BAKI, 29 iyul — Sputnik. Ağcabədi rayonunda tapılmış yeni doğulmuş körpə ilə bağlı prokurorluq tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Ağcabədi rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşlarının əlaqəli fəaliyyəti nəticəsində körpənin anası - Bərdə rayon sakini müəyyən edilib, onunla profilaktik söhbətlər aparılıb, ana yeni doğulmuş uşağı ilə birlikdə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Eyni zamanda, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən ana və övladı nəzarətdə saxlanılaraq, sosial təhlükə vəziyyətinin aydınlaşdırılması, valideynlik hüquqlarının məhdudlaşdırılması üçün əsasların olub-olmamasının müəyyən edilməsi məqsədilə ananın yaşadığı yer üzrə Bərdə rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edilib.
Qeyd edək ki, bir neçə gün öncə kütləvi informasiya vasitələrində və sosial media səhifələrində 22 iyul 2021-ci il tarixdə Ağcabədi rayonu, Hindarx qəsəbəsinin ərazisində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında sellofan torbada yeni doğulmuş körpənin tapılması ilə bağlı məlumat paylaşılmışdı.
Xatırladaq ki, bu ay ərzində bir neçə belə hal aşkarlanıb. Belə ki, bundan öncə Sumqayıtda və Ucarda da yenidoğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıblar.
Həmçinin oxuyun:
Yeni doğulmuş körpəni Şəhidlər xiyabanına atdılar
Yeni doğulan körpələrinizi mütləq eşitmə testindən keçirin, sonra gec ola bilər