət xarici ölkələrdə, eləcə də qonşu ölkələrdə təhsil səviyyəsindən aşağıdır. Elə valideynin də, təhsil strukturlarının da diqqəti bu vəziyyətdədir".

Millət vəkili deyir ki, biz uşağın hansı formada daha yetkin şəkildə yetişəcəyini proqnozlaşdıra bilmədiyimiz üçün böyük problemlər yaşayırıq. Bu səbəbdən də savadsız kütlə daha da artmağa başlayır: "Bu problem həm cəmiyyət, həm də dövlətlə bağlıdır. Biz gələcəyə orta məktəbdən yatırım etmirik, sonradan bunun əziyyətini çəkirik. Sadəcə olaraq xüsusi istedadlı şəxslər parlayaraq harasa gedə bilirlər. Lakin biz orta təhsili gücləndirsək, bu problemləri daha yüksək səviyyədə həll etmiş olarıq, eyni zamanda da gələcəkdə kadr bazasını artıra bilərik".

Millət vəkili repetitorlara xərclənən vəsaitlərdən də danışır: "Biz adi təhsilin özünə belə, pul verə bilmirik. Valideynlərin pulunun çoxu repetitora gedir. Dövlət bunu kompensasiya eləsəydi, ailə büdcəsi normal vəziyyətdə olardı".

Fazil Mustafa bildirir ki, bu gün xeyli sayda ailələr var ki, övladlarını hazırlığa qoya bilmədiyindən bu şəxslər lazımi səviyyədə bal toplaya bilmirlər: "Təhsilə pul xərcləmək lazımdır. 5 min tələbəyə təhsil haqqını ödəməklə bağlı qərar verilmişdi ki, sonradan bu iş dayandırıldı. Qəsdən bu siyahını doldurmadılar ki, təhsilə ayrılan vəsait xərclənməsin. Bunu etsəydik, xaricdə təhsil alan xüsusi istedadlılarımız daha da yaxşı təhsil alar və daha yaxşı imkanlara sahib olardılar. Amma biz bu fürsətləri buraxdıq. Ümumiyyətlə, təhsillə bağlı fürsətləri buraxdığımız üçün təhsilimizin səviyyəsi sovet dövründəkindən də acınacaqlıdır".

Millət vəkili Əli Məsimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar tərəfindən ödənişli əsaslarla təhsil alanların xüsusən də aztəminatlı hissəsini əhatə edən bir qanun layihəsi hazırlanıb. Təhsil kreditləri haqqında həmin Qanunun məqsədi keyfiyyətli təhsilin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatanlığının təmin edilməsinin səmərəli mexanizminin yaradılması, bank sisteminin təhsilin həmin probleminin həllinə cəlb edilməsi və bu əsasda təhsilə dövlət dəstəyinin gücləndirilməsidir: "Qanun layihəsində təhsil kreditlərinin xarakteri, əhatə dairəsi və təyinat istiqamətləri, onların verilməsinin əsas prinsipləri, təhsil kreditləri müqaviləsinin bağlanması və verilmə qaydaları, təhsil kreditlərinin məbləği, faiz dərəcəsi, qaytarılması qaydaları, təhsil kreditlərinə dövlət dəstəyi, qanunun həyata keçirilməsinə nəzarət və sair bu kimi vacib məsələlər öz əksini tapıb".

Ə.Məsimli bildirir ki, bu layihənin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, onun reallaşdırılmasında dövlət fəal iştirak edir: "Təhsil kreditləri haqqında qanunun qəbul edilməsi təhsilalanların ödəniş imkanı olmadığına görə təhsildən kənarda qalması hallarını aradan qaldıracaq və həm də təhsil aldıqları müddətdə sosial sıxıntıları azaldacaq. Aztəminatlı ailələr övladlarının təhsili ilə bağlı vəsait axtarmaq qayğılarından azad olacaq, eləcə də ailə büdcəsinin yükü xeyli azalacaq".

"Bu layihənin gerçəkləşməsində dövlətin də qazancı o olardı ki, aztəminatlı ailələrdən çıxan çoxsaylı ixtisaslı kadrlar hazırlansın. Aztəminatlı ailələrdən çıxan xeyli sayda istedadlı gənc fəaliyyət göstərdikcə həm hər bir dövlət üçün həyati əhəmiyyət kəsb edən orta təbəqənin dairəsinin genişlənməsinə, həm də ölkənin inkişafına, təbii ki, öz töhfəsini verəcək. Layihə nəzərdə tutulan əhatə dairəsində qəbul edilsə, onda təhsil kreditləri ilə bağlı sizin qaldırdığınız məsələyə doğru da hərəkətə yol açılar", - deyə Ə.Məsimli vurğulayıb.

Həmçinin oxuyun:

Təhsil Tələbə Krediti Fondu tələbələr üçün əlçatan olacaqmı? - Araşdırma

Ekspert Təhsil Tələbə Kredit Fondunun yaradılmasını şərh edir

Nazir Təhsil Tələbə Krediti Fondundan nə qədər tələbənin kredit alacağını açıqladı

Əsas mövzular