Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Poçt markası: nadir bir nümunəsi əntiq əşyaya bərabər tutulur

© Sputnik / Nigar IskanderovaNigar markalarla bagli yazı
Nigar markalarla bagli yazı - Sputnik Azərbaycan, 1920, 27.07.2021
Abunə olmaq
Azərbaycanda da marka həvəskarı vaxtilə çox olub. Marka-marka oynayan uşaqların bir hissəsi sonra filatelistlərin sırasına qoşuldu.

BAKI, 27 iyul — Sputnik. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olmayan tabeli qurum "Azərmarka" MMC "Azərpoçt" MMC-yə birləşdirilir. Məlumatı nazirlik yayıb.

Yeni qaydaya əsasən, Mülki Məcəllə və digər normativ hüquqi aktlara uyğun olaraq "Azərpoçt" yenidən təşkil ediləcək, yəni "Azərmarka" "Azərpoçt"un struktur bölməsi kimi fəaliyyət göstərəcək. Bu yerdəyişmədə məqsəd qurumların işinin daha səmərəli qurulması, resurslardan effektiv istifadənin gücləndirilməsidir.

Markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək

Marka deyəndə hər bir yaşlı insanın yadına ilk növbədə sovet dövründə oynadığı marka-marka oyunu yada düşür. İnternetin və hazırkı sosial şəbəkələrin hələ mövcud olmadığı, ortalıqda cəmi bir neçə televiziya kanalı və radio stansiyasının fəaliyyət göstərdiyi zamanda marka toplamaq olduqca populyar bir məşğuliyyət idi. Marka yığmaq bir tərəfdən maraqlı bir proses olduğu qədər həm də gəlirli bir sahə idi. Filatelistlər qiymətli bir marka növü üçün nə qədər desən pul ödəməyə hazır idilər.

Marka-marka oynayan uşaqlar isə həm də bu oyunda qazandıqları markanı bir növ kapital kimi toplayırdılar. Yəni markanı həm satmaq olardı, həm də nəyəsə dəyişmək. Kimsə idman markası toplayırdı, kimsə də avtomobil markası. Sənə lazımsız olanını sinif yoldaşınla asanlıqla dəyişə bilərdin. Marka qazanmaq üçün keçirilən oyunun bir qaydası vardı: üst-üstə qalaqlanan markaya yüngülcə zərbə endirməklə onu çevirmək lazım gəlirdi. Çevrildisə, deməli uddun. Məktəb rəhbərliyi uşaqların bu işinin qarşısını almaq üçün xeyli güc sərf etsə də, qarşısını tam almaq olmurdu.

Markanı alırdın, pozan-pozan oynayırdılar, pozanı götürürdün, saqqız kağızından çıxan etiketlə oynayırdılar. Bəzən bəxti gətirən uşağın cibindən 20-30 pozan tapılırdı. Amma pozan bir həvəs idi, heç vaxt markanın yerini verməzdi. Marka həm bahalı idi, həm də daha cəlbedici. O dövrdə hər poçt məntəqəsində, həmçinin müxtəlif dükanlarda marka almaq olurdu. Qiymətli markalar isə heç vaxt satışa çıxarılmazdı, onlar xüsusi adamların vasitəsilə əldə edilirdi.

Zərfi marka ilə birgə də almaq olardı, markasız da

Filateliya, yəni marka yığmaq sahəsi, yunan mənşəli sözdən yaranıb. Bir növ vergidən azad olunma mənasını verir. Əgər poçtla göndərilən məktubda marka varsa, deməli ödənişə ehtiyac yoxdur bir növ. Poçt sisteminin yaradılması, dünyanın bir başından o biri başına poçtla məktub yollamaq prosesi markanın yaranmasına bir təkan verib. Bir çox mənbə markanın məhz Böyük Britaniyada yarandığını göstərir, çünki 19-cu əsrdə dünyanın qlobal imperiyası olan Britaniyanın poçt sistemi olduqca mükəmməl idi. Məktub yollayırsansa, deməli bunun pulunu nə yollasa ödəməlisən. Məktub üzərindəki marka onun pulunun ödənilməsinə işarə idi. Zərfi marka ilə birgə də almaq olardı, markasız da. Sonra üzərinə marka yapışdırıb yollaya bilərdin.

Fransa, Almaniya, İtaliyada marka istehsalına başlanıldığından ölkələr arasında xüsusi saziş imzalanır. 1874-cü ildə Ümumdünya poçt birliyinin yaranması da markaların tətbiqinə bir təkan verir. Bu birliyin üzvü olan istənilən ölkənin markası başqa məkanda tanınırdı.

Markaların yaranması həm də onları toplamaqla məşğul olan insanların da ortaya gəlməsinə səbəb oldu. Filatelistləri daha çox nadir markalar maraqlandırırdı, böyük miqdarda buraxılan seriyaya elə də həvəs olmurdu. Hər hansı bir qüsuru olan marka mütləq məhv edilməli idi, amma bəzən hansısa nüsxə salamat qalırdı, bu halda onun qiyməti birə-yüz artırdı. 20-ci əsrin ortalarında Monqolustanda sərkərdə Çingiz xana həsr olunmuş marka buraxılır. Bu markada o, əzəmətli bir insan kimi əks edilir. Sovetlər birliyində isə Çingiz xan olduqca mənfi bir obraz sayılırdı, insanlarda qıcıq doğururdu. Nəticədə bu markanın məhv edilməsi qərarı verilir, amma bir hissə salamat qalır. Hazırda Çingiz xanın bu markası nadir nüsxələr sırasında yer alıb.

XIX-XX əsrlərdə marka toplamaq həvəsi bir çox məşhur insanda olub. Məsələn, doktor Leqran, Fridrix Engels, Albert Eynşteyn marka toplamağı sevirdilər. Həm də bəzi pul sahibləri məşhur auksionlarda marka almaqla kapitalı qorumağa çalışırdı. Nadir bir marka əntiq əşyaya bərabər tutulurdu.

Əsgər məktubu markasız da rahatlıqla yerinə çatırdı

Sovet dövründə markasız məktubları hərbi hissədən yalnız əsgər yollaya bilərdi. Həmin zərf hərbi hissənin poçt qutusunu atılırdı, həmin məktuba üçbucaq formasında olan ştamp vurulurdu. Beləliklə, əsgər məktubu markasız da rahatlıqla yerinə çatırdı, yəni onların poçt xərcini dövlət ödəyirdi. Məktubun formasından asılı olaraq üzərinə daha bahalı marka da yapışdırıla bilərdi. Sifarişli məktublar üçün əlavə ödəniş də etmək lazım gəlirdi.

SSRİ-də marka kolleksiyaçılarının sayı-hesabı bilinmirdi. Bu insanların öz toplaşdığı yerlər də olurdu, hər kəs qoltuğunda bir kitabça ilə gəzirdi. Markanı saxlamaq üçün belə kitabçalar hər tində satılırdı. Sovet poçtu da hər tarixi hadisə ilə bağlı minlərlə marka buraxırdı. O dövrdə də Lenin, Stalin və digər sovet liderlərinin əksi olan yüz minlərlə marka hazırlanıb. Bu gün həmin markalar artıq tapılmır. Məsələn, 1979-cu ilə kimi İran şahı Məhəmməd Pəhləvinin əksi olan nə qədər marka vardı. Sonralar onlar da yox oldu.

Müasir texnologiya dövründə nə məktuba ehtiyac qalıb, nə də yazışmaya

Azərbaycanda da marka həvəskarı vaxtilə çox olub. Marka-marka oynayan uşaqların bir hissəsi sonra filatelistlərin sırasına qoşuldu. İndi də evlərdə o dövrdən qalmış marka kitabı qorunub saxlanılır. Bakının bukinist dükanlarında hələ də marka satışına rast gəlmək olur. Marka yığanlar və numizmatların öz yerləri var: toplaşıb nəyisə dəyişdirməyə, satmağa çalışırlar.

Elə "Azərpoçt"a birləşdirilən "Azərmarka"nın elə əsas fəaliyyət istiqaməti Dövlət Poçt Ödəniş Nişanlarının – poçt markaları, markalı zərflər, poçt kartlarının nəşri və dövriyyəyə buraxılmasından ibarət olub. Həmçinin qurum bloklar, kiçik vərəqlər, bukletlər, poçt ştempellərinin ottiskləri və filatelistlərin kolleksiya obyektləri sayılan digər məhsullar, o cümlədən açıqcalar, müxtəlif suvenirlər hazırlayıb. Bütün bu işlər bundan sonra "Azərpoçt"un tərkibində reallaşdırılacaq.

Müstəqillik dövrünü əks etdirən xeyli marka da buraxılıb. Bu markaların hesabına dünyanın o tayında belə insanlar Azərbaycan barədə məlumat əldə edirlər. Bizim də markalar xarici ölkə filatelistlərinin kolleksiyalarında yer alır.

Amma marka istehsalına olduqca ciddi zərbə də dəyib. Müasir texnologiya dövründə nə məktuba ehtiyaca qalıb, nə də yazışmaya. Bir neçə saniyəyə hara istəsən havayı mesaj yollaya bilərsənsə, marka və zərf almağa nə ehtiyac var? Marka öz dövrünün mütərəqqi texnologiyası idi, bu gün isə elə də əhəmiyyətli deyil. İnternet zamanında marka istehsalı xeyli azalıb. Yalnız rəsmi yazışmalarda, məhkəməyə dəvət ediləndə, ya da bir sıra xüsusi hallarda adi məktub üzərinə marka yapışdırılaq ünvanına göndərilir. Bu sistemin mövcudluğu markanın hələ də mövcud olmasına bir imkan yaradır. Ən azından tam silinib ortadan çıxmayıb.

Xəbər lenti
0